23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanda İslam dininin qəbulundan sonra qədim Naxçıvan torpağı əsrlər boyu İslam aləminin böyük alimlərini yetişdirib. İstər orta əsrlərdə, istərsə də yeni və müasir tarixdə naxçıvanlı İslam alimləri dinimizin təbliği üçün böyük işlər görüblər. Bu gün Naxçıvan Muxtar Respublikasında İslam mədəniyyətinə aid çoxsaylı abidələrin olması da onu sübut edir ki, İslam dininin, ümumilikdə, Qafqazda təşəkkül tapmasında Naxçıvan qısa müddətdə mühüm mərkəzlərdən birinə çevrilib, İslamın qədim Bizans torpaqlarında yayılmasında naxçıvanlı alimlərin böyük rolu olub. 

Türkiyənin Dəyanət Vəqfinin internet resurslarında və arxiv sənədlərində İslam alimləri ilə bağlı apardığımız araşdırmalar zamanı bir neçə naxçıvanlı alim haqqında dəyərli məlumatlar əldə edə bildik. Bu məlumatların oxucular üçün də maraqlı olacağını düşünürük:
Yaqut əl-Həməvi “Mücəməl Buldan” əsərində Əbubəkr Əhməd Həccaf oğlu əl-Azəri Naxçıvani haqda yazır ki, o, mühəddis (hədis alimi) olub. Dəməşqdə təhsil alan alim buradakı ilahiyyatçılardan Peyğəmbəri­mizlə bağlı hədislər dinləmiş, daha çox hədis öyrənmək üçün səyahətə çıxmışdı. O, Dəhdah və Sari Məhəmməddən, Harran (Türkiyə) vilayətində Əbülhəsən Məhəmməd Vaqifidən, Tunisdə Əbülabbas Vəşa­oğlundan hədislər dinləmiş, araşdırmalar aparmışdı. Bundan başqa, onun hədis dinlədiyi din alimləri arasında Əbucəfər Məhəmməd və Übeydullah Məhəmməd də vardı. Sonralar o, İslam alimlərindən topladığı hədis mirasını gənc alimlərə söyləməyə başlamışdı. Abbas Hüseyn oğlu Naxçıvani, Həsən Abdullah, Saleh Şüeyb Təbrizi, Məhəmməd Kürdan, Əbülfəth Saleh Əhməd oğlu əl-Azəri, Abdullah Məhəmməd Musa oğlu əl-Azəri ondan hədis dinləmişdilər. XI əsrdə yaşadığı məlumdur.

Əbdül Kərim Ər Rafi “Ət Tədvin fi Əhbəri Qəzvin” əsərində Məhəmməd Həsən oğlu Naxçıvanidən bəhs edir. Kitabda qeyd edilir ki, o, şafii məzhəbinə mənsub mühəddis və fiqh (İslam hüququ) elmləri alimi idi. Məhəmməd Həsən oğlu Naxçıvani Əbül Həsən Dəməşqidən hədis dinləmişdi. Hicri tarixi ilə 388-də (miladi 998) Qəzvin şəhərində Rəbiə əl-İclidən dərs almışdı. X-XI əsrlərdə yaşadığı məlumdur.
İbnul Fuvatinin “Məcməül Ədəb” əsərində daha bir naxçıvanlı İslam alimi – Şeyxül-İslam Əlaəddin Əbu Abdullah Məhəmməd İsa oğlu Naxçıvani haqqında yazılıb. Tarixi qaynaqlara görə, o, XIII əsrdə yaşayıb, Azərbaycanın bir çox vilayətlərində qazı (şəriət hakimi) olaraq çalışıb. Yaşadığı dövrdə fiqh elminin böyük alimlərindən biri kimi tanınıb. İbnül Fuvati onu “Şeyxü-meşayixil-İslam” – “Bütün şeyxlərin şeyxi” kimi vəsf edib. Şeyxül-İslam Əlaəddin Abdullah Məhəmməd İsa oğlu Naxçıvani həm də böyük ədib olub və dövrünün şairləri arasında qəzəlxan kimi tanınıb. Ölüm tarixi məlum deyil.
İbn Məkulənin “Əl-İkmal” və Səmaninin “Kitabül-Ənsab” əsərlərində daha bir naxçıvanlı İslam alimi haqda söhbət açılır. Bu şəxs Əbuhatim Əbdürrəhman Əli oğlu Naxçıvanidir. O da mühəddis olub. Übeyd Əl-Məşriqi və Büceyd Məhəmməd oğlu Büceydidən hədis dinləmiş və onu başqalarına nəql eləmişdi. Xudadad Asim oğlu Naxçıvani, vaiz Əbutahir İbrahim Səlmasi də onun tələbəsi olmuş, ondan hədis öyrənmişdilər. X-XI əsrlərdə yaşayıb.
Əbdül Kərim Ər-Rafinin “Ət Tədvin fi Əhbəri Qəzvin” əsərində adıçəkilən İslam alimlərinin arasında daha bir naxçıvanlı fəqih vardır. Bu, Məhəmməd Əli oğlu Naxçıvanidir. O da mühəddis olub. Əbdül Kərim Ər-Rafi kitabda onu “Əl-Qazi” ləqəbi ilə tanıdıb. Alimin qeydində Məhəmməd Əli oğlu Naxçıvaninin döyüşçü, müctəhid olduğu məlum olur. Çox ehtimal ki, o Azərbaycan Atabəylərinin ordusunda xidmət edib. Çünki onun yaşadığı dövr Eldənizlər hakimiyyəti illərinə təsadüf edir. Əbdül Kərim Ər Rafi, eyni zamanda Məhəmməd Əli oğlu Naxçıvaninin mömin və saleh bir adam kimi tanındığını yazıb. O, miladi 1195-ci ildə Qəzvində bu şəhərin qazısı Hüseyin Bəhramoğludan hədis dərsləri alıb.
İbn-ül Fuvatinin “Məcməül Ədəb” əsərində daha bir naxçıvanlı alim haqqında danışılır. O şəxs Fəxrəddin Əhməd Qəribşah oğlu Naxçıvanidir. Dövrünün ən tanınmış təbiblərindən, həm də ədiblərindən biri olub. O, XII-XIII əsrlərdə yaşayıb.
Şeyx Muhyəddin Naxçıvani isə şafii məzhəbinə mənsub fəqih olub. İbnül-Fuvati onun əslən tuslu olduğunu, onu Arranda sultanın, ehtimal ki, Elxani hökmdarı Olcaytunun düşərgəsində gördüyünü, burada Muhyəddin Naxçıvaninin şafii fəqihlərinin rəisi Raziyəddin Hüseyni ilə görüşdüyünü qeyd edir. İbn Fuvati həmçinin Naxçıvanda daşınmaz ­əmlak və sərvət sahibi olan şeyx Muhyəddin Naxçıvaninin tanınmış şeyxlərin nəslindən olduğunu yazıb.
Əbubəkr Əhməd Naxçıvani də şafii məzhəbinə mənsub mühəddis olub. 973-cü ildə Qəzvinə gələrək burada hədis dərsləri verib. Əbu Bəkr Əhməd Naxçıvani Qasım Mühamili, Hüseyn Mühamili, Əbülhəsən Müseysidən hədis dinləmiş və nəql etmişdi. Əbdülkərim Rafii öz əsərində nəql silsiləsində Əbubəkr Naxçıvaninin hədislərindən birini qeyd edib.
Şeyx Səlahəddin Həsən Naxçıvani Azərbaycanın tanınmış təsəvvüf şeyxlərindən idi. O, 1206-cı ildə Naxçıvanda anadan olmuşdu. 1231-ci ildə moğol noyanı Cormağunun Azərbaycanı işğalı vaxtı Səlahəddin Naxçıvani moğollara əsir düşmüşdü. O, təqribən, yeddi il moğolların əlində əsir olmuş, əsirlikdən azad olduqdan sonra Bulğari nisbəsi ilə tanınmışdı. Bu illərdə təsəvvüfə meyil etmişdi. Şeyx Səlahəddin Naxçıvani təsəvvüfdə fütuvvət əhlinin yolunu mənimsəmiş və Əbun-Nəcib Sührəvərdinin də daxil olduğu bir məşayix silsiləsinə intişab etmişdi. Şeyx Səlahəddin Naxçıvani kubraviyyə təriqəti şeyxi Sədəddin Həmmuyənin müridlərindən biri olmuş və fütuvvət məşrəbini də bu yolla mənimsəmişdi. Səid Nəfisi şeyx Səlahəddin Naxçıvaninin şeyx Sədəddin Həmmuyənin‚ “Risaləyi-Qəlbül-Münqəlib” adlı əsərini ərəbcədən farscaya tərcümə etdiyini bildirib. Şeyx Səlahəddin Naxçıvani Mavəraünnəhrə getmiş və üç il Buxarada yaşamışdı. Daha sonra, təqribən, 1250-ci ildə Azərbaycana gəlmiş və 1273-cü ildən sonra 24 il Kirmanda yaşamış, 1298-ci ilin fevralından sonra isə Təbrizə gəlmişdi. Şeyx Səlahəddin Naxçıvani 1298-ci ilin 8 dekabrında Təbrizdə vəfat etmiş və Surxab qəbiristanlığında dəfn edilmişdi. Şeyx Səlahəddin Naxçıvani, yuxarıda haqqında bəhs etdiyimiz tərcümə əsəri ilə yanaşı, təsəvvüf şeirlərinin də müəllifi idi.
Şeyx Şəmsəddin Naxçıvani şafii məzhəbinə mənsub mühəddis idi. İbrahim Hübubi, Əli Harun, Əli Vani, Əbülabbas Əhməd Məqdisi, Əbdürrəhim Minşavi və Əbülhəsən Qəyyimdən hədislər dinləmişdi. Şeyx Şəmsəddin Muhəmməd Naxçıvani zahirən xoşsimalı olmaqla yanaşı, ləyaqətli, cəsur və dərin zəka sahibi insan idi. Qahirədəki Səidüs-Süəda xanəgahının şeyxi idi və burada hədis tədrisi, irşad və mənəvi tərbiyə ilə məşğul olmuşdu. Şeyx Şəmsəddin Naxçıvani 19 avqust 1337-ci ildə şeyxi olduğu xanəgahında vəfat etmiş və sufiyyə qəbiristanlığında dəfn edilmişdi.
Vəzir Fəxrəddin Əbülfəzl Muhəmməd Naxçıvani əsilzadə və vəzir ailəsində yetişmiş şəxs idi. Eldənizlərin hakimiyyəti dövründə Naxçıvanda divanül-istifada qulluq edib. Lakin o, bütün var-dövlətini, vəzifəsini və dünya işlərini buraxaraq Əhərə getmişdi. Burada sufi şeyxi Qütbəddin Əbdülqadir Əhərinin xidmətinə daxil olmuş və onun əlindən xirqə geyərək təsəvvüf yoluna qədəm qoymuşdu. İbnül-Fuvati Fəxrəddin Əbülfəzl Naxçıvanini 1261-ci ildə Əhərdə gördüyünü, onun kafirlərin əlindən qaçdığını qeyd etmişdir. İbnül-Fuvati yazırdı: “Onu daha sonra, 1272-ci ildə Marağada gördüm. Nəsirəddin Tusi onunla görüşmüş, ona ehtiramını bildirərək təqdir etmişdi”. İbnül-Fuvatinin bildirdiyinə görə, Fəxrəddin Əbülfəzl Naxçıvani həmçinin şair idi və farsca gözəl şeirlər deyirdi. Fəxrəddin Əbülfəzl Naxçıvani 1279-ci ilin noyabrında vəfat etmişdi.
İslam alimlərindən mövlana Məhəmməd Naxçıvani də təsəvvüf əhlinə mənsub idi. Təqribən, XV-XVI əsrlərdə Osmanlı dövlətində yaşamış mövlana Məhəmməd Naxçıvaninin həyatı haqqında ətraflı məlumat yoxdur. O, mənəviyyat, tərbiyə, irşad və İslam əxlaqına dair “Füsul Mərifətüt-Təlbis” və “Üsulit-Təmyiz beynət-Təsəvvüf vət-Tədlis”, “Tərifüt-Təlbis” və “Təbyidi-İblis” və “Tərcümeyi-Əxlaqi-Muhsinin” adlı əsərlərin müəllifi idi. Bunlardan ilk ikisi ərəbcə, sonuncusu isə türkcə qələmə alınmışdı. “Füsul Mərifətüt-Təlbis”in bilinən tək nüsxəsi Türkiyənin Kastamonu şəhərində, Tərifüt-Təlbisin məlum olan yeganə nüsxəsi isə Konya şəhərində saxlanılır.
Naxçıvanlı İslam alimləri təkcə İslam elmləri sahəsində fərqlənməyib, həm də qonşu xalqlarda elm sahəsinin inkişaf etməsinə də öz töhfələrini veriblər. Heç kəsə sirr deyil ki, ən böyük farsca orfoqrafiya lüğəti Əkbər şah dönəmində Camal İncu tərəfindən yazılan “Fərhəngi-Cahangiri”dir. Bundan sonra da bir sıra alimlər tərəfindən lüğətlər tərtib edilib, bu lüğətlərdə böyük şairlərin divanlarından istifadə olunub. Qətran Təbrizi yalnız iki divandan söz mənbəyi kimi istifadə edərkən, Əsəd-i Tusi “Lüğəti-Fürs-i Əsədi” adlı əsərində Səmərqənd, Mərv, Bəlx, Sistan və Xorasan şairlərinin 75 divanından mənbə olaraq faydalanıb.
2016-cı ilin 3-4 noyabr tarixlərində Türkiyə Respublikasının Əskişəhər Osmanqazi Universitetində keçirilən “Beynəlxalq lüğət simpoziumu”nda alim Fərzanə Dulabadinin elmi məruzəsində qeyd edilib ki, Əsəd-i Tusinin “Lüğəti-Fürs-i Əsədi” əsərini (bəzi mənbələrdə bu əsərin Naxçıvanda yazıldığı qeyd edilir) 1326-cı ildə yenidən tərtib edərək mükəmməl bir iş ortaya çıxaran naxçıvanlı İslam alimi olub. Tarixi mənbələrə görə, Şəmsəddin Məhəmməd Fəxrəddin oğlu Naxçıvani adı ilə tanınan bu şəxs fars dili tarixində bir ilkə imza atıb və minlərlə sözdən ibarət lüğət yaradıb. Ondan sonra “Sihahül-fürs”, “Fərhəngi-Qavas”, “Töhfətül-Əhbab”, “Fərhəngi Vəfai”, “Fərhəngi- Cahangiri”, “Fərhəngi Rəşidi”, “Fərhəngi Şüruri”, “Bürhani-Qatı” kimi bir çox fars dili lüğətləri ortaya çıxsa da, ən mükəmməl əsərin Şəmsəddin Məhəmməd Fəxrəddin oğlu Naxçıvaniyə aid olduğu dilçi alimlər tərəfindən təsdiq edilir.
Bu məlumatlardan da göründüyü kimi, naxçıvanlı alimlərin İslam dininin bölgədə daha möhkəmlənməsində böyük rolu olub. Yuxarıda adıçəkilən şəxslər yalnız kiçik bir zaman kəsiyində yaşayaraq, hədis elmində və digər elmlər sahəsində ən uca mərtəbələrə yüksəliblər. Bir sözlə, Naxçıvan alimlərinin İslam aləmindəki rolu və yeri haqqında ciddi araşdırmalara ehtiyac duyulur. Son illərdə muxtar respublikada mənəvi dəyərlərimizə böyük diqqət və qayğı ilə yanaşılması, yeni məscidlərin inşa olunması, mədrəsələrin yaradılması istiqamətində davamlı işlər görülməsi İslamla bağlı keçmişimizin daha ətraflı öyrənilməsinə əsaslı zəmin yaradır. Əminliklə demək olar ki, tədqiqatçılarımız İslam tariximizlə bağlı gələcəkdə müfəssəl əsərlər ortaya qoyaraq, Naxçıvanın İslam aləmindəki mühüm rolunu bütün dünyaya nümayiş etdirmək imkanı yaradacaqlar.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR