Noyabrın 22-də Culfa Rayon Mədəniyyət Evində rəqs kollektivlərinin ifaçılıq müsabiqəsinin seçim turuna start verilib.
Bu turda 8 rəqs kollektivi iştirak edib. Seçim turunda “Çiçəklər”, “Gülüstan”, “Buta” rəqs kollektivləri, “İncilər, qönçələr” yallı qrupu, “Əlincə”, “İgidlər” yallı kollektivi (Culfa rayonu), “Vənənd inciləri”, “Unus qönçələri” rəqs qrupları (Ordubad rayonu) öz istedadlarını göstəriblər.
Kollektivlər “Nəlbəki”, “Dəsmal”, “Ağ çiçək”, “Yaylıq”, “Uzundərə” rəqslərini, “Köçəri”, “Tənzərə” yallılarını ifa ediblər. Seçim turunda Gülüstan kənd Mədəniyyət Evinin “Çiçəklər” rəqs qrupu “Nəlbəki”, bu mədəniyyət evinin “Gülüstan” rəqs kollektivi “Dəsmal” rəqsləri ilə fərqləniblər.
Bu gün isə Şərur Rayon Mədəniyyət Sarayında Şərur, Kəngərli və Sədərək rayonlarının rəqs kollektivləri, Babək Rayon Mədəniyyət Evində isə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan rəqs və yallı kollektivləri seçim turunda iştirak edəcəklər.
Qeyd edək ki, müsabiqənin keçirilməsi üçün təşkilat komitəsi və münsiflər heyəti yaradılmış, nazirliyin əmri ilə əsasnamə təsdiq edilmişdir. Müsabiqədə muxtar respublikada fəaliyyət göstərən qeyri-peşəkar rəqs dərnəkləri, qrupları və kollektivləri iştirak edirlər. İştirakçılara yaş həddi qoyulmayıb. Seçim turunda fərqlənən kollektivlər münsiflər heyətinin qərarı ilə əsas turda iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqənin əsas turunun bu ilin dekabr ayının birinci ongünlüyündə Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulub.
Əli Rzayev