Naxçıvan Musiqi Kollecində kitabxana işinin təşkili və müasir tələblər üzrə ixtisasartırma kursunu bitirən kitabxanaçılara sertifikatlar təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, nazirlik tərəfindən mütəmadi olaraq kitabxana işi ilə bağlı maarifləndirici tədbirlər keçirilir. Kitabxanaçılara elmi-metodik köməklik göstərilir, onların peşəkarlığı artırılır. Kitabxanalarda müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi bu mədəniyyət ocaqlarına oxucu cəlbində mühüm rol oynayır. Ancaq əldə olunanlarla kifayətlənməməli, kitabxana işi müasir tələblər səviyyəsində qurulmalı, kitabxanaçılar dövrlə ayaqlaşaraq innovativ metodlara və texnologiyalardan istifadəyə üstünlük verməlidirlər.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələrin icrası təhsil və mədəniyyət müəssisələrində diqqətdə saxlanılır, kitab müzakirələri, mütaliə və nağıl günləri, səyyar kitab sərgiləri təşkil edilir. Təbii ki, bu prosesdə öz işini yaxşı bilən kitabxanaçılar mühüm rol oynayırlar. Bu günədək kitabxana işçiləri üçün 4 dəfə ongünlük kurs təşkil edilib. Həmin kurslarda 106 nəfər iştirak edib ki, onlardan da 96 kitabxanaçıya sertifikatlar təqdim edilib. Kurslarda kitabxana işinin elmi əsaslarla təşkili və idarə edilməsi, oxu zallarında oxuculara göstərilən xidmətin yüksək səviyyədə təşkil olunması, kitabişləmə, kitab fondlarının yaradılması, biblioqrafiya işlərinin təşkili, ümumiyyətlə, kitabxana işi ilə əlaqədar olan bütün mövzular tədris edilib.
Daha sonra çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli kitabxana işinin düzgün təşkilinin tədrisin keyfiyyətinə, kadr hazırlığı prosesinə əhəmiyyətli təsirindən bəhs edib.
Sonra kursu müvəffəqiyyətlə bitirən 16 kitabxanaçıya sertifikat təqdim edilib.
Məlumat üçün bildirək ki, kurs Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu tərəfindən təşkil olunmuşdu.
Nail ƏSGƏROV