23 Dekabr 2024, Bazar ertəsi

Uşaq oyunları niyə lazımdır?

Çoxəsrlik tarixə malik, zəngin xalq yaradıcılığı nümunələri içərisində uşaq ədəbiyyatı xüsusi yer tutur. Folklor nümunələri müxtəlif yaş qruplarına daxil olan uşaqların tərbiyəsi üçün dəyərli bir mənbədir. Bütün bunlara görə, Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı nümunələrinin toplanması, öyrənilməsi və nəşri məsələlərini diqqətə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir”. Bu baxımdan xalq yaradıcılığı nümunələri bütövlüklə, xalqın istək, arzu və ideallarını, həyata və dünyaya baxış müstəvisini özündə əks etdirir, xeyir və şər, gözəllik və eybəcərliklə bağlı düşüncələr burada başlıca yer təşkil edir. 

Bu yaradıcılıq nümunələrində yeni nəslin nümayəndələri, gələcəyimiz olan uşaqlar haqqında düşüncə və maraqlar diqqət mərkəzində saxlanılır. İstər nağıl, istər tapmaca, istərsə də atalar sözləri, lətifələr və başqa nümunələrdə uşaq dünyası ilə bərabər, nümunəvi uşaq tərbiyəsi barədə də fikirlər üstün yer tutur. Məhz buna görə də şifahi ədəbiyyat böyüklərdən daha çox kiçikyaşlı uşaqlar üçün mənəvi qida, tərbiyə mənbəyidir. Uşaqların xəyal dünyası və zəkasına, fikir, düşüncə və maraqlarına uyğun məqamların çoxluq təşkil etdiyi bu nümunələr onlara yeni dünya, yeni baxış və xəyal üfüqləri açır.

Tədqiqatçıların da dediyi kimi, folklor həm də uşaqların hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına təsir göstərir. Yalnız ideyalı bədii və xəlqi ədəbiyyat təmiz vicdanlı, güclü mənəviyyata malik, zamanın yükünü öz üzərinə götürə bilən insanlar tərbiyə edir. Mənbələrdə haqlı olaraq deyilir ki, xalq ədəbiyyatı nümunələrinin uşaqların tərbiyəsi üzərində olduqca mühüm bir rolu vardır. Nağıllar uşaqların tərbiyəsində sevgi, mərhəmət, vətənpərvərlik kimi duyğular oyandırır. Ananın hələ beşikdə ikən söylədiyi laylalar, oxşama və nazlamalar uşaqda özünəinam duyğusu yaradır. Tapmacalar, oyun oynayarkən söylənən sürətli dildönmələr (yanıltmaclar) uşaqların ana dilindən doğru istifadə alışqanlığı qazanmalarına təminat yaradır. Alimlər nağılların uşaq tərbiyəsindəki faydasını dəyərləndirərkən bunu xüsusilə qeyd etmişlər ki, nağıllar xalq sənətinin bənzərsiz ədəbi nümunələridir. Nağıllarda faydalı olmaq məqsədi birinci sırada durur. Hər qəhrəman bir xarakterin simvoludur. İnsanların hər əməlində bir ibrət dərsi gizlənib. Yaxşılar təriflənir, pislər tənqid olunur. Uşaqlar bu qəhrəmanlardan örnək seçərək onları qəlblərində yaşadırlar. Azərbaycanda uşaq folklorunun ən görkəmli tədqiqatçılarından olan folklorşünas alim Ramazan Qafarlı “Uşaq folklorunun janr sistemi və poetikası” adlı monoqrafiyasında yazır: “Bəzi ədəbiyyatlarda “folklorun kiçik, xırda janrları” kimi qeyd olunan laylalar, oxşamalar, dilaçmalar, öyrətmələr, sanamalar, düzgülər, yanıltmaclar, çağırışlar, müraciətlər bütün zamanlarda xalq pedaqogikasının tələblərini ödəmiş və uşaq dünyasının bütün cəhətlərini şirinliyi, duzluluğu ilə əks etdirmişdir. Xalq pedaqogikası, sözün əsl mənasında, tərbiyə məsələləri üzrə zəhmətkeş kütlələrin baxış, fikir, ideya, əməli təcrübə, qanun-qayda, adət və ənənələrinin toplusudur”.
Uşaq ədəbiyyatı nümunələrinin hər bir janrı ayrıca tərbiyə və təlim əhəmiyyətinə malikdir. Yanıltmaclarda məqsəd insanlara əcaib gələn, gerçək həyatda olması mümkün olmayan hadisə və vəziyyətləri ard-arda sıralayaraq ağıl və məntiqdən uzaq nəticələrə varmaq və heyrətamiz bir təsir yaratmaqdır. Bu səbəblə yanıltmaclar bir cür söz oyunudur. Yanıltmaclar heyrətləndirir və əyləndirir, vaxtın əyləncəli keçirilməsinə şərait yaradır. Yanıltmacların uşaqların davranışlarının inkişafına güclü təsirləri də vardır. Yanıltmaclar uşaqların zəka, bilik, duyğu və davranışlarını inkişaf etdirir. Uşaqları sosial yöndən də formalaşdırır və paylaşmağı bacaran keyfiyyətlər bəxş edir. Yanıltmaclar uşaqların ana dilindən gözəl, səlis və doğru biçimdə istifadə bacarıqlarını inkişaf etdirir, yetkinləşdirir, onlarda sevgi hissləri formalaşdırır. Uşağın söz ehtiyatını zənginləşdirmək baxımından da yanıltmac və təkərləmələrin böyük rolu vardır. Bu nümunələr uşaqların fantaziya və xəyal aləmlərinin inkişafı, zənginləşməsinə də öz töhfələrini verir. Həmçinin bəhs olunan bu uşaq folkloru nümunələri uşaqlara ictimaiyyət qarşısında çıxışetmə və nitq qabiliyyəti də aşılayır.
Tapmacalar kurikulum üzrə uşaqlara əqli inkişafa xidmət edən məsələləri öyrətməkdə faydalıdır. Bu nümunə uşaqları naməlum əşyanın əlamətlərinə görə tapmağı, hesablama aparmaq qabiliyyətinə malik olmağı, hadisə və əşyalar arasında assosiativ əlaqə və fərqlilikləri bilməyi öyrədir ki, bu da uşaqların xəyal dünyasını və əqlini inkişaf etdirməyə xidmət edir.
Bunlardan başqa, uşaq folkloru içərisində müxtəlif oyun növləri vardır ki, onlar uşaqların zəka və təfəkkürünün inkişafında əhəmiyyətli rol oynamaqla bərabər həm də əyləncə və istirahət üçün də bir vasitə kimi fiziki inkişafa faydalı təsir göstərir. “Bənövşə”, “Qəcəmədaş”, “Gizlənqaç”, “Heybə”, “Çilingağac” və başqa oyunlar uşaqların sevdikləri oyunlardandır. Bu oyunların hər biri uşaqların mənəvi dünyası və fiziki tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçılar uşaqların dost və yoldaşları ilə oynamağa başladığı zaman ictimai əlaqə və münasibətləri də öyrəndiyini və oyunlarla birlikdə üzərinə götürdüyü yükün öhdəsindən gələ bilmək üçün məsuliyyət və cavabdehlik hisslərinin artdığını bildirirlər.
Uşaqların ictimailəşməsi üçün ən gözəl dəstəklərdən biri məhz oyunlardır. Alimlər oyunların uşaqların dil və nitq inkişafına mühüm təsir etdiyini, münasibətyaratma bacarıqlarını inkişaf etdirdiyini, onların paylaşma hisslərini gücləndirdiyini, ictimai qaydaları öyrənməsini və özünüifadə etməsini təmin etdiyini bildirirlər. Habelə oyunların uşaqları psixomotor yöndən, eləcə də fiziki cəhətdən böyük və kiçik əzələlərini inkişaf etdirdiyini, onu sevindirdiyini, stres atmasına kömək etdiyini qeyd edirlər. Oyunlar uşaqların yaradıcılıq duyğularının inkişafına imkan yaradır, onlarda mənsubolma duyğularını formalaşdırır. Komandalı oyunlar qruplarda davranışı, uşaqların çevrəsini, yoldaşlarını anlama və tanıma bacarıqlarını, xəyalqurma duyğularını inkişaf etdirir. Tədqiqatçıların fikrincə, belə uşaq folklor nümunələri müasir dövrdə gənc nəsli milli ruhda böyütmək üçün zəruri vasitədir.
Bəli, müdrik və uzaqgörən ata-babalarımız uşaqların gələcəyi, sağlam, düzgün təfəkkürü, nitq inkişafı kimi mühüm məsələlərə xüsusi diqqət ayırmış, sadə, şirin mətnlərlə uşaqların hərtərəfli tərbiyəsi üçün gözəl örnəklər yaratmışlar. Bu nümunələr indi milli folklor xəzinəmizin qiymətli fondunu təşkil edir. Təqdirəlayiq haldır ki, Azərbaycan folklorşünasları da Azərbaycan uşaq folkloru nümunələrini, eləcə də uşaq oyunlarını toplayaraq çap etdiriblər. Naxçıvanda da bu istiqamətdə müəyyən işlər görülüb. Xüsusilə AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsində mərhum folklorşünas alim Rafiq Babayevin rəhbərliyi altında toplanan və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə çapa təqdim edilən “Naxçıvan uşaq folklorundan örnəklər” kitabı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR