Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən oktyabr ayında da diqqət mərkəzində saxlanılıb, mədəniyyət müəssisələrində 40-dan çox konfrans, dəyirmi masa və yığıncaq keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş oxunması zəruri olan kitablarla bağlı konfrans və müzakirələr olub, kitabxanalarda 263 yeni oxucu qeydiyyata alınıb.
Ötən ay “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinə start verilib, müsabiqənin ilk mərhələsi Ordubad rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Oktyabrın 24-də görkəmli şair-dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunub, görkəmli ədibin “İblis” faciəsi əsasında hazırlanan tamaşa ictimaiyyətə təqdim olunub. Bu dövrdə muxtar respublikadakı muzeylərin fondlarına 85 eksponat daxil olub və muzeyləri 38 min 285 tamaşaçı ziyarət edib. Ziyarətçilərin 10 min 194-ü xarici ölkə vətəndaşı olub.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə ay ərzində 12 min 393 baxış olub. Mərkəz tərəfindən Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə 246 məlumat göndərilib. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 101 məlumat daxil edilib, 34 min 531 baxış olub, səhifə istifadəçilərinin sayı 2092 nəfərə, qrup üzvlərinin sayı isə 12 min 750-yə çatıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti