Naxçıvan şəhərinin “Təbriz” küçəsində ucaldılan ulu Dədə Qorqudun əzəmətli abidəsi muxtar respublikamıza gələn qonaqların da, yerli sakinlərin də sevimli ziyarət məkanına çevrilib. Dədə Qorqud Türk dünyasının ortaq dəyəri olduğu üçün, xüsusilə Türkiyədən, İrandan, Orta Asiya ölkələrindən gələn qonaqlar bu abidəni xüsusi ehtiramla yad edir, önünə gül-çiçək dəstələri qoyurlar.
Ümumiyyətlə, şəhərimizdə ucaldılan hər bir abidənin öz ruhu, öz səsi vardır. Əgər şəhərin bir səmtində xalq qəhrəmanı Babək at üstündə əlində qılınc düşmənlərə meydan oxuyursa, o biri tərəfində Koroğlu Qıratın belində xalqımızın qəhrəmanlıq tarixini dünyaya tanıdır. Dədə Qorqud abidəsi isə xalqımızın saza, sözə, tarixi keçmişimizə verdiyi dəyərin bariz nümunəsidir. Müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərov olan abidənin hündürlüyü 5 metrdən çoxdur. Postamentin üzərində əlində qopuz tutmuş Dədə Qorqud dərin düşüncəyə qərq olmuş halda təsvir edilib. Abidə 1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə yaradılıb.
Alp ərə qorxu vermək eyib olar, sayıq olan darda qalmaz.
Dədə Qorqud söylədiyi bu sözlərlə insanları doğru yola, haqq yoluna səsləyir. Əminliklə demək olar ki, yaradılan bu abidə təkcə bir memarın sənət əsəri deyil, sinəsi sözlə dolu olan bir elin, bir yurdun ulu keçmişinə hörmətin ifadəsidir. Sazı əlində, sözü isə qəlbində olan Dədə Qorqud keçmişimizi xatırladan müdrik söhbətləri ilə bizlərə nəsihət verir. Abidəyə tamaşa edənlər ulu əcdadımız Dədə Qorqudun fikir dünyası ilə üz-üzə qalır, bu nurani el ağsaqqalının qəlbinin dərinliklərində yaşatdığı keçmişimizi oxumağa çalışırlar. Dədə Qorqud da sanki buna biganə qalmır, oğuz igidlərinin nərəsindən, Qazan, Beyrək, Qanturalı, Buğac, Dəli Domrul kimi igidlərin qəhrəmanlığından, Burla xatın, Banuçiçək, Selcan xatın kimi qadınların sadiq, vəfalı olmasından söhbət açır, Şöklü Məlik, Qara Məlik kimi düşmənləri, ailə içinə nifaq salan Aruz kimi xəyanətkarları pisləyir. Bizi bu cür təhlükəli və bədniyyətli insanlara qarşı tədbirli olmağa çağırır.
Hər gün Dədə Qorqud abidəsinin yaxınlığından keçən insanlar bu abidəyə baxdıqca uzaq keçmişimizə səyahət edirlər. Gün ərzində bu meydanda saatlarla əyləşib memarlıq incisini izləyənləri görmək olur. Onlar el ağsaqqalının fikir dünyasının incilərini yada salır, keçmişimizə bir anlıq da olsa, səfər edirlər.
“Kitabi-Dədə Qorqud” bizim hamımızda böyük iftixar hissi yaradır. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi böyük tarixi abidəmiz var. Biz fəxr edirik ki, Dədə Qorqud övladlarıyıq. Biz fəxr edirik ki, Dədə Qorqud elində yaşayırıq. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” bütün türkdilli dövlətlərə mənsub olaraq, eyni zamanda və birinci növbədə, Azərbaycan xalqına mənsubdur. Fəxr edirik ki, biz “Kitabi-Dədə Qorqud”un sahibiyik, onu yaşadacağıq və gələcək nəsillərə daha da böyük töhfələrlə verəcəyik”.
Bu fikirlər 2000-ci il aprel ayının 9-da “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda ümummilli liderimiz Heydər Əliyev tərəfindən səsləndirilib.
Doğma diyarımızda həyata keçirilən quruculuq tədbirlərinə xas olan spesifik xüsusiyyətləri Dədə Qorqud meydanında da ilk anda görmək olar. Yəni qədimliklə müasirliyin vəhdəti burada da qorunub. Bir tərəfdə “Təbriz” mehmanxanası yerləşir. Bir tərəfdə isə ulu tariximizin canlı yadigarı – XVIII əsr Şərq memarlığının incilərindən biri olan “İsmayılxan hamamı” adlanan tarixi-memarlıq abidəsi yüksək zövqlə, ilkinliyi tamamilə saxlanılmaqla bərpa olunub. Bu meydanda görülən işlərin ən əhəmiyyətlisi isə Dədə Qorqud abidəsinin yenidən işlənməsidir. İndi abidə daha əzəmətli, daha möhtəşəm görkəm alıb. Ümumilikdə, burada aparılan işlər tariximizə göstərilən hörmət və ehtiramın ifadəsidir.
Nail ƏSGƏROV