Muğam sənəti mədəni irsimizin mühüm hissəsini təşkil edir. Son illər muxtar respublikamızda mədəniyyətimizə göstərilən böyük qayğı bu sənətdən də yan keçməyib. Muğam ifaçılarımız dövlətimiz tərəfindən onlara göstərilən bu qayğıdan bəhrələnərək milli musiqi mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər. Bu günlərdə Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində təşkil olunan “Nəqşi-cahan sədası” adlı konsert proqramı da muxtar respublikamızın muğam ifaçılarının yaddaqalan çıxışları ilə bərabər, həm də bu sənətə olan böyük rəğbəti ortaya qoydu.
Əvvəlcə qeyd edək ki, noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində keçirilən konsert proqramı yüksək səviyyədə təşkili və anşlaqla keçməsi ilə diqqəti çəkirdi. Tədbirdən əvvəl muğam ansamblının bədii rəhbəri Əbülfəz Məmmədov və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovla həmsöhbət olduq. Əbülfəz Məmmədov bildirdi ki, xalqımızın mənəvi sərvəti olan muğamlarımızı dərindən öyrənmək, milli mədəniyyətimizə sahib çıxmaq Azərbaycan vətəndaşı kimi bizim borcumuzdur. Bu gün muğam sənətini gənclərə aşılamaq, onlarda bu sənətə olan marağı artırmaq istiqamətində bir sıra işlər görülür, genişmiqyaslı tədbirlər həyata keçirilir. Görkəmli elm xadimlərinin, tanınmış musiqiçi və muğamsevərlərin iştirakı ilə konsert proqramının təşkili də həmin tədbirlərin davamıdır.
Digər həmsöhbətimiz Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov isə dedi ki, bu gün muxtar respublikada milli musiqimizə, muğamlarımıza böyük diqqət və qayğı var. Bunun da bariz nümunələrindən biri belə möhtəşəm konsertin təşkil olunmasıdır. İlk dəfədir ki, muxtar respublikadan Bakı şəhərinə bu tərkibdə musiqiçilər, xanəndələr gəlir. İnanıram ki, Əbülfəz Məmmədovun rəhbərliyi ilə “Nəqşi-cahan” muğam ansamblının çıxışları hər kəsdə xoş təəssüratlar yaradacaq.
Sonra konsert başladı. Məxsusi zövqlə işıqlandırılmış səhnədə muğam ifaçılarının çıxışları dinləyicilərdə xoş ovqat yaratdı. Gecədə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ehtiram Hüseynov, Tural Nəcəfov, Zülfüqar Mahmudov, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solisti Təyyar Mədətli, Həsən Babayev, Ələkbər Sadıqov, Əli Mehrəliyev, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, Ataxan Quliyev, Naxçıvan Dövlət Filarmoniyasının solisti Nərmin Hüseynova və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Rəna Mehrəliyeva çıxış etdilər. Xanəndələr “Şahnaz” muğamını, “Sarı gəlin”, “Gül açdı”, “Şuşanın dağları” xalq mahnılarını, Ramiz Mirişlinin, Səid Rüstəmovun əsərlərini səsləndirdilər. İfaçıları tarda Ağabəy Qurbanov, kamançada Nurlan Nuriyev, balabanda Nihad Quliyev, pianoda Ziya Fətullayev və digərləri müşayiət etdilər. Gur alqışlarla qarşılanan konsert proqramı hər kəsdə böyük qürur hissi yaşatdı. “Qarabağ şikəstəsi” ilə gecəyə yekun vuran Naxçıvan Dövlət Uşaq Filarmoniyası solistlərinin ifası isə dinləyicilərin yaddaşında silinməz izlər buraxdı.
Konsertdə dinləyici qismində iştirak edən Azərbaycan Respublikasının Xalq artistləri Arif Babayev və Aygün Bayramova kimi böyük muğam ustalarının xoş təəssüratlarını dinlədik. Arif Babayev bildirdi ki, Naxçıvan xanəndələrinin belə qüsursuz ifaları məni qürurlandırdı. Bu tədbirlərdən aydın olur ki, bu gün Naxçıvanda mədəniyyət özünün intibah dövrünü yaşayır. Xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğamın təbliği, gənc nəslə aşılanması, göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzindədir. Bu məqsədlə görülən işlər təqdirəlayiqdir. Arif Babayev qeyd etdi ki, tarixən Naxçıvan Azərbaycan mədəniyyətinə, incəsənətinə dahi şəxsiyyətlər bəxş edib. Bu torpaq böyük şairlərin, yazıçıların, el sənətkarlarının, musiqiçilərin vətəni olub. İndi də bu ənənə uğurla davam etdirilir. Çox sevindirici haldır ki, bu gün Naxçıvanda Azərbaycan xalqının milli dəyərlərinin, adət-ənənələrinin, xalq mahnılarının, folklorunun, eləcə də milli irsimiz sayılan muğamın qorunub saxlanılmasına böyük diqqət yetirilir. İfaçıların hər birinə böyük uğurlar diləyir və belə tədbirlərin davamlı olmasını arzulayıram.
Xoş təəssüratlarını bizimlə paylaşan digər muğam ustası, Xalq artisti Aygün Bayramova isə dedi ki, mən dəfələrlə qədim diyar Naxçıvanda olmuşam, onun bütün bölgələrini gəzmişəm. Hər səfərimdə Naxçıvanda mədəniyyət sahəsində böyük işlərin görüldüyünün şahidi olmuşam. Şərqin qapısı olan gözəl Naxçıvanda muğam üçlüklərinin yaradılması, musiqi məktəblərində muğamın tədrisinə ciddi diqqət yetirilməsi neçə-neçə gənc ifaçının üzə çıxmasına şərait yaradıb. Elə bugünkü konsertdəki möhtəşəm ifalar bunu bir daha təsdiq edir. Çox sevinirəm ki, Naxçıvanda mədəniyyət bu dərəcədə inkişaf edib. Bu cür tədbirlər sübut edir ki, minillik tarixi olan, illərin sınağından mətanətlə çıxan Naxçıvanda muğama böyük ehtiramla yanaşılır. Bu yurdda muğama böyük sevgi və marağın göstərildiyini Naxçıvan torpağının istedadlı gənclərinin muğam sahəsində əldə etdiyi böyük uğurlar da təsdiq edir. “Muğam televiziya müsabiqəsi – 2013”-də naxçıvanlı gənc muğam ifaçısı Sərxan Bünyadzadənin qalib olması naxçıvanlı gənclərin muğama olan sevgisinin bariz göstəricisidir.
“Nəqşi-cahan sədası” konsert proqramı digər tamaşaçılarda da xoş təəssürat yaradıb. Onlardan Naxçıvan torpağının yetirməsi akademik Teymur Kərimli konsertlə bağlı təəssüratlarını bizimlə bölüşərək bildirdi ki, bu gün Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında muğam sənəti daha böyük qayğı ilə əhatə olunub. Muğam ifaçıları, ustad xanəndələr dövlət tərəfindən hərtərəfli dəstək alırlar. Elə bunun nəticəsidir ki, bu gün Naxçıvan torpağında belə istedadlı muğam ifaçıları yetişir. Arzu edirəm ki, onların xoş sədası işğal altında olan torpaqlarımızdan gəlsin.
Qeyd edək ki, konsertdə tanınmış musiqiçilərlə yanaşı, Çinin, Avstriyanın, Türkiyənin, Misirin, Kosta-Rikanın, Səudiyyə Ərəbistanının səfirləri, Kipr Respublikasının Bakı nümayəndəliyinin rəhbəri və Azərbaycanın görkəmli elm xadimləri də iştirak edirdi.
Gülcamal TAHİROVA
Naxçıvan-Bakı