23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Gənclər Təşkilatı mədəniyyət sistemində çalışan bir qrup istedadlı və fəal gəncin Ordubad şəhərinə ekskursiyasını təşkil edib. Ekskursiyanın iştirakçıları əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, daha sonra isə Cümə məscidi ilə tanış olublar.
Muzeyin bələdçisi gənclərə məlumat verərək bildirib ki, XVII əsrə aid olan Qeysəriyyə binası bişmiş kərpicdən inşa olunub, hündürlüyü 8,5 metrdir. 1991-ci ildən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb.150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4 mindən çox eksponat qorunub saxlanılır.

Sonra ekskursiya iştirakçıları Cümə məscidində olublar. Burada bildirilib ki, orta əsrlərə aid memarlıq abidəsi şəhərin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın Ordubad əhalisinin vergidən azad olunması barədə nəsx xətti ilə fars dilində beş sətirlik fərmanı həkk edilib.
Vurğulanıb ki, məscidin plan quruluşu, bəzi elementləri və bədii tərtibatı onun ilkin əsasının daha qədim olduğunu göstərir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902-1903-cü illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun əsasının 729-cu ildə qoyulduğu aydın olur. Hazırda məscidin şimal-şərqində mədrəsə, qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunub.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR