23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının və intibahının əsas mərkəzlərindən biri olmuş, İslam dininin maddi və mənəvi irsinin formalaşmasında yaxından iştirak etmişdir. Bu dinin yayılması və təbliğində mühüm vasitələrdən biri məscidlər olmuşdur. İslam mədəniyyətinin qiymətli abidələrindən sayılan məscidlər, tarixən bu dinin daşıyıcıları üçün elm, maarif ocağı sayılmaqla yanaşı, həm də mənəvi kamilləşmə, birlik, həmrəylik, sevgi, yardımlaşma kimi dəyərlərin təbliğ olunduğu əxlaq tribunası rolunu oynamışdır. 

Ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da məscid tikintisinin başlanğıcı burada İslam dininin yayılması dövrünə təsadüf edir. Bununla yanaşı, Naxçıvan şəhərində bizə məlum olan ilk məscid nümunəsi XII əsrdə şəhərdə tikilmiş Cümə məscididir. Vaxtilə Atabəylər memarlıq kompleksinə daxil olan bu məscidi Naxçıvanda dini-memorial tikililərin ən gözəl nümunələrindən biri hesab edirlər. Ümumilikdə götürsək, muxtar respublikada istər cümə, istərsə də məhəllə məscidlərinin xeyli hissəsinin tikintisi XVI əsrin sonu, XVII əsrin əvvəllərində və XVIII əsrin ilk onillikləri dövrünə aid edilir. Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasında qeyd olunur ki, XVI əsrin sonu, XVII əsrin əvvəllərində Naxçıvan şəhərində adıçəkilən Cümə məscidindən əlavə, “Məhmət kətxuda”, “Cameyi-Şərif” adlı cümə məscidləri də fəaliyyət göstərmişdir. Elə həmin dövrdə Naxçıvan şəhərində “Ağa məscidi”, “Hacı Xəlil məscidi”, “Keçəçi məscidi”, “Molla Əhməd məhəlləsinin məscidi”, “Bəsri məscidi”, “Şeyx Əminəddin məscidi”, “Hacı Sani məscidi” adlı məscidlər də mövcud olmuşdur.

Təbii ki, Naxçıvan diyarındakı məscidlər bura yolu düşən səyyahların qeydlərində də öz əksini tapmışdır. Məsələn, Naxçıvan şəhərində tikilmiş məscidlər haqqında Övliya Çələbi daha müfəssəl məlumat verərək bildirir ki, XVII əsrin ortalarında burada 40 məscid fəaliyyət göstərirdi. Səyyah burada tikilmiş məscidlərə heyranlığını isə belə ifadə etmişdir: “Naxçıvanın qəribə cümə məscidləri vardır ki, onların əksəriyyəti şirli, bəzəkli kaşılar, rəngarəng şüşələrlə bəzədilmişdir. Neçəsinin yarımdairə şəklində çatılmış tavan günbəzləri şirli kaşılarla bərkidilmişdir”.
Burada bir haşiyə çıxaraq qeyd edək ki, Naxçıvanda, eləcə də ölkə­mizin digər bölgələrində rast gəlinən məscid və tarixi tikililərdə müxtəlif həndəsi formalara malik bəzəkli kaşılardan, rəngli şüşələrdən istifadə olunması Səfəvi miniatür sənətinin yüksək inkişafının nəticəsi olaraq milli memarlıq nümunələrimizdə də öz əksini tapmışdır. Bu təsir sonrakı dövrlərdə Osmanlı memarlığında da hiss olunur.
Professor Vidadi Muradov adıçəkilən monoqrafiyasında yazır ki, Naxçıvan şəhərində cümə məscidlərinin tikintisi Azərbaycanın Rusiya tərəfindən işğalından sonra da davam etdirilmişdir. Belə məscidlərdən biri ümumi sahəsi 1000 kvadratmetr olan “Cəfəriyyə məscidi”dir. Uzun müddət Naxçıvanın ictimai-siyasi və ideoloji mərkəzlərindən biri olmuş məscidin tikintisi 1894-cü ilə aid edilir. “Cəfəriyyə məscidi” sovet hakimiyyəti illərində Naxçıvan diyarında fəaliyyət göstərmiş yeganə məscid olmuşdur. Giriş qapısının baş tərəfində yerləşdirilmiş kitabədən aydın olur ki, memarı Məhəmməd Təqi olan məscid “naxçıvanlı Hacı Novruzun oğlu Xeyrül-Hac Məhəmməd Cəfər ağanın səyi ilə bina edilmişdir”. Professor kitabda bildirir ki, məscid tikintisi Ordubad şəhərində də intensiv aparılmışdır. Tədqiqatçı göstərir ki, Ordubaddakı məscidlərin sayı haqqında ayrı-ayrı mənbələrdə fərqli rəqəmlər var. Belə ki, XIX əsrin 30-cu illərində tərtib edilmiş “Qafqaz arxasındakı Rusiya mülklərinin icmalı”nda Ordubadda 63 məscidin fəaliyyət göstərdiyi qeyd olunur. Təxminən elə həmin dövrdə tərtib edilmiş başqa bir mənbədə isə burada 6 böyük, 25 kiçik məscidin olması haqqında məlumat verilir. Ordubad şəhərinin tarixini tədqiq etmiş A.S.Fərəcovun əsərində də buradakı məscidlərin sayı haqqında fərqli məlumatlara rast gəlinir. Məscidlərin sayının çoxluğuna heyrətlə yanaşan müəllif yazır: “Çətin ki, müsəlman dünyasında 3-4 min insana 41 məscid, daha doğrusu, hər 100 nəfərə 1 məscidin düşdüyü başqa bir şəhər tapılsın. Burada ümumşəhər və məhəllə məscidlərindən başqa daha 35 kiçik məscid var idi”.
Ordubad şəhərindəki Cümə məscidi haqqında V.M.Sısoyev yazırdı ki, şəhərdə ən böyük məscid olan Cümə məscidi şəhərin lap mərkəzində, demək olar ki, düz bazarın içində tikilmişdir. Məscid bir qədər hündürlükdə yerləşdiyindən onu uzaqdan və çox yerdən görmək mümkündür. Böyük, demək olar ki, kvadratşəkilli, yastı damlı bina olan məscidin 6 kiçik günbəzi olsa da, minarəsizdir. Hündürlüyü içəridən 4 metr olan məscidin döşəməsi daş lövhələrlə döşənmişdir. Məscidin əsas girişinin qarşısında hovuzu olan kiçik düzbucaqlı bina tikilmişdir. Bu məscidin tikilmə tarixi dəqiq məlum olmasa da, onun XVII əsrdən xeyli əvvəl bina olunduğu şübhə doğurmur. Səfəvi hökmdarı I Şah Abbasın Ordubad əhalisinin xəzinəyə ödəyəcəyi vergilərdən azad edilməsi haqqında 1604-cü ildə verdiyi fərmanın mətni məhz bu məscidin giriş qapısının baş tərəfinə yerləşdirilmiş kitabəyə həkk olunmuşdur.
Ordubad şəhərindəki “Təkeşiyi” (şiə təkyəsi) məscidi də status baxımından Cümə məscidi olmuşdur. Mütəxəssislərin fikrincə, tikintisi xeyli qədimlərə aid olan məscid hicri təqvimi ilə 1921-ci ildə bərpa olunmuşdur. Sufi dərvişlərinin əsas mərkəzlərindən biri olan bu məscidi “İrfan əhlinin səcdəgahı” kimi yüksək qiymətləndirmişlər. Bundan əlavə, Ordubad şəhərində xeyli sayda məhəllə məscidləri də inşa olunmuşdur. Ambaras, Kürdətal, Mingis, Sərşəhər, Üçtərəngə məhəllələrində tikilmiş məscidlər məhəllə məscidi funksiyasını yerinə yetirmişdir.
Ümumilikdə, Naxçıvanda hələ uzaq keçmişdən xeyli sayda kənd və məhəllə məscidləri tikilmişdir ki, bu məscidlər, əsasən, kiçikölçülü olması və yaşayış evlərindən bir az fərqlənməsi ilə diqqət çəkir. Bir qayda olaraq birotaqlı tikilən belə məscidlər giriş qapısı və şəbəkə üsulu ilə bəzədilmiş pəncərələrə malik olurdular. Belə məscidlər, adətən, məhəllənin mərkəzi meydanlarında inşa olunurdu. Ordubaddakı Sərşəhər məhəllə məscidi isə Azərbaycanın digər şəhərlərində inşa edilmiş məhəllə məscidlərindən ikimərtəbəli olması ilə fərqlənir. Bu məscidin birinci mərtəbəsi kişilərin, ikinci mərtəbəsi isə qadınların ibadət etməsi üçün nəzərdə tutulmuşdur. Qadınların ikinci mərtəbəyə qalxması üçün çöl tərəfdən dolama pilləkən qoyulmuşdur. XVIII əsrdə inşa olunduğu ehtimal olunan məscid hazırda da dindarların ­istifadəsindədir.
Bu gün muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, yaşı yüz ildən artıq çoxsaylı məscid binaları ilə rastlaşarıq. Bu da onunla bağlıdır ki, Naxçıvanda İslam dininin yayılmasından sonra məscid binalarının tikilmədiyi yeganə dövr sovet hakimiyyətinin burada bərqərar olduğu dövrdür. Ötən əsrin sonlarında, müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə tarixən milli və mənəvi dəyərlərə həssaslıqla yanaşılan muxtar respublikada yeni məscid binaları tikilmiş, köhnə tikililərin böyük əksəriyyəti əsaslı şəkildə yenidən qurulmuş, təmir olunmuşdur. Bu prosesdə həm xalqın, həm də dövlətin təşəbbüsü üst-üstə düşmüşdür.

Sevindirici haldır ki, bu gün muxtar respublikada fəaliyyət göstərən məscidlərdə heç bir məzhəb ayrılığına yol verilməyərək insanların ibadət azadlığı təmin olunur. Qaragüruhçu zehniyyətdən və mövhumatdan fərqli olaraq hər kəs dinimizin buyurduğu ayinlərin icrasında sərbəst iştirak edə bilər. Onu da xatırladaq ki, Naxçıvandakı məscidlər İslam mədəniyyətinin qiymətli abidələri kimi də diqqətçəkicidir. Bu isə 2018-ci ildə İslam mədəniyyətinin paytaxtını görməyə gələnlərə bu abidələrin təqdimatı haqqında ətraflı məlumatlar vermək imkanı yaradacaq. Hazırda Naxçıvan şəhərində 2000 nəfərin eyni anda ibadət edə biləcəyi yeni məscid binasının tikilməsi isə dini-mənəvi dəyərlərin qorunub yaşadılması və düzgün təbliği baxımından həyata keçirilən dövlət siyasətinin mahiyyətini təşkil edir. Bir sözlə, keçmişdə olduğu kimi, bu gün də Naxçıvan məscidləri hər birimiz üçün mənəviyyat məbədləri rolunu oynayır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR