23 Dekabr 2024, Bazar ertəsi

Poeziyasının özünəməxsusluğu, sözünün bədii dəyəri baxımından seçilən şairlərdən biri olan Muxtar Qasımzadənin bu günlərdə nəşr olunan “Nuh diyarı Naxçıvan” kitabı tarixi abidələrimizin poetik əksi və təbliği baxımından özünəməxsusluğu ilə diqqəti cəlb edir.
Kitab Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması münasibətilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr olunub. Yeni nəşrdə yer alan tarixi abidələr haqqındakı axıcı, poetik və tərənnüm mahiyyətli şeirlərin hər birinin vətəndaş yanğısı ilə qələmə alındığını müşahidə etmək çətin deyil. Özünün “bu daş kitabələri oxuyan gərək, kəpir-kəpir vərəqini qaldıran gərək” fikirlərinə uyğun olaraq o, bu abidələri “oxuyub vərəqləməyə başlayır:

Tarix vüqar gətirib
qayasına, daşına.
Nuhdan xəbər gətirib,
çatıb müdrik yaşına
Günəşimdir, Yer kimi
Mən dolanım başına,
dönüm Naxçıvanımın,
Anam Naxçıvanımın.

Kitabda “Gəmiqaya”, “Əshabi-Kəhf”, “Fərhad evi”, “Duz saray” və digər şeirlərlə qarşılaşırıq. Bu şeirlər də Naxçıvan haqqında təəssürat yaratmaq baxımından digər şeirlərdən seçilmir, eyni zamanda türk-islam abidələri haqqındakı şeirlərinin proloqu kimi çıxış edir. 

Sonrakı poetik nümunələrdə Naxçıvanda mövcud olan tarixi tikililərdən bəhs edir. Həmin şeirlər vasitəsilə biz Oğlan qalanı, Qız qalanı, Çalxanqalanı, Əlincəni, Xaraba Gilanı, Şərq hamamını, Buzxananı, Qarabağlar türbəsini, Xanəgahı, Gülüstanı, Zorxananı bədii dillə daha yaxından tanıyırıq.
Şair bəhs etdiyi hər bir abidə haqqında tarixi məlumat verərkən onun poetik yaddaşda qalıcılığı problemini də düşünmüş və bu mənada, uğurlu nümunələr ortaya qoymuş, eyni zamanda Naxçıvan tarixinin müxtəlif səhifələrini poetik dillə oxucuya təqdim edə bilmişdir.
Muxtar Qasımzadənin bu baxımdan seçilən şeirlərindən biri də “ Babək qalası”dır:

Söz düşər çox eldə yüz qalasından,
Tapılar az eldə iz qalasından.
Dolanıb qayıtsaq Bəzz qalasından
Biləvdə qalandı Babək qalası.

Ər oğlu ər olub, mərd saxlayıb o,
Ağır döyüşlərdə yurd saxlayıb o.
Babək Xürrəmidən ad saxlayıb o,
Milli qəhrəmandır Babək qalası.

Kitabdakı şeirlərin girişindəki məlumat diqqəti xüsusilə cəlb edir. Bununla şair Naxçıvanın tarixi yaddaşına çıraq tutur, onu Nuh diyarı kimi təqdim edir.
Fikirlərimizi Muxtar Qasımzadənin Əlincə qalası haqqında yazdığı “Əlincə” şeiri ilə yekunlaşdırmaq istərdik. “Əlincə” şeirində də şair bu abidənin əzəmətini göstərə bilmişdir. Ən maraqlı cəhət həm də ondan ibarətdir ki, bu şeirin oxunuşu zamanı meydana gələn ritmin özündə də bir döyüş ruhu, mübarizə çağırışı var. Fikrimizin təsdiqi kimi şeirin bir neçə misrasına baxaq:

“Şahtaxtı” – şah qalası,
dizində ərlər yatıb.
Şırımlanıb yaxası,
köksündə sirlər yatıb,
daş alnında düşüncə, Əlincə.

Nəzərə alsaq ki, sonrakı yüzilliklərdə bu abidələr haqqındakı məlumat bazasından biri də yaradıcı insanların ortaya qoyduğu irsdir, bu mənada, Muxtar Qasımzadənin “Nuh diyarı Naxçıvan” kitabında toplanan şeirləri də böyük dəyərə malikdir.

Elxan YURDOĞLU
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR