23 Dekabr 2024, Bazar ertəsi

Xalqımızın genetik yaddaşında, tarixi mənbələrdə bu günə qədər qorunub saxlanan adət-ənənələr arasında müxtəlif mövsümlərlə bağlı mərasim və nəğmələr özünəməxsus yer tutur. Ulu əcdadlarımız uzun illərin müşahidəsi nəticəsində ili müəyyən dövrlərə bölüb, onlara müxtəlif adlar verər, həmin dövrdə görüləcək işləri planlaşdırardılar. Təkcə işlər planlaşdırılmaz, istirahət və əyləncə də unudulmazdı.

İlin müəyyən dövrləri bayram kimi təntənəli surətdə qeyd edilərdi. Bu mərasimlər zamanı xalq yaradıcılığının məhsulu olan meydan tamaşaları, etnoqrafik cəhətdən maraqlı oyunlar, səhnələşdirilmiş tamaşalar, mahnı və rəqslər, müxtəlif müsabiqələr təşkil edilərdi. Xalq yaradıcılığının məhsulu olub, zəngin folklor nümunələri ilə müşayiət edilən bu tədbirlər xalqın çoxəsrlik mədəniyyəti ilə yanaşı, pedaqogikasının da zənginliyini göstərir. Belə ki, mərasimlərdə həm tamaşaçı, həm də iştirakçı olan uşaqlar bu bilgiləri emprik yolla mənimsəyərdilər.
Araşdırmalar göstərir ki, Azərbaycan etnoqrafiyasında bu mərasimlər, əsasən, payız-qış mövsümündə daha çox həyata keçirilərmiş. Görünür ki, əkin-biçin qayğısından azad olan ata-babalarımız bu bayramlarda həm istirahət edib əylənmiş, həm də xalq yaradıcılığını inkişaf etdirmişlər.

Qədim zamanlarda payız-qış dövründə fəsillərin başlanması, yarı olması müxtəlif formalı mərasimlərlə qeyd edilib. Mehrican (payızın girməsi), Kövsəc (payızın yarı olması), Çillə (qışın girməsi), Xıdır Nəbi (qışın yarı olması), Novruz (baharın girməsi) ardıcıllığı mövcuddur.
Etnoqraf Məmməd Dadaşzadə Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyətindən yazarkən Avesta təqvimində iki fəsildən, ilin “böyük yay” adlanan və yeddi aydan ibarət olan Xızırdan, beş aydan ibarət olan “Qasım” adlanan qışdan ibarət olduğunu qeyd edir. Əfsuslar olsun ki, etnoqrafik qaynaqlarda Xızırın (yay) və Qasımın (qış) nə zaman başlandığına rast gəlmirik.
Türk yazıçısı Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərində belə bir qeyd vardır: “Bu gün, 23 aprel Xızır-İlyas günüdür (yayın birinci günü)”. Bu köhnə təqvimlə olduğu üçün indiki təqvimlə may ayının 6-na uyğun gəlir.
Etnoqraf Asəf Orucov da “Xalq təqvimi” kitabında qeyd edir ki, Anadolu türklərində bu bayramı “Hıdır Əlləz” adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları isə aprel ayının üçüncü ongünlüyündə qeyd edirlər. Belə olduqda Avesta təqviminə uyğun olaraq Qasım (qış) dekabr ayının 6-da (köhnə təqvimlə noyabrın 23-də) başlamalıdır.
Payızın başlanğıc dövründə ilk həyata keçirilən mərasimlərdən biri “məhsul bayramı”dır. Qədim dövrlərdən müxtəlif xalqlar arasında, eləcə də Azərbaycanda qeyd edilən bu bayram “mehrikan” (mehrican) adlanır. İkinci növbədə həyata keçirilən mərasim isə Kövsəcdir. Bu mərasimin keçirilməsi haqda çox az məlumat vardır. Ona görə də Naxçıvanda çöl tədqiqatları zamanı bu mərasimlə bağlı məlumat toplamaq mümkün olmamışdır.
Bu barədə məlumatlara yazılı mənbələrdə də çox az rast gəlinir. Folklorşünas Bəhlul Abdullayev “Kommunist” qəzetinin 1989-cu ildə dərc olunan “Novruz gəlir” sərlövhəli məqaləsində qışın qorxudulması ilə bağlı keçirilən mərasimlərdən birinin də Kövsəc olduğunu göstərib.
Etnoqraf Qəmərşah Cavadov isə “Əkinçilik mədəniyyətinin sorağı ilə” monoqrafiyasında həmin məqaləyə istinadən Kövsəcin noyabrda – qırov düşən dövrdə icra olunduğunu iddia edib. Zənnimizcə, “qırov düşən dövr” vaxt məfhumu qeyri-dəqiqdir. Çünki havanın temperaturu müxtəlif dövrlərdə fərqli ola bilər.
Kövsəc mərasiminin keçirilmə vaxtını müəyyənləşdirmək üçün bir məsələyə də diqqət yetirək. Rumi təqvimində (Günəş təqvimi) Qasım (qış) noyabr ayının 8-də, Xızır (yaz) isə may ayının 6-da başlayır. Məlumat üçün deyək ki, Rumi təqvimində yeni il mart ayının 14-dən hesablanır və hazırda 1433-cü ildir. Buradan aydın olur ki, Kövsəc 5-8 noyabrda (payızın yarı olması və qışın, Qasımın girməsi) keçirilmişdir.
Bəhlul Abdullayev adıçəkilən məqaləsində yazır ki, qışın qorxudulması ilə bağlı keçirilən bu mərasimin iştirakçıları istilik gətirən yeməklər – yağlı ət, daha çox istiotlu xörəklər yeyərmişlər. Özünü gülməli kökə salmış, cır-cındır paltar geymiş birisi qatıra minib ortaya çıxar və əlində tükü yolunmuş qarğa saxlayarmış. Yan-yörəsindəkilər onun üstünə soyuq su səpərmişlər. O isə saymazyana “İstidi, istidi, bahar gəlir, yaz gəlir!”, – deyə haray salarmış. Daxili məzmununa fikir versək, tam aydınlığı ilə görərik ki, qədim azərbaycanlıların “Kövsəc” adlandırdıqları bu mərasimdə, əslində, əhalinin qışdan qorxmaması, psixoloji cəhətdən qışa hazırlanması nəzərdə tutulmuşdur. Bəzi bölgələrdə qışı qorxutmaq, müxtəlif hərəkətlərlə ona qalib gəlmək üçün “həsir çırpma” ayini yerinə yetirilir. Fikrimizcə, bu da Kövsəc mərasimindən qalmadır. Məntiqlə də qışın yazda qorxudulmasına ehtiyac yoxdur. Dahi Nizami Gəncəvi yazırdı:
Novruz ilə səddə bayramında
Ayinlər yenidən olurdu bərpa.
Eyni ayinlər bir neçə bayramda təkrar olunduğuna görə xalqın yaddaşından silinən Kövsəc mərasimində icra olunan bəzi ayinlər digər bayramlarımızda yerinə yetirilməyə başlanmışdır.

Zaleh NOVRUZOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR