“Naxçıvan” Universitetinin kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitablarının müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev sərəncamın əhəmiyyətindən, bu istiqamətdə atılan addımların vacibliyindən danışıb. Rektor çıxışında siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilməsini müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıdığını vurğulayıb.
Tədbirdə çıxış edən kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova bu sərəncamın kitaba, kitabxanalara qayıdış üçün çağırış olduğunu, sərəncamdan sonra kitabxanalarda oxucuların sayının artdığını və siyahıda adı göstərilən hər bir kitabın müzakirəsinin təşkil olunmasının qarşıda duran əsas vəzifə kimi müəyyənləşdirildiyini qeyd edib.
Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitabları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, əsərin spesifik xüsusiyyətlərindən danışıb.
Tələbələrdən FatiməYusifova və Aydın Əliyev “Sirlər xəzinəsi” poemasından bir parçanı bədii qiraət ediblər. Tələbələri maraqlandıran suallar cavablandırılıb, sonda sərəncamda adları göstərilən kitablardan ibarət guşəyə baxış olub.
Nubar SƏFƏRLİ