Hər bir xalqa məxsus olan ən qiymətli maddi və mənəvi sərvətlərin хəzinəsi, yаddаş kitabı kimi öz missiyalarını yerinə yetirmək baxımından muzеylər mühüm əhəmiyyət kəsb edən mədəniyyət müəssisələridir. Belə qurumların fəaliyyətinin daha interaktiv qurulması cəmiyyətimiz üçün olduqca vacibdir. Çünki xalqın tarixi, elmi və mədəni abidələrinin, maddi və mənəvi dəyərlərinin qorunması, saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsində muzeylər müstəsna rol oynayırlar.
Belə mədəniyyət müəssisələrinin insanların maarifləndirilməsindəki rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olublar.
Muzeydə onlara bildirilib ki, muzey görkəmli ədiblərimizin həyat və yaradıcılıqlarının öyrənilməsi, elmi cəhətdən tədqiqi və təbliği sahəsində fəaliyyət göstərir. Muzeyin ekspozisiyasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixi ilə yaxından tanış olmaq mümkündür. Burada saxlanılan və nümayiş etdirilən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, kitablar, qəzet və jurnallar, xatirə əşyaları, Azərbaycan ədəbiyyatının yaradıcıları haqqında məlumatlar, onların əsərləri bu baxımdan etibarlı mənbədir. Muzeyə gələnlər Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrlə zəngin olan ekspozisiyada naxçıvanlı şair və yazıçıların yaradıcılıqları ilə də tanış ola bilirlər.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyində olub.
Daxili İşlər Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini, Nəqliyyat Nazirliyi və nazirliyin struktur qurumları Naxçıvan Dövlət Xalça Muzeyini, İqtisadiyyat Nazirliyinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Bəhruz Kəngərli Muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının kollektivi Xatirə Muzeyini ziyarət ediblər. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində, Fövqəladə Hallar Nazirliyi və nazirliyin struktur qurumlarının kollektivləri Cəlil Məmmədquluzadənin ev-muzeyində, Ədliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasında, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Hərbi Prokurorluq və Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşları Nəbatat bağında olublar.
Muxtar MƏMMƏDOV