Son illər ərzində Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar bir daha sübut etdi ki, Cənubi Qafqazın ən qədim abidələri Naxçıvan ərazisindədir. Bunlardan Neolit abidəsi olan I Kültəpə, İlk Eneolit dövrünə aid yaşayış yerləri, yalnız Naxçıvana xas olan Orta Tunc dövrünə aid qalalar buna misal ola bilər. Min illər boyu tarixin sirlərini özündə qoruyub saxlayan abidələrimizdən biri də Qaraqaya yaşayış yeridir.
Maraqlıdır ki, “Qaraqaya”, “Qaradaş” toponimi Naxçıvan ərazisində həddən artıq çoxdur. İntruziv mənşəli bu oronim (dağ-dərə adları) kaha və qayaaltı sığınacaqları, yaxınlığında olan su qaynaqları ilə qədim insanların nəzərini cəlb etmiş, həmin ərazidə məskən salmışlar.
Yeni aşkarladığımız bu abidə Şahbuz rayonunun Ayrınc və Qızıl Qışlaq kəndləri arasında, Küküçayın sol sahilindədir. Rənginə görə “Qaraqaya” adlanan, çox hündür olmayan bu qaya isə Küküçayın sağ sahilindədir. Qayanı və yaşayış yerini ayıran Küküçay bu hissədə, demək olar ki, 90 dərəcəlik bucaq altında dönür. Küküçay və onun ətrafındakı ağaclıq, burada olan bulaqlar həm yerli əhalinin, həm də kənardan gələnlərin istirahət üçün düşərgə salmasına səbəb olur.
Yaşayış yeri Qaraqayanın şərq hissəsindəki maili yamacı əhatə edir. Onun ərazisi 7-8 hektara yaxındır və bir neçə yerdən quru çay dərəsi ilə parçalanmışdır. Dərələrin məcrası az olub, şərq hissədəki dağlardan başlayır və sığınacaqlar formalaşdırır. Bu sığınacaqlardan hazırda arxac kimi istifadə edilir.
Yaşayış yerinin şimal-cənub istiqamətində iki böyük terras düzəldilmişdir. Terrasların ətəyində antik dövrə aid keramika parçaları mövcuddur. Buradakı keramikalar qaba qum qarışığından bişirilmiş, bəziləri az cilalanmışdır. Yaşayış yerinin orta hissəsində olan kiçik təpə tirəsinin üzərində antik dövrə aid böyük keramika qırıqları üstünlük təşkil edir. Buradakı keramika, əsasən, kirəmit parçalarıdır. Kirəmitin üstünlük təşkil etməsi yaşayış yerinin mədəni cəhətdən inkişaf etmiş bir məskunlaşma mərkəzi olduğunu göstərir. Babək rayonunun Nəcəfəlidizə qalasında, Sirab kəndindəki Qara Təpə və Nuvars və digər abidələrdə aşkarlanan kirəmit parçaları antik dövrə aiddir. Burada müxtəlif tikililərin qalıqları, daş komaları mövcuddur. Binalar dördkünc formalıdır.
Abidənin şimal hissəsindəki iki təpənin birinin üzərində 24 kvadratmetr ölçülü, dördkünc formalı binanın qalıqları mövcuddur. Bina dağ daşlarından inşa edilmişdir. Ətrafda maddi-mədəniyyət nümunələri olmadığı üçün dövrünü təyin etmək mümkün deyil.
Kiçik bir keçidlə birləşən ikinci təpə abidənin ən maraqlı hissəsidir. Şiş zirvəli bu təpənin yamacı çox dik, qumlu-çınqıllı olub bitki örtüyü yox dərəcəsindədir. Təpənin yamacında müxtəlif kasa, çanaq, çölmək kimi qabların qırıqları səpələnmişdir. Təpənin yuyulmağa meyilli olmasına baxmayaraq, maddi-mədəniyyət qalıqlarının ən zəngin olduğu ərazidir. Keramikalar, əsasən, boz-qonur, çəhrayı rəngdə olub, narın qum qarışığından bişirilmiş, yaxşı cilalanmışdır.
Buradan aşkarlanan keramika, xüsusən bir ədəd solğun çəhrayı rəngli, üzəri anqoblu keramika Son Neolit, Orta Tunc keramikasına bənzəyir.
2017-ci ilə kimi Şahbuz rayonu ərazisində Eneolit və əvvəlki dövrlərə aid abidə aşkarlanmamışdı. Həmin il aşkarlanan “Sələsüz”, “Dərəşahbuz” abidələrindən sonra bu, üçüncü qədim abidədir.
Zaleh NOVRUZOV