Qədim və zəngin maddi-mədəniyyət nümunələrimizi yaşadan və təbliğ edən ünvanlardan biri də Naxçıvan Dövlət Xalça Muzeyidir. Bu yaxınlarda muzeyə gəlib, burada nümayiş olunan Azərbaycan xalqının milli mədəniyyətinin daşıyıcısı olan xalça və xalq tətbiqi sənəti nümunələri ilə tanış olduq.
Bələdçi Səadət Vəliyeva muzey haqqında çox geniş məlumat verdi. O qeyd etdi ki, Naxçıvan Dövlət Xalça Muzeyi 1998-ci ilin aprelindən fəaliyyət göstərir. Muzeydə 3 mindən çox eksponat vardır. Bu gün muzeyin ekspozisiyasında 300-dən çox eksponat sərgilənir. Bunlar arasında, ilk növbədə, xalçalar, xalçaçılıq məmulatları, qədimdə insanların toxuculuq zamanı istifadə etdiyi alətlər və məişət əşyaları yer alır. Muzeydə Təbriz-Naxçıvan, Gəncə-Qazax, Quba, Şirvan, Qarabağ xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri də saxlanılır. Naxçıvan xalçaları qədim diyarımızın əksər yaşayış məntəqələrində toxunub.
Muzeydə, həmçinin 2006-cı ildə Bakıda fəaliyyət göstərən “Azər-İlmə” xalça sexi tərəfindən toxunan ümummilli lider Heydər Əliyevə həsr olunan xalça da diqqəti cəlb edir.
Toxunuş texnikasına görə xalçalar iki yerə ayrılır – xovsuz və xovlu xalçalar. Xovsuz xalçalar daha sadə üsulla: dolama, keçirtmə, düyünləmə kimi üsullarla toxunur. Xovsuz xalçaların üzərində olan naxışlar da xovlu xalçalara nisbətən sadə olur və daha asan ərsəyə gəlir. Xovlu xalçalar isə daha mürəkkəb üsulla toxunur. Bu zaman mürəkkəb ilmə, qulabı ilmə, dolama ilmənin mürəkkəb formasından istifadə olunur. Üzərində olan naxışlar da digər xalçalara nisbətən mürəkkəb, çətin toxuna bilən naxışlardır. Azərbaycan xalçaları xovuna görə dünyada məşhurdur.
Ekspozisiyanın əvvəlində ilkin dövrlərə aid xovsuz xalça növü olan keçə sərgilənir. Keçə qədim zamanlarda döymə üsulu ilə su və yundan hazırlanırdı. Onu digər xalçalardan fərqləndirən xüsusiyyət keçənin toxunmaması, döyülərək əldə olunmasında idi. Keçə, əsasən, döşəmədə istifadə olunurdu, ancaq daha sonra qadın və kişi geyimlərinin hazırlanmasında da keçədən istifadə edilib. Müasir dövrdə də keçəçilik ənənəsi saxlanılır. 2013-cü ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzinin təşkil etdiyi keçəçilik kursunun müdavimləri tərəfindən müasir keçə nümunələri hazırlanıb.
Xovsuz xalçanın 8 növü vardır. Bunlardan biri də çətən növüdür. El arasında həsir adı ilə də tanınır. Həsir qamış yarpağından və “cığalı” adlanan otdan hazırlanırdı. Evə döşənən xalçaların altından nəmişliyi götürmək üçün istifadə olunurdı. Daha çox dağlıq və dağətəyi rayonlarda istifadə edilən xalça növüdür. Xalça Muzeyində sərgilənən çətən xalça növü Babək rayonunun Nehrəm kəndinə aiddir.
Səadət xanımın sözlərinə görə, Naxçıvan xalçaları Azərbaycan xalçası adı altında Türkiyə və digər xarici ölkələrdə, Sankt-Peterburqdakı Ermitaj, İngiltərədəki Viktoriya və Albert muzeylərində sərgilənir.
2500 ildən çox yaşı olan, məşhur “Şeyx-Səfi” xalçası hazırda Londonda Viktoriya və Albert Muzeyində Azərbaycan xalçası adı altında nümayiş olunur.
Xovsuz xalçanın bir növü də palazdır. Kiçik hissə halında toxunur, daha sonra birləşdirilir. Sadə toxunuşu ilə seçilən palaz digər xalça növlərindən fərqli olaraq xalçaçılığın birinci mərhələsinə aid edilir. Palaz və cecim xalça növlərində naxışdan istifadə olunmayıb. Daşınması və istifadəsi asan olduğu üçün bu xalça növlərinə çox evlərdə rast gəlmək olar.
Xovsuz xalça növlərindən biri də kilimdir. Kilim xalçaçılığın ikinci mərhələsinə aid xalça növüdür. Əvvəllər kilimdə naxışdan istifadə olunmurdu. Daha sonralar üzərində damğa, dama-dama, xoruz gözü, damalı kimi naxışlar olan kilimlər toxunmağa başlanılıb.
Zili də eynilə xovsuz xalça növüdür. Toxunuş texnikası onu digər xalçalardan fərqləndirir. Üzərində olan naxışlar xüsusi məna kəsb edir. Məsələn, kvadrat formalı fiqurlar evin sahəsinə, rombvarı fiqurlar isə qadın, qadının həyat yoluna bənzədilib. Ümumiyyətlə, həm rəngi, həm də üzərində olan naxışlara görə müxtəlif yerlərdə – dini mərasimlərdə, yas və toy mərasimlərində istifadə olunur.
Həmçinin muzeydə xalçaçılıq məmulatları – xurcun, duz torbası, qədimdə köçəri həyat sürən insanların sandıq kimi istifadə etdikləri, içərisində xalça, palaz, gündəlik geyim əşyaları olan, eyni zamanda qızların cehizliyi kimi də istifadə olunan xalçaçılıq məmulatı məfrəş və heybə sərgilənir. Xurcunların bir hissəsi xovlu xalça şəklində toxunur ki, burada daha çox mürəkkəb naxışlardan istifadə olunur. Bir hissəsi də palaz, cecim formasında xovsuz xalça növü kimi toxunur. Qədimdə insanlar xurcunun içərisinə ərzaqlarını, əşyalarını yığırdılar. Duz torbası isə xovlu və xovsuz xalçaların bir-birini əvəzləməsi ilə toxunub və içərisinə duz yığmaq üçün istifadə edilib. Muzeydə yunu təmizləmək üçün yundarağı və təmiz yundan ip hazırlamaq üçün cəhrə də sərgilənir.
Xalçalar artıq çeşnilər əsasında toxunur. Qədimdə bu üsuldan istifadə olunmayıb. XIX əsrdən etibarən çeşnilər əsasında toxunan xalçalar iki yerə bölünüb – emalatxanalarda çeşni əsasında toxunan xalçalar və evlərdə toxunan xalçalar.
Evlərdə toxunan xalçaların əksəriyyətində də çeşnidən istifadə edilmirdi, yəni insan öz təxəyyülünə, öz düşüncə tərzinə, fantaziyasına əsaslanaraq xalça üzərinə naxışlar salırdı. İlk istifadə olunan naxış növü həndəsi formalı naxış elementi olub. Sonra bunlar formalaşaraq daha da təkmilləşib. Bundan sonra artıq insan və quş təsvirlərindən istifadə olunubdur.
Ümumiyyətlə, Naxçıvan xalçaları ilmələrin sıxlığı, üzünün xovunun qalınlığı ilə seçilir. Naxçıvan iqliminin daha sərt və dəyişkən olması ilə əlaqədar bu bölgəyə məxsus xalçalar ikiqat ilmə şəklində toxunub. Xalçalar üzərində olan naxışlar dörd qrupa bölünür – həndəsi, antropomorf, zoomorf və nəbati. Gül-çiçək təsvirlərinin verildiyi naxış növü nəbati adlanır. Bütün naxışlar müxtəlif mənaları ifadə edir. Məsələn, qızılgül qədimdə sevginin və cənnətin simvolu sayılıb. Ağac təsvirləri isə bir ailənin kökünü, möhkəmliyini bildirib. Xovlu xalça üzərində buta şəkli təsvir olunub. Buta milli naxışımızdır, od-alov, göz yaşı kimi mənaları ifadə edir. Görünüş baxımından tovuzquşunun lələyinə də bənzədilir. Tovuzquşunun lələyinə daha çox oxşayan dilikli butanın toxunuşunda fərqli rənglərdən istifadə olunur. Eyni zamanda xovlu xalçalar üzərində quş təsvirləri də verilir. Quş qədimdə yerlə göy arasında əlaqənin simvolu sayılıb. Bu da insanların dini inancları ilə bağlı bir simvol idi.
Muzeydə müasir üsullarla xalçalar toxunaraq buraya gələn qonaqlara əyani nümayiş etdirilir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar muzeydə xalça üzərində onun loqosu toxunur.
Naxçıvan Dövlət Xalça Muzeyi yerli qonaqlarla yanaşı, xarici qonaqların da diqqətini cəlb edir. Muzey artıq mədəni mərkəzə çevrilib. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər keçirilir, kitab təqdimatları, elmi konfranslar təşkil olunur. Bütün bunlar da mədəni irsimizin, milli dəyərlərimizin qorunmasında, eyni zamanda tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğində böyük əhəmiyyətə malikdir.
Güntac Şahməmmədli
Naxçıvan Dövlət Universitetinin
Radiotelejurnalistika ixtisası üzrə I kurs magistrantı