Naxçıvanın simvollarından biri də Duzdağ mədənidir. Tarixi mənbələrə əsasən hələ 6 min il bundan əvvəl – Nuh Peyğəmbər dövründən buradan duz çıxarılıb. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə, xüsusilə şumerlərə buradan duz daşınıb.
Şumerlərdə duz müqəddəs sayılmış, duza səcdə etmişlər. Şumer əfsanəsi ilə Gəmiqaya, Nuh tufanı əfsanəsi üst-üstə düşür. Türkiyəli şumeroloq tədqiqatçıların araşdırmalarına görə, xüsusilə professor İlmiyyə Müzəyyən bildirir ki, şumerlər özlərinə Kəngər demişlər. Kəngərlilər isə Naxçıvanda yaşamışlar. Bu gün də Naxçıvanda Kəngərli soyadı, Kəngərli rayonu mövcuddur. Atı əhliləşdirənlər, arabanı kəşf edənlər kəngərlərdir ki, Gəmiqaya rəsmlərində ikitəkərli və dördtəkərli araba, at və atlı rəsmləri vardır. Heç şübhəsiz, bu arabalardan bir nəqliyyat vasitəsi kimi istifadə edilmiş və şumerlərə bu arabalar vasitəsilə duz daşınmışdır.
Tarixdə duzun ilk dəfə kəşf olunması da Naxçıvan diyarına məxsusdur. Duzu ilk dəfə mətbəxə gətirən oğuzlar olmuşdur. Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər bir qarışında, dağında, daşında sirli-sehrli tarixin izləri gizlənib. Bu yer haqqında xeyli elmi və publisistik məqalələr yazılsa da, hələlik bu məkanın sirri tamamilə açılmayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixdə imzaladığı Sərəncam Duzdağın tarixinin, 5 minillik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasındakı rolunun tədqiqində yeni bir mərhələnin başlanğıcını qoymaq baxımından aktual və əhəmiyyətlidir. Adıçəkilən sərəncam bu istiqamətdə yeni tarixi-elmi faktların üzə çıxarılmasına da təkan verəcəkdir.
Duzdağla bağlı xalq arasında yayılan rəvayətlərdən birində deyilir ki, Nuh Peyğəmbərin nəvəsi Türk xanın oğlu Tütək xan Duzdağ ərazisində ət yeyərkən tikəsi yerə düşmüş, tikənin düşdüyü yerdə olan duz parçaları ətin dadını dəyişmiş, onu yedikdə daha dadlı olduğunu hiss etmişdir. O, bunun duz olduğunu öyrənmişdir. O vaxtdan duz mətbəxdə istifadə edilməyə başlamışdır. Bu rəvayətlərdən bəzilərində Duzdağdan Qaraquca (Qaravuşa) qədər yeraltı yol olduğu da söylənir. Düzdür, bu fikirlər rəvayət olsa da, unutmaq olmaz ki, onlar müəyyən reallıqlara söykənir. Tədqiqatçıların ərazidə tapdıqları daş alətlər, keramika və obsidian qırıqları buranın qədim tarixə malik bir yer olduğunu təsdiq edir.
Duzla bağlı ən zəngin folklor materialları da Naxçıvandadır. Naxçıvan folklorunda duza aid xeyli atalar sözləri, bayatılar, xalq təbabəti nümunələri, əfsanə və rəvayətlər mövcuddur. Bu barədə bir neçə atalar sözünə və onların açıqlamasına nəzər sala bilərik: “Hələ duza gedir”. Açıqlamasını belə izah etmək olar: Bir insan hələ naşıdır, həyat çətinliklərini görməmiş, duza gedib oradan duz gətirməyin ağırlığını hələ dərk etməmişdir.
“Dəvəni tоya çağırdılar. О da ağladı ki, məni ya Naxçıvana duza göndərirlər, ya da Bərgüşada düyüyə”. Bu atalar sözü də duzun ağırlığından, daşınmasının zəhmətli iş olmasından xəbər verir. Ona görə də deyirlər: “Qız yükü, duz yükü”. Yəni duz yükü ağır olduğundan, qız tərbiyə edib, böyüdüb, boya-başa çatdırmaq da bir o qədər ağır işdir.
“Bir gün duz yediyin yerə qırx gün salam ver”. Açıqlaması belədir: Yəni heç vaxt nankorluq etmə, sənə xeyir verən insanlara, yerlərə, məkanlara sədaqətli ol. Yediyin məhsula hörmətlə yanaş. Sənə edilən yaxşılığı unutma və onun qədrini bil. Bu atalar sözünə bənzər daha bir atalar sözü də var ki, onun semantikası elə dediyimiz anlamdadır. Yaxud da deyilir: “Duz-çörək haqqını bilməyən kor olar”.
Duzla bağlı deyimlər də vardır: “Duz-çörək kəsmək” xalq deyimi də Naxçıvan regionunda geniş işlənməkdədir. Duz və çörək xalqın ən müqəddəs nemətidir və həmişə qorunmalıdır. O, evin bərəkətidir. Bu, o anlamda işlədilir ki, kimlə müqəddəs duz-çörək kəsilirsə, birlikdə yemək yeyilirsə, o adama sədaqətli olmalı, ona hörmətlə yanaşılmalıdır. Əlbəttə, hər adamla da duz-çörək kəsmək olmaz, bu ölçülüb-biçilib, düşünülməlidir. Buna görə də duz insanların and-aman yeri olmuşdur. “Bu duz-çörək mənə qənim olsun”, – demişlər.
“Əlimin duzu yoxdur” deyimində bir insanın başqalarına etdiyi yaxşılıqlar, qayğılar başa düşülməyəndə, ona qarşılıq verilmədiyində işlənilir.
“Naxçıvanın duzu, qızı, qarpızı”. Bu Naxçıvan deyimində də Naxçıvan duzu təriflənir, həmçinin Naxçıvan qız-gəlininin gözəlliyinə, habelə burada dadlı qarpız yetişdirilməsinə işarə olunur.
Bütün bunlar Naxçıvanın iqtisadiyyatı, həyat tərzi ilə əlaqədar, insanların həyat təcrübələri ilə bağlı duzla əlaqədar deyilmiş atalar sözləridir.
Duzla bağlı bayatılar da vardır. Onlara da nəzər salaq:
Naxçıvanın düzü var,
Büllur kimi duzu var.
İki könül bir оlsa,
Kimin оna sözü var.
Mərhum folklorşünas alim Rafiq Babayеv bu bayatını belə şərh edirdi ki, qız-gəlinin xörəyin duzunu artıq еtməsi nişanlısını, həyat yoldaşını çоx sеvməyinə – iki könlün bir olmasına işarədir.
Başqa bir bayatıda isə belə deyilir:
Naxçıvanın duz dağı,
Duz təpəsi, duz dağı.
Çəkdi yar sinəm üstə,
Dağ üstündən yüz dağı.
Bu bayatıda da sevgidə, eşqdə əzablara, çətinliklərə qatlanan bir aşiqin ürək yanğıları təsvir olunur ki, bu da duz dağı ilə müqayisə edilir.
Duz həm də xalqın inancı, inamı olmuşdur. Ona görə də “duz haqqı” ifadəsi də işlənməkdədir. Belə bir inanc da var: “Duz yerə töküləndə savaş olar, gərək duzun üstünə qənd qoyasan”.
Duz, xüsusilə insanları xarakterizə etmək məqsədilə istəkli, şirin mənasında işlədilir. “Çox duzlu uşaqdır”, “Nazlı-duzlu qızdır”.
Duzla bağlı tapmacalar da vardır: “Məni tək yeməzlər, mənsiz də yemək olmaz”.
Yuxu yozumlarında isə belə deyilir: “Yuxuda duz görənin və ya duz daşıyanın, reallıqda dişi ağrıyar”.
Duz xalq təbabətində də işlənməkdədir. “Diş ağrıyanda yerinə duz qoy və duzla qarqara et”, – deyərlər. Bütün bunlar bir daha göstərir ki, Naxçıvan qədim diyar olmaqla, həm də ilk duz məkanıdır.
Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağ haqqında xeyli elmi və publisistik məqalələr yazılıb. Duzla bağlı Naxçıvan folklor nümunələrinin toplanması, araşdırılması həm folklorşünaslığımızı dəyərli mənbə kimi zənginləşdirər, həm də bu tarixi yerin öyrənilməsi baxımından faydalı olar.
Ramiyyə ƏKBƏROVA