23 Dekabr 2024, Bazar ertəsi

Sirr deyil ki, Naxçıvan Muxtar Respublikası ölkəmiz üzrə inkişaf və tərəqqinin, yeni təşəbbüslərin bayraqdarına çevrilmişdir. Sosial-iqtisadi inkişafın Naxçıvan modeli artıq beynəlxalq arenada da müsbət əks-səda vermişdir. Bu diyarda bütün bölgələrə abad yollar çəkilmiş, yeni məktəb binalarının tikintisi geniş vüsət almış, təhsil ocaqları kompüterləşdirilmiş, distant təhsil sistemi qurulmuşdur.

Muxtar respublikada xalqımızın qədim mədəni irsinin qorunub yaşadılması, inkişaf etdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Əlincə qalası, Gülüstan türbəsi, Naxçıvanqala və digər qürur mənbəyimiz olan tarixi-memarlıq abidələrimizin bərpası gənc nəslin mənəvi tərbiyəsində çox böyük əhəmiyyətə malikdir. Eləcə də tarixi şəxsiyyətlərin, bu torpağın görkəmli yetirmələrinin yubileylərinin keçirilməsi, xati­rələrinin əbədiləşdirilməsi, görkəm­li ictimai-siyasi xadimlərin muzeylərinin fəaliyyətə başlaması mədəniyyətimizə böyük töhfədir. AMEA Naxçıvan Bölməsində, ali təhsil müəssisələrində elektron kitabxanalar yaradılmışdır.

Lakin etiraf edək ki, son illər ölkəmizdə televiziyanın, kommunikasiya vasitələrinin, internetin, sosial şəbəkələrin imkanlarının genişlənməsi XXI əsrin səciyyəvi göstəricisinə çevrilsə də, xalqımızın işıqlı gələcəyi olan gənclərimizin mütaliə mədəniyyətinə, kitab oxumaq vərdişlərinə xeyli mənfi təsir göstəribdir. Məsələn, elə Bakı şəhərinin özündə 117 kitab mağazasından indi cəmi 8-i fəaliyyət göstərir.
Heç kəsdən gizli deyil ki, cəmiyyətdə, xüsusilə gənclərdə kitaba, oxumağa biganə münasibət yaranmışdır. Onu da deyək ki, yaşadığımız XXI əsrdə gəncləri kitabı sevməyən və oxumayan heç bir ölkə inkişaf edə bilməz.
Mütaliə cəhalət və xurafatdan xilas olmaq deməkdir. Hələ XIX əsrdə Azərbaycan maarifçiləri – M.F.Axundzadə, H.Zərdabi, M.T.Sidqi, M.Şahtaxtlı və digər ictimai xadimlər bu sahədə böyük əmək sərf etmiş, xalqı oxumağa, elmə yiyələnməyə, əsl vətəndaş kimi fəaliyyət göstərməyə, maarif işığından bəhrələnməyə çağırmışlar. Müqəddəs “Qurani-­Kərim”in ilk ayəsinin “Oxu!” əmri ilə başlaması da bu baxımdan xüsusi mənaya malikdir. Ancaq müasir dövrdə bu sahədə xoşagəlməz mənzərə yaranmışdır. Mütaliə mədəniyyətində sanki bir boşluq hökm sürür. Halbuki biz yaşlı nəslin yaxşı yadındadır ki, elə yaxın keçmişdə avtobusda, metroda gəncləri kitab mütaliə edən görərdik. Bəs indi XXI əsrdə nə etmək lazımdır ki, kitaba göstərilən bu soyuqluğun qarşısı alınsın, gənclər oxumağa alışsınlar, elm və texnikanın inkişafından bəhrələnsinlər, mənəviyyatlarını inkişaf etdirsinlər?
Bu sahədə çıxış yollarından biri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı ilə çox doğru şəkildə göstərilmişdir. Bu sərəncamda Azərbaycan və dünya ədəbiyyatının 30 ən qiymətli nümunəsinin mütaliə edilməsi tövsiyə olunmuşdur. Siyahıda qeyd edilən əsərlərin əhatə dairəsinin sonrakı mərhələlərdə daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Adları sənəddə qeyd olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünya­görüşünün inkişaf etdirilməsinə xidmət edir. Həmin siyahıda gənc nəslin vətənpərvərlik tərbiyəsi, milli və mənəvi özünüdərki, dünyagörüşünü zənginləşdirən və daha da möhkəmləndirən kitablara üstünlük verilməsi diqqəti cəlb edir.
Ali Məclis Sədrinin sərəncamı ziyalılar, elm və təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyur. Gəncləri oxumağa, mütaliəyə həvəsləndirmək bu təşkilatların əsas işi olmalıdır.
Oxumaq, mütaliə etmək mənəvi zənginliyə xidmət edir. Ona görə biz bu işlə mütəmadi olaraq məşğul olmalı, xalqımızın gələcəyi olan gənclərin mütaliəyə cəlb edilməsinə çalışmalıyıq. Ona nail olmalıyıq ki, gənclər oxumağı sevsinlər, siyahıda göstərilən əsərləri mütaliə etsinlər. Bunun üçün təhsil və mədəniyyət müəssisələri işlərini yenidən qurmalı, bu istiqamətdə gənclər arasında disput və diskussiyalar keçirməli, fikir mübadiləsi aparmalıdırlar.
Qeyd edək ki, bununla əlaqədar müəssisə və təşkilatlarda tətbiq olunan muzey günlərinin keçirilməsi geniş imkanlar yaradır. Naxçıvanda yaxşı bir ənənə formalaşmışdır: ayda bir dəfə olmaqla, müəssisə və təşkilatların əməkdaşları muxtar respublikada fəaliyyət göstərən muzeylərdə olurlar. Həmin muzeylər gənclər arasında ədəbiyyat və tarix mövzusunda əsərlərin təbliğinə xeyli kömək edir.
İnanırıq ki, Naxçıvan Mux­tar Respublikası Ali Məclisi Sədrinin sərəncamı gənc nəslin vətənpərvərlik, Azərbaycançılıq ruhunda tərbiyəsinə, müstəqil dövlətimizin kamil vətəndaşı, zəngin mənəviyyatlı şəxsiyyəti kimi formalaşmasında mühüm rol oynayacaqdır. Bu sərəncam elm və mədəniyyətimizə dəyərli bir töhfədir.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR