23 Dekabr 2024, Bazar ertəsi

Muzeylərin tariximizin, mədəniyyətimizin təbliğ olunmasındakı, insanların maarifləndirilməsindəki rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində olublar. Məlumat verilib ki, muzey 1924-cü ildə Tarix-Etnoqrafiya Muzeyi kimi fəaliyyətə başlayıb, ötən müddət ərzində özünəməxsus inkişaf yolu keçib. Muzeyin ekspozisiyası qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. Bir neçə şöbədən ibarət olan muzeydə müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar nümayiş etdirilir. Eyni zamanda muzeydə orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ-tətbiqi sənətə aid xalçaçı­lıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri sərgilənir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Dövlət Bayrağı Muzeyində, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri Heydər Əliyev Muzeyində, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Ədəbiyyat Muzeyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Nəqliyyat Nazirliyində çalışanlar “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində və Gülüstan türbəsində, Vergilər Nazirliyinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, İqtisadiyyat Nazirliyinin işçiləri Naxçıvan Dövlət Xalça Muzeyində, Maliyyə Nazirliyinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev-muzeyində, Daxili İşlər Nazirliyinin kollektivi Bəhruz Kəngərli Muzeyində, Dövlət Gömrük Komitəsinin əməkdaşları Xatirə Muzeyində, Fövqəladə Hallar Nazirliyinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində, Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin aparatı Cəlil Məmmədquluzadənin ev-muzeyində, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Hərbi Prokurorluğun və Naxçıvan Şəhər Prokurorluğunun kollektivləri Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.
Şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də muxtar respublika mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da müvafiq olaraq rayon mərkəzlərində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq və digər muzeyləri ziyarət ediblər.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR