Şərurun qədim tarixə və mədəniyyətə malik olmasını onun daş abidələri, arxeoloji maddi-mədəniyyət nümunələri ilə yanaşı, həm də mədəniyyətimizin incisi və ən qədim növü sayılan yallıları da təsdiq edir. Bu mənada, yallını Şərurun qədim rəmzi adlandıranlar da yanılmırlar. Oğuz ellərinin həyat tərzi, məişəti, dünyabaxışı “Kitabi-Dədə Qorqud” dastanlarında sözlə, fikirlə, yallılarda isə ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü də xüsusi məna və məzmun daşıyıb. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, həmişə haqq-ədalətə və sülhə can atmasını özündə yaşadıb.
Tədqiqatçıların fikrincə, yallı 8-10 min il bundan əvvəl yaranıb. Heç şübhəsiz ki, onun yaranması yazılı mədəniyyətin formalaşmasından əvvəlki dövrlərə təsadüf edib. İlkin yallılar oda, atəşə pərəstiş dövründə yaranıb, od-ocaq ətrafında toplanan mərasimlərdən ibarət olub. Bu deyilənləri tariximizin ən böyük daş kitabələri olan Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində də görmək olur. Xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə Şərur yallısını Naxçıvanın mənəvi emblemi adlandırır. Bu folklor rəqsləri qədim torpağın Azərbaycançılıq möhürüdür.
Şərur yallılarının yaşadılmasında, qorunmasında və təbliğində “Şərur” Xalq Yallı Ansamblının da böyük rolu var. Ansamblın əsası 1924-cü ildə qoyulub. 30-cu illərin ortalarından “Staxanov kolxozçularının rəqs ansamblı” adı ilə fəaliyyətə başlayıb. Ölkəmizdə mədəniyyətə, onun ayrılmaz qolu olan incəsənətə göstərilən qayğı və diqqətdən bu kollektivə də pay düşüb. Ötən əsrin 70-ci illərindən “Şərur yallısı” el-el, oba-oba gəzib, dolaşıb. Kollektiv dünyanın bir çox ölkələrində keçirilən festivallarda iştirak edərək diplom və mükafatlara layiq görülüb. 1970-ci ildə Bakı şəhərində keçirilən “Naxçıvan mədəniyyəti günləri”ndə muxtar respublikanı təmsil edən kollektivlər sırasında bu ansambl da olub. Respublika sarayındakı yekun tədbirdə iştirak edən ulu öndər Heydər Əliyev konsertdən sonra səhnə arxasında ifaçılarla söhbət edərkən bu ansamblın çıxışından razı qaldığını bildirib, tövsiyə və tapşırıqlar verib: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir... Yallını qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır”, – deyib.
1972-ci ildə Almaniya Demokratik Respublikasında keçirilən ümumdünya folklor festivalı ansamblın üzvləri üçün yaddaqalan olub. Ansamblı beynəlxalq əhəmiyyətli tədbirə məşhur rəqqasə, Azərbaycan Respublikasının Xalq artisti Əminə Dilbazi hazırlayıb. O, öz xatirələrində yazıb: “Məndən soruşdular: SSRİ-ni Almaniyada hansı folklor kollektivi təmsil edə bilər? Qərara gəldik ki, Naxçıvan yallısını aparaq. Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda, Şərur torpağındadır... Biz Almaniyaya elə bir folklor nümunəsi aparmalıydıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi...” Uğurlu çıxışlarına görə ansambl festivalın laureatı adını qazanır. Həmin il ansambl Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunur, kollektivə “Xalq Yallı Ansamblı” statusu verilir. Məhz o dövrdə ümumittifaq televiziyası tərəfindən “Şərur yallısı” sənədli filmi çəkilir.
Müstəqillik dövründə isə ansamblın fəaliyyətində canlanma 90-cı illərin ikinci yarısından başlanıb. Muxtar respublikada həyata keçirilən yeni quruculuq xətti mədəniyyət sahələrini də öz ağuşuna alıb. İncəsənət kollektivlərinin fəaliyyəti gücləndirilib. Bu qayğı sayəsində də “Şərur” Xalq Yallı Ansamblı 1997-ci ildə Türkiyənin İskəndərun şəhərində folklor bayramında uğurla çıxış edib. 1998-ci ildə Bayburt şəhərində keçirilən “Dədə Qorqud” festivalında da onlar yüksək mükafata layiq görülüblər. 2001-ci ildə Misirin paytaxtı Qahirədə keçirilən on ikinci beynəlxalq folklor festivalı da yaddaqalan olub.
Ansamblın rəhbəri, Şərur yallılarının mahir ifaçısı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Kimya Babayevanın dediklərindən: “Avropanın, Asiyanın və Afrikanın bir çox ölkələrini gəzmişik. Həmişə bizim yallılara böyük maraq göstərilib. Elə bir səfər olmayıb ki, oradan əliboş qayıdaq. Misirdə keçirilən folklor festivalında da Şərur yallısı bütün salonu məftun etdi. 40-dan çox ölkənin folklor rəqs ansamblının dəvət olunduğu həmin tədbirdə “Qızıl açar”a layiq görüldük”.
Kollektivin üzvləri 2002-ci ilin iyun ayında İstanbulun böyük rayonlarından biri olan Pendikdə keçirilən mədəniyyət və incəsənət bayramında öz ustalıqlarını bir daha nümayiş etdiriblər. Onlar 2010-cu ilin iyul ayının əvvəllərində Ərdahan vilayətində “Atatürkün izində, kölgəsində Damal şənlikləri” festivalında da müvəffəqiyyətlə iştirak ediblər.
Ansamblın bədii rəhbəri, Prezident mükafatçısı Əfsər Novruzov deyir ki, biz kəndbəkənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayır, öyrənir, repertuarımızı daha da zənginləşdiririk. Ömürlərinin ahıl çağını yaşayan insanlarda xeyli bilgilər var. Onların köməyi ilə unudulmaqda olan 4-5 yallı bərpa edilib. Hazırda isə repertuarımızda ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqs özünə yer tutub.
Ansamblın 50-yə yaxın üzvü var. Onların bir çoxu istedad və qabiliyyətləri ilə ölkə miqyasında yaxşı tanınıblar. Azərbaycan milli musiqi mədəniyyətinin, folklorun inkişafında göstərdiyi xidmətlərə görə ansamblın üzvlərindən Səttar Əhmədov, Kimya Babayeva və Kamal Babayev “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüblər.
Yallının beşiyi sayılan Şərurda indi 3 yallı ansamblı fəaliyyət göstərir. Bu ansambllar üzvlərinin yaş fərqinə görə seçilir: “Şərur qönçələri” uşaq yallı ansamblı, gənclərə və orta nəslə mənsub olan “Şərur” Xalq Yallı Ansamblı və yaşlılardan ibarət “Nurani” ansamblı. Çərçiboğan mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Nurani” ansamblı öz ətrafında 60-70 yaşlı ifaçıları toplayıb. Onları vahid kollektiv şəklində birləşdirən qüvvə el sənətimizə olan sonsuz məhəbbət və ehtiramlarıdır.
“Şərur qönçələri” uşaq yallı ansamblının bədii rəhbəri Səttar Əhmədov deyir ki, ansambl 1998-ci ildə yaradılıb. Rayon Mədəniyyət Evi nəzdində fəaliyyət göstərən ansamblın 34 üzvü var. 2000-ci ildə ansambl Türkiyənin Ankara şəhərində keçirilən 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı Günündə uğurla çıxış edərək diplom və mükafatlara layiq görülüb. 2007-ci ildə Qars şəhərində keçirilən uşaq bayramında da onlar birincilik qazanıblar. “Şərur qönçələri” 2008-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə Bakı şəhərində keçirilən uşaq rəqs kollektivlərinin birinci respublika festivalının qalibləri cərgəsində olub, müvəffəqiyyətli çıxışlarına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatına layiq görülüb.
Kollektiv 2010-cu ilin avqust ayında Türkdilli xalqların mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq təşkilatı TÜRKSOY-un dəstəyi və Türkiyənin Ağrı şəhər valiliyinin təşkilatçılığı ilə keçirilən “Ağrı mədəniyyət və sənət günləri” tədbirindən də mükafatla qayıdıb. Gənc istedadlar üçün ən əlamətdar və yaddaqalan hadisə isə Naxçıvan şəhərində Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısı şərəfinə Heydər Əliyev Sarayındakı çıxışıdır. “Şərur qönçələri” uşaq yallı ansamblı 2008-2009-cu illərdə Bakıda keçirilən Gənclərin birinci ümumittifaq rəqs festivalında iştirak edib. Bu festivalda da mükafata layiq görülüb.
Yallı təkcə musiqi və rəqs növü deyil. O, qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla yanaşı, xalqımızın həm də bugünkü varlığıdır. Məhz bu mənəvi sərvətlərimiz ilə milli varlığımızı qoruyub saxlaya bilirik. Elə bu baxımdan da muxtar respublikada yallılarımızın yaşadılması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlər hər kəs tərəfindən rəğbətlə qarşılanır.
Ramiyyə ƏKBƏROVA