23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanın özünəməxsus, zəngin memarlıq ənənələri var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada böyükhəcmli tikinti-quruculuq tədbirləri həyata keçirilib və bu tədbirlər indi də uğurla davam etdirilir. Muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, ən ucqar kənd yaşayış məntəqələrində də müasir inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilib istifadəyə verilir. Bu gün muxtar respublikada tikilən və ya yenidən qurulan hər bir obyekt özündə zəngin milli ornamentlərlə yanaşı, müasir memarlıq üslubunun özəlliklərini də əks etdirir. Yaddan çıxarmaq olmaz ki, bu günün tikilisi onilliklər sonra tarixi abidəyə çevrilə bilər. Bunun üçün isə tikinti işlərində arxitektura elementlərinə, keyfiyyət amilinə ciddi fikir verilməlidir. Bu baxımdan 2015-ci ildən etibarən muxtar respublikada Memarlar Birliyinin yaradılması böyük əhəmiyyət kəsb edir. Qurumun ötən müddətdəki fəaliyyəti ilə bağlı oxucularımızı məlumatlandırmaq üçün birliyin sədri Heydər Əhmədovla görüşüb həmsöhbət olduq. Onu da qeyd edək ki, Heydər Əhmədov hazırda Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin müəllimidir.

 – Heydər müəllim, memarlığı şəxsi yaradıcılıq fəaliyyəti kimi qəbul etmək olarmı?

– Memarlıq bəşəri sənətlər sırasında ikinci yerdə qərarlaşıb. Birinci yer tibb elmlərinə, ikinci yer isə memarlığa məxsusdur. Fərqli cəhətləri olmaqla yanaşı, onları bir oxşar cəhət; hər ikisinin səhvinin bağışlanılmazlığı da birləşdirir. Memarlığın digər yaradıcı sənətlərdən fərqi ondadır ki, o hamıya məxsusdur, hər kəs ondan bəhrələnə bilər. Memarlığın əsas özəlliklərindən biri də cəmiyyətdə baş verən dəyişik­liklərə ilkin olaraq reaksiya verməsidir. Yəni cəmiyyətin sosial-iqtisadi, maddi-mənəvi durumu, ideologiyası və sair cəhətlər memarlıq tikililərində öz əksini tapır. Bir xalqın danışıq dilini bilmədən belə, cəmiyyət haqda ilkin təəssürat almaq üçün o ölkənin memarlıq nümunələrinə nəzər salmaq kifayətdir.

– Birliyin qarşısında duran vəzifələr nədən ibarətdir?

– İlk olaraq qeyd edim ki, Azərbaycanın ən qədim, ən zəngin tarixə malik olan Naxçıvan torpağında memarlıq baxımından misilsiz nailiyyətlər əldə edilib. Tarixi Nuh dövründən bu günə məlum olan qədim diyarda xalqımızın ən dəyərli inciləri qorunub saxlanılır. Yaxın Şərqdən uzaq Qərbə kimi tanınmış Naxçıvan memarlıq məktəbi tarixi irsə əsaslanaraq bu gün də inkişafdadır və nümunəvi memarlıq əsərləri yaratmaqdadır. Bunun əyani sübutu Naxçıvan Muxtar Respublikasının şəhər və qəsəbələrində inşa edilib xalqın istifadəsinə verilən yeni memarlıq əsərləridir. Bu böyük və xeyirxah işlərin reallaşması Naxçıvan memar və inşaatçılarını dəstəkləyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısının nəticəsidir. Təsadüfi deyildir ki, Ali Məclisin Sədri Naxçıvan ərazisində şəhərsalma və memarlıq sahələrində böyük inkişafın və uğurların əldə olunmasında göstərdiyi fəaliyyətə görə Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü seçilibdir. Məhz onun təşəbbüsü ilə yaradılan Memarlar Birliyinin vəzifəsi yaradıcılıq konsepsiyalarını formalaşdırmaqdan, muxtar respublikada memarlığın inkişaf strategiyasını dövlət orqanları ilə birlikdə həyata keçirməkdən, memarlıq və şəhərsalma sahəsində qəbul olunmuş normativ aktların icra edilməsinə, tarixi-memarlıq mühitinin mühafizəsinə, muxtar respublika memarlarının peşə vərdiş­lərinin təkmilləşdirilməsinə yaxından köməklik göstərməkdən, bu prosesdə savadlı kadrların yerləşdirilməsinə önəm verməkdən ibarətdir. Qeyd etmək istərdim ki, təmsil etdiyim qurum muxtar respublika memarlarının könüllü müstəqil yaradıcılıq birliyidir. Hazır­da birlik öz ətrafında 60 memarı birləşdirir.

– Birlik tərəfindən hansı işlər görülür?

– Qurumumuzda mütəmadi olaraq memarlarla görüşlər keçirilir, memarlıq işləri, layihələrin müzakirəsi həyata keçirilir. Bundan başqa, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsi tələbələrinin tarixi abidələrimizə ekskursiyaları təşkil olunur, memarlarımız tərəfindən ustad dərsləri keçilir. Bu ixtisas üzrə təhsil alan tələbələrin elmi nəşrlərə olan ehtiyacının ödənilməsi üçün də bir sıra işlər görülüb. Belə ki, dünyanın tanınmış memarlarının kitablarını tərcümə edərək elektron variantda universitet kitabxanasına təhvil vermişik. Bundan başqa, dövlət qurumlarının memar kadrlarla təmin olunmasına da birliyimiz tərəfindən köməklik göstərilir. Memarlıqda günün tələblərindən biri də kompüter üzrə yeni proqramların mənimsənilməsidir. Birliyimiz tərəfindən dünyanın ən müasir proqramları araşdırılır və sonra tələbələrin bu proqramları dərindən öyrənmələrinə şərait yaradılır. Hazırda birliyimizin üzvləri oktyabrın birinci həftəsində keçiriləcək Beynəlxalq Memarlar Gününə hazırlaşır. Həmin gün birliyimiz tərəfindən Əcəmi seyrəngahında sərgi təşkil olunacaq, bu tədbirdə şəhərimizin müasir memarlıq nümunələrinin maketləri nümayiş ­etdiriləcəkdir.

– Gələcək planlarınız haqda nə deyə bilərsiniz?

– Naxçıvan torpağının simasının daha da zənginləşdirilməsində hər bir memarın əməyi olmalıdır. Memarlar Birliyi olaraq məqsədimiz ayrı-ayrılıqda, pərakəndə şəkildə fəaliyyət göstərən memarlıq qüvvələrini birləşdirib muxtar respublikanın sosial-iqtisadi inkişafındakı təxirəsalınmaz işlərə yönəltmək, Naxçıvanda memarlığın inkişafında meydana gəlmiş mütərəqqi ənənələrin və yeniliyin aparıcısı rolunda çıxış etməkdir. Əminliklə deyə bilərəm ki, indi muxtar respublikada memarlıq yaradıcılığının mürəkkəb məsələlərini həll edə biləcək mütəxəssislər nəsli yetişib. Çalışacağıq ki, muxtar respublikada şəhər və kəndlərin abadlaşdırılmasında, memarlıq görkəminin formalaşmasında rol oynayaq, yaradıcılıq proseslərini istiqamətləndirək, Əcəmi memarlıq məktəbinin davamı olan müasir Naxçıvan memarlığının inkişafı, tanıdılması istiqamətində səylə çalışaq.

– Şəhərimizin bədii görkəmi, obrazı haqda bir peşəkar kimi fikrinizi bilmək maraqlı olardı.

– Memarlıqda ansambl deyilən bir anlayış var. Bütün tikililərin vahid bir obraz çərçivəsində qavranmasına cəhd. Əlbəttə ki, doğma Naxçıvan şəhərinin də siması, sözün müsbət mənasında, dəyişikliyə uğramamış qala bilməzdi. Ancaq son illərin bərpa proseslərinə nəzər salsaq, görərik ki, yeni tikililərin sayının gündən-günə artmasına baxmayaraq, ansamblın qorunmasına xüsusi diqqət yetirilir, tikinti materiallarının seçimində belə, Naxçıvanın ənənəvi simasını hifz etmək üçün səy göstərilir, tarixi binaların “yaddaşı” qorunub saxlanılır. Bu, bütün sahələrdə olduğu kimi, memarlıqda da milli və mənəvi dəyərlərimizə hörmət və ehtiramın göstəricisidir. Bu gün biz memarların ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, tayı-bənzəri olmayan, vəhşicəsinə dağıdılan abidələrimizin bərpasında iştirak etmək, şəhərlərdə yerlə yeksan olunan binalara ikinci həyat verməkdir. İnanırıq ki, tez bir zamanda bu arzu da gerçəkliyə çevriləcək.
– Maraqlı müsahibə üçün sağ olun!

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR