Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseydə Şərur Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Yay tətili uşaqların gözü ilə” devizi altında festival keçirilib.
Məlumat verilib ki, “Yay tətili uşaqların gözü ilə” devizi altında keçirilən festivalda, o cümlədən muxtar respublika səviyyəli müsabiqələrdə Şərur rayonunun 12 ən yaxşı dərnək üzvü və 8 ən yaxşı dərnək rəhbəri diplomlara layiq görülüblər.
Diplomları qaliblərə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov təqdim ediblər.
Açıq səma altında təşkil olunan tədbirdə aparıcılar qeyd ediblər ki, muxtar respublikamızda uşaqların sağlam, bilikli, vətənpərvər böyümələri üçün geniş imkanlar mövcuddur. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin bölgədə uğurla həyata keçirilməsinin nəticəsidir ki, uşaqların hərtərəfli inkişafının təmin olunması, yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi daim diqqət mərkəzindədir. Belə ki, hər il muxtar respublikamızda ümumtəhsil müəssisələri üçün yeni binalar tikilir, məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, tədris ocaqları müasir informasiya texnologiyaları ilə təmin olunur, açıq və örtülü idman qurğuları yaradılır. Bunu Şərur rayonunun timsalında da aydın görmək olar. Son illər Şərur rayonunda 44 ümumtəhsil məktəbi, Fizika-Riyaziyyat Təmayüllü Lisey, Texniki-Peşə və Sürücülük Məktəbi, Uşaq-gənclər idman və şahmat məktəbləri üçün yeni binaların tikilməsi bunun bariz ifadəsidir. Rayonda fəaliyyət göstərən 6 məktəbdənkənar müəssisə də hərtərəfli qayğı əhatəsindədir.
Sonra rayon Təhsil Şöbəsinin əhatə etdiyi məktəbdənkənar müəssisələrə cəlb edilmiş istedadlı uşaqların hazırladıqları əl işləri – rəsm, toxuma, tikmə, dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib, uşaqlardan ibarət yallı qruplarının çıxışları olub, bir-birindən maraqlı mahnılar, saz havaları səsləndirilib. Uşaq və yeniyetmələr şahmat taxtası arxasında yarışıblar, idman və bədii gimnastika bölmələrinin üzvləri bacarıqlarını nümayiş etdiriblər.
Yüzlərlə rayon sakininin tamaşa etdiyi festival beynəlxalq müsabiqələr laureatı olan Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblının çıxışı ilə başa çatıb.
Elman MƏMMƏDOV