Son illər aparılan araşdırmalar zamanı Naxçıvan ərazisində Eneolit dövrünə aid xeyli yeni arxeoloji abidə aşkar olunub. Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən karbon analizlər onların eradan əvvəl V minilliyin birinci yarısına aid olduğunu göstərib. Bu baxımdan Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində aşkar edilən yeni yaşayış yeri xüsusilə əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvan yaşayış yerində araşdırmalar bu il iyulun 10-da başlanıb. Hazırda tədqiqatlar davam edir. Yaşayış yerinin tədqiqi zamanı eramızdan əvvəl V minilliyin əvvəllərinə və birinci yarısına aid edilən maddi-mədəniyyət nümunələri qədim tariximizin dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir. Yaşayış yeri düzbucaqlı arxitektura ilə xarakterizə olunur. İlkin araşdırmalar mədəni təbəqənin 1,5-2 metr arasında olduğunu göstərir. Yaşayış yerindən tapılan Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika diqqəti cəlb edir. Urmiya hövzəsində, Dalma Təpə yaşayış yerindən aşkar olunan Eneolit mədəniyyəti indiyədək izolyasiya edilmiş mədəniyyət sayılırdı və Cənubi Qafqazda aşkar olunmayıb. Yeni tapıntılar bu mədəniyyətin Azərbaycanda mövcudluğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəlliklərə malik olduğunu deməyə imkan verir.
Arxeoloji araşdırmalar göstərir ki, Cənubi Azərbaycan, o cümlədən Urmiya hövzəsindəki Eneolit abidələrində istifadə olunan obsidianın 95 faizi Naxçıvan yaxınlığındakı Sünik yatağından aparılıb. Kültəpə ətrafındakı Eneolit abidələrinin tədqiqi Naxçıvanda 60 faiz Göyçə, 30 faiz Sünik obsidianından istifadə olunduğunu təsdiq edir. Bu həm də Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin edilməsi baxımından Naxçıvanın mühüm strateji nöqtə olduğunu göstərir. Hazırda aparılan araşdırmalar əsasında Eneolit yaşayış yerlərinin GPS koordinatları əsasında xəritələşdirilməsi qədim kommunikasiya xətlərini müəyyənləşdirməyə də imkan verib.
Qeyd edək ki, Azərbaycanda Şomutəpə və Kültəpə tipli abidələrin Neolit dövrünə aid edilməsi nəticəsində Son Neolit və Son Eneolit mədəniyyətləri arasında bir boşluq yaranmışdı. Naxçıvanda aşkar olunan abidələr bu boşluğu doldurmağa imkan verir.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü, Naxçıvan şəhər
arxeoloji ekspedisiyasının rəisi