Bu münasibətlə keçirilən elmipraktik konfransı girişsözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışıb.
Bildirilib ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli liderimiz Heydər Əliyevin mühüm tarixi xidmətləri olub. Rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Qeyd olunub ki, ölkə başçısı tərəfindən mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
“Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda çıxışında universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq Azərbaycan müstəqillik qazandıqdan sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.
“Milli mətbuatın inkişaf tarixi” mövzusunda çıxış edən Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulan “Əkinçi” ənənələri üzərində ucalan müasir mətbuatımız haqqında məlumat verib.
Sonra milli mətbuatın 142 illiyi münasibətilə universitetin Media mərkəzində çalışan bir qrup əməkdaşa, “Qeyrət” nəşriyyatında fəaliyyət göstərən işçi heyətinə universitetin fəxri fərmanı və hədiyyələr təqdim olunub.
Səadət Əliyeva