Görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. “Əkinçi”nin nəşri milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, mədəniyyətimizə sahib çıxmağa, milli əqidəmizin təkamülünə rəvac vermişdir.
Milli mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri olan maarifləndirmə, müasirləşmə, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın təməl prinsiplərini ortaya qoymuşdur. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. “Əkinçi” ənənələrini davam etdirən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz”, “Füyuzat”, “Zənbur”, “Babayi-əmir” kimi qəzet və jurnallar milli mətbuatımızı çoxşaxəli inkişaf yoluna çıxarmışdır. Sovet hakimiyyəti illərində unudulan bu ənənələr bir də 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra gündəliyə gətirilmiş, mətbuatda milli dəyərlərimizi, adət-ənənələrimizi, zəngin tarixi-mədəni irsimizi təbliğ edən yazılara geniş yer verilmişdir.
Milli mətbuatımızın müstəqillik illərindəki inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan jurnalistikası söz, fikir, mətbuat azadlığına məhz ulu öndərin zəngin dövlətçilik təcrübəsi sayəsində nail olub. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Bu sahədə möhkəm qanunvericilik bazasının yaradılması mətbuatın inkişafında ciddi dönüş yaratdı. “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”, – deyən ümummilli liderin uzaqgörənliyi sayəsində ölkə mətbuatında söz, fikir və əqidə azadlığının təmin olunması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparıldı, Azərbaycan bu sahədə mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların söz və fikir azadlığı, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək, yaradıcılıq azadlıqları təsbit olundu. İnformasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verildi.
Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzura ləğv edildi, mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Görkəmli dövlət xadimi Heydər Əliyev mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi qayğı göstərirdi. 2001-ci ildə Azərbaycan jurnalistlərinin birinci qurultayının keçirilməsi və Mətbuat Şurası adlanan özünütənzimləmə təsisatının yaradılması da milli mətbuatın inkişafında mühüm mərhələ təşkil edir.
Müdrik dövlət rəhbəri Heydər Əliyev jurnalist kollektivləri ilə görüşlərində mətbuatın problemlərini, mövcud nöqsanlarını da qeyd edir, dəyərli tövsiyələr verir, kütləvi informasiya vasitələrinin, ayrı-ayrı jurnalistlərin dövlət quruculuğu, xalqın maarifləndirilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətlərini yüksək dəyərləndirərək deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. ...O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq kütləvi informasiya vasitələrinin inkişafına şərait yaradılmasını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. 2003-cü ildən başlayaraq ölkəmizdə mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və jurnalist əməyinin qiymətləndirilməsi sahəsində bir sıra fərman və sərəncamlar imzalanmışdır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası”nın qəbul edilməsi, mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalist əməyinə verilən yüksək qiymətin göstəricisidir.
Muxtar respublikada bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə etmişdir. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriyyəliyi təmin edilmişdir. Son illər həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikanın informasiya blokadası ləğv edilmiş, azad mətbuatın inkişafı təmin olunmuşdur. Hazırda Naxçıvanda 2 televiziya, 2 radio, bundan başqa, “Universitet” televiziyası və radiosu fəaliyyət göstərir, 9 qəzet, 3 jurnal nəşr olunur. Kütləvi informasiya vasitələrində 400-ə yaxın əməkdaş çalışır. Bu gün muxtar respublika mətbuatı öz tarixi ənənələrinə söykənərək ictimai rəyin formalaşdırılması, milli dəyərlərin qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı mətbuatın inkişafına öz töhfəsini vermişdir. Sərəncamdan sonra muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanlarının normal fəaliyyəti üçün əlverişli iş şəraiti yaradılmış, mətbuat orqanlarının maddi-texniki bazası daha da gücləndirilmişdir. Artıq 10 ildən çoxdur ki, muxtar respublikanın mərkəzi mətbuatı – “Şərq qapısı” qəzeti həftədə 5 dəfə nəşr olunur. Ali Məclis Sədrinin mətbuat işçiləri ilə keçirdiyi görüşlər, onların problemləri ilə maraqlanması, dəyərli məsləhətlər verməsi jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar açır. Milli mətbuatın, eləcə də “Şərq qapısı” qəzetinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 2005-ci ilin oktyabr ayında Naxçıvan Mətbuat Şurasının yaradılması, “Şərq qapısı” qəzeti redaksiyasının, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının istifadəyə verilməsi, “Şərq qapısı” qəzetinin internet saytının yaradılması mətbuata göstərilən dövlət qayğısının parlaq təzahürüdür.
Naxçıvanda qəzetlərlə yanaşı, televiziya və radioların da maddi-texniki bazası gücləndirilir. Bu gün Naxçıvan Dövlət Teleradiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdirlər. İnformasiya texnologiyalarının tətbiqi teleradio materiallarının keyfiyyətini xeyli yaxşılaşdırmış, muxtar respublikada rəqəmsal yayıma keçid təmin olunmuş, Naxçıvan Dövlət Televiziyasının internet saytı yaradılmış, televiziyanın və radionun internet üzərində canlı yayımı təmin edilmişdir. Digər bir tərəfdən yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilişi və sürətli internetə çıxış imkanının yaradılması insanların informasiya tələbatının tam dolğun ödənilməsinə imkan verir. Yaradılan şərait jurnalistlərin sərbəst fəaliyyət göstərməsinə hesablanıb. Artıq ölkəmizin mötəbər televiziya və informasiya agentliklərinin muxtar respublikada müxbir postları fəaliyyət göstərir, hər il dünyanın müxtəlif yerlərindən gələn yüzlərlə jurnalist Naxçıvan haqqında teleradio və qəzet materialları hazırlayırlar.
Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika və dünya ədəbiyyatı kafedrası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Həmçinin buradakı Media Mərkəzində, xüsusilə “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Bu gün artıq muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyətinin gənclərdən ibarət olması bunu bir daha təsdiq edir.
Naxçıvan Muxtar Respublikasında azad sözə, azad fikrə xüsusi diqqət göstərilməsinin nəticəsidir ki, jurnalistlərin yaradıcılıq imkanları xeyli genişlənmişdir. Ali Məclis Sədrinin muxtar respublikanın mətbuat işçiləri ilə görüşləri zamanı verdiyi tövsiyə və tapşırıqlar mətbu orqanların fəaliyyətinin istiqamətləndirilməsində əsaslı rol oynayır. Bu il yanvarın 28-də “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirə zamanı Ali Məclis Sədrinin müəyyənləşdirdiyi “İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir” – prinsipi muxtar respublikada mətbuatın bundan sonrakı fəaliyyətində mühüm istiqamət olacaqdır.
Mehriban SULTAN