Şəxsiyyətin inkişafında, gənc nəslin hərtərəfli yetişməsində tərbiyə amili tarixən mühüm əhəmiyyət kəsb edib. Antik dövrün filosofu Platon deyirdi ki, dövlətin gücü insanların tərbiyəsindən asılıdır. Görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi uşağın formalaşmasında tərbiyənin rolunu qiymətləndirərək deyirdi: “... Uşaqlıq yaş ağaca bənzər, təzə yaş ağacı hər nə qədər əyri olsa, düzəltmək asandır və insanın da kiçikliyində tərbiyə qəbul etməsi vazeh mətləblərdəndir”. Tərbiyə insanın inkişafına təsir göstərsə də, müəyyən mənada inkişafdan asılıdır və insanın inkişaf səviyyəsinə əsaslanır. Bu qarşılıqlı münasibətlərin dialektikası da özünü məhz burada göstərir.
Məlumdur ki, uşaqlarda humanist keyfiyyətlərin formalaşdırılması elə bir yüksək əxlaqi borc, vəzifədir ki, bütün dövrlərin zəka və fikir sahibləri, mütəfəkkirlər ona biganə qalmamışdır. Aristoteldən sonra “ikinci müəllim” adını qazanmış Əbu Nəsr Məhəmməd əl-Fərabi (870-950) Şərqdə orta əsr fəlsəfəsinin banisi olmuşdu. İnsanların, xüsusilə də gənclərin tərbiyəsində Fərabi mənəvi tərbiyəni ön plana çəkmişdir.
İbn Sina isə pedaqoji tərbiyəyə yaradıcı iş kimi baxır, uşağın təbiətinə, temperamentinə bir həkim, psixoloq kimi yanaşırdı. O, uşaqlarda fiziki sağlamlığı, əqli, estetik və əxlaqi tərbiyəni ön plana çəkirdi.
Tərbiyə işinin əsas məqsədi böyüyən nəsildə əsl vətəndaşlıq keyfiyyətlərini formalaşdırmaqdan ibarət olmalıdır. Çünki təhsil insanın özünü və dünyanı dərk etməsinin təminatçısı rolunda çıxış edir.
Milli tərbiyənin mühüm komponentlərindən danışarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu müdrik kəlamını xatırlatmaq yerinə düşər: “Tərbiyə geniş məna daşıyır. Tərbiyə təkcə o deyil ki, gedib vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, həm iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın. Bunlar hamısı tərbiyədən doğan şeydir. İnsan öz mədəniyyətinin də, iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də inkişaf etməsini istəyir”.
Tarixə nəzər salsaq, Azərbaycanda bir sıra qədim tərbiyə və təhsil ocaqlarının fəaliyyət göstərmiş olduğunu görərik. Bildiyimiz kimi, Zərdüştlük qədim və erkən orta əsrlərdə Azərbaycan, İran, Orta Asiya və digər ölkələrdə geniş yayılmış bir fəlsəfə, ədəbi abidə, pedaqoji fikir və din olmuşdur. Mənbələrdən məlumdur ki, islamiyyətin yayılmasına qədər Azərbaycanda Zərdüşt məktəbləri geniş fəaliyyət göstərmiş atəşgədə və atəşgahlar Zərdüştlüyün həm ibadət yeri, həm də təlim, tədris mərkəzləri rolunu oynamışlar.
Zərdüşt məktəbində yetişən gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə xüsusi fikir verilir və müəllimin rolunu yüksək qiymətləndirib, təlim-tərbiyədə ataların övlada tərbiyə vermələrini xüsusi qiymətləndirirdi. Azərbaycanda islamiyyətin qəbulundan sonra zaviyələr, xanəgahlar, dərgahlar təlim-tərbiyə və təhsil ocaqları kimi fəaliyyətə başladı. Bu dini və tədris müəssisələrinin davamı kimi mədrəsələr yarandı.
Hələ orta əsrlərdə Azərbaycan xalqının mədəni həyatı, xüsusən də təlim və tərbiyə məsələləri diqqət mərkəzində olmuşdur. Akademik İsa Həbibbəylinin fikrincə, Azərbaycanda ilk ali məktəb sayıla bilən iki böyük Naxçıvan mədrəsəsi olmuşdur.
“Mənsur-i təqrir-i tədris-i mədrəsə-i Naxçıvan” (“Naxçıvan mədrəsəsi tədrisinin təsdiqinə dair fərman”) Azərbaycan Atabəyləri dövründə (1136-1225) Naxçıvanda tikilmiş iki mədrəsəyə aiddir.
Elxanilər tərəfindən verilən bu fərmanın təhlilinə əsasən İslamın intibah dövründə Naxçıvanda və bütövlükdə, Azərbaycanda məktəblərin, tədrisin vəziyyəti haqqında fikir söyləmək olar. Fərmana görə, müəllim-müdərris müəyyən şərtlərə əməl etməlidir. Çalışqan tələbələri öz ruhani oğlu hesab etməli, tədris və təlim zamanı şagirdlərə əziyyət verməməli, onları yormamalıdır. Şagirdlərin təbiəti, istedad və bilik dərəcələri müxtəlif olduğundan müdərris hər bir şagirdin fərdi xüsusiyyətinə müvafiq dərs verməli, dərsi anlaşılacaq bir tərzdə aparmalıdır. Həftədə bir dəfə şagirdlər arasında dərslərin müzakirəsi keçirilməli, keçilən mövzuların mənimsəmə dərəcəsini yoxlamaq üçün müdərris ayda bir dəfə imtahan təşkil etməli, yaxşı oxuyan tələbələri başqasına tanıtmalıdır.
Sənəddə, həmçinin şagirdlərin də vəzifələri müəyyənləşdirilmişdir: 1) fərmanda göstərilən şərtləri həyata keçirən müdərrisi digərlərindən üstün tutmalıdır; 2) elm təhsil etmək istəyən şagird tənbəllik və səhlənkarlıqdan uzaq olmalıdır, dərsləri təkrar etməkdən yorulmamalıdır; 3) dərs zamanı diqqətli olmalı, anlaşılmayan məsələyə dair sual verməkdən çəkinməməlidir; 4) şagirdlər keçən dərsi mənimsəmədən yeni dərsə başlanmamalıdır; 5) şagirdlər elm təhsili ilə kifayətlənməyib, eyni zamanda əxlaq təmizliyinə və doğruluğa da diqqət verməlidir.
“Ədəb qaydaları”nı tərtib edən Naxçıvan pedaqoqlarının bu irsi bu gün də insanın ağlına, zəkasına qida və qüvvət verir. Eyni zamanda gələcək üçün daha yaxşı perspektivin yaradılmasına təhsil və tərbiyənin daha optimal üsulunun tapılmasına yardım edir.
Reallıqdır ki, hərtərəfli inkişaf etmiş kamil insanın yetişməsində mühüm və həlledici rolu olan vasitələrdən biri də mütaliədir. Ardıcıl, məqsədyönlü kitab oxumayan insan kamillik zirvəsinə yüksələ bilməz. Mütaliə insanların mənəvi həyatının formalaşmasına, hərtərəfli inkişafına dərin təsir edir. Oxunan mətnin növündən, janr və mövzusundan asılı olmayaraq, mütaliə insanın həyatında mədəniyyətə yiyələnmənin ən mühüm vasitəsi kimi çıxış edir. Mütaliə bilik əldə etmənin, elmə yiyələnmənin, elmin zirvəsinə yüksəlmənin ən mühüm vasitəsi olduğu kimi, həm də tərbiyə prosesinin tərkib hissəsidir.
Tarixi keçmişimiz bu günlə sıx bağlı olduğu kimi, bu gün də gələcəklə sıx bağlıdır. Keçmişin mütərəqqi irsini isə biz tarixə müraciət edib, kitab oxumaqla öyrənə bilərik. Dahi şairimiz Nizami Gəncəvi deyirdi:
Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz.
“Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür” – bunu isə ingilis filosofu Herbert Spenser deyib. Qarşılaşdırılmış iki fərqli fikir, əslində, bir-birinin məntiqi davamıdır. Yəni hər bir fikirdə cəmiyyət əxlaqının mənbəyində kitabın, mütaliənin dayandığı aydın olur. Bəs kitab nə üçündür, onun mahiyyətini, faydasını və vacibliyini dərk edirikmi? Öncə deyək ki, kitab oxumaq insanın intellektual səviyyəsinə, dünyagörüşünə müsbət təsir göstərir. Bundan başqa, kitab bəşər həyatında qalacaq miras, inkişaf etdirən və ziyalandıran ünsürdür. Kitab elm və mərifət dünyasına açılan qapıdır. Mütəxəssislərin fikrincə, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir, insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Kitablar insan həyatında mühüm rol oynayır. Kimi həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi də oradan öyrəndiklərini həyatda tətbiq edərək yaşayışını qurur.
Yaxşı kitab aqil insanın həyatına həmişə işıq salan, onu tərbiyələndirən ən mühüm vasitə olub. Almaniyalı professor Fişerin sözlərinə görə, “insan düşündükcə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehni məşğələ etmək lazımdır”.
Xalqın tərbiyə sahəsində tarixboyu irəli sürdüyü fikir və ideyaların bir qismi onun adət-ənənələrində, etnoqrafik və tarixi sənədlərdə, folklor materiallarında ifadə olunmuşdur.
Xalqımızın müdrik kəlamlarının çoxu “Oğuznamə”lərdə toplanmışdır. Həmin müdrik kəlamlar yetişən gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynayır. Bu sahədə “Kitabi-Dədə Qorqud” dastanlarının da mühüm təsiri vardır.
Onu da qeyd edək ki, “Kitabi-Dədə Qorqud”, “Bilqamıs”, “Alp ər Tunqa”, “Oğuz”, “Manas” kimi dastanlar Türk dünyası və xalqımızın qədim tarixindən, onun ictimai-mədəni həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər verir. Məsələn, Davdağın Alban hökmdarı Cavanşirin ölümünə həsr etdiyi şeirində onun mərdliyi, əxlaqi-mənəvi keyfiyyətləri, vətənpərvərliyi tərənnüm edilir. Bu keyfiyyətlər bu gün də gənc və yeniyetmələr üçün vətənpərvərlik nümunəsidir.
Mütaliə insanın idraki fəaliyyətinin bir növü kimi tərbiyə prosesində digər informasiya növləri ilə müqayisədə əvəzedilməz üstünlüklərə malikdir. Ona görə də, mütaliəni tərbiyə prosesindən ayırmaq düzgün deyildir. İnsanlarda mütaliənin istiqamətləndirilməsində əsas rol oynayan kitabxana elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur.
Aytəkin QƏHRƏMANOVA
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru