Qədim və zəngin tarixi keçmişi ilə fərqlənən Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi və eyni zamanda mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.
Naxçıvan şəhəri ərazisindəki “İmamzadə” türbəsi özündə qədim və zəngin sənətkarlıq xüsusiyyətlərinə malik türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edir. Belə ki, VIII-IX əsrlərin qovşağında Azərbaycan ərazisində xalq tərəfindən yeni qəbul edilmiş İslam dini və müsəlman mədəniyyəti elementləri insanların, xüsusilə də sənətkarların, memarların şüuruna kor-koranə surətdə hopmayıb. Qədim mədəni-mənəvi dəyərlərin bu yeni xüsusiyyətlərlə zənginləşməsi sayəsində əvvəlki abidələrdən daha fərqli, möhtəşəm və həmin dövr üçün yenilikçi xarakterli sənətkarlıq nümunələri meydana gəlib.
Ötən aydan etibarən “İmamzadə” Kompleksinə daxil olan “İmamzadə” türbəsində təmir-bərpa işlərinə başlanılıb. İlkin mərhələdə bərpaçılar tərəfindən türbənin fasad və daxili hissəsində divarlar köhnə üzlük boya və materiallardan təmizlənib, tarixi tikilinin aşağı hissəsinin rütubətdən qorunması üçün betonlama işləri həyata keçirilib. Bundan başqa, türbənin arxa hissəsindəki torpaq qatı götürülüb, istinad divarları yaradılıb, yağış sularının buraya zərər verməməsi üçün sistemlər quraşdırılıb.
Obyektin iş icraçısı Şöhrət Qoçəliyevin bildirdiyinə görə, ərazidə bərkitmə başa çatdırıldıqdan sonra abadlıq işlərinə start veriləcək, burada müasir işıqlandırma sistemləri qurulacaq. Təmir-bərpa işləri başa çatdırıldıqdan sonra “İmamzadə” Kompleksinin ərazisi şəhərimizin İslam mədəniyyətinə aid ən görməli yerlərindən birinə çevriləcək. Bu isə Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar görülən işlərin tərkib hissəsi kimi də əhəmiyyətlidir.
Qeyd edək ki, Naxçıvanda “İmamzadə” ziyarətgahları böyük bir tarixi müddət ərzində İslam dininin müqəddəs məkanlarından biri hesab edilib və edilməkdədir.
Xəbərlər şöbəsi