23 Dekabr 2024, Bazar ertəsi

Bütün xalqların mədəniyyət ­incisi olan rəqs sənəti qədim tarixə malik olmuş, əsrlərlə yaşamış, inkişaf etmiş və insanların ictimai həyat tərzinin, estetik zövqünün ayrılmaz hissəsinə çevrilmişdir. Hələ ibtidai icma quruluşunun ilk mərhələlərində insanlar əllərini bir-birinə vuraraq ahəngdar səslərin müşayiəti ilə rəqs etmişlər.
Azərbaycan xalqı uzun əsrlərboyu rəngarəngliyi və coşqunluğu ilə insanı valeh edən rəqslər yaradıb. Xalqımızın xoreoqrafiyasında müxtəlifxarakterli saysız-hesabsız kişi və qadınların tək, qoşa, kütləvi rəqsləri yer alıb. Bu mənəvi sərvət sadədən mürəkkəbə doğru uzun inkişaf mərhələsi keçib. Həmin mərhələni keçərək günümüzə qədər yaşadılan “Cəngi” və “Uzundərə” rəqsləri barədə bu yazımızda sizə məlumat verəcəyik.
“Cəngi” cəngavərlik yerişini, meydanoxumanı, döyüşə çağırışı ifadə edir. Onun yaranma tarixi çox qədimdir. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov yazır­dı: “Əfsanələrdə məlum olur ki, “Cəngi” hələ Koroğlu dövründə zurnanın əzəmətli səsi və təbilin gur sədası ilə düşmənləri sarsıdarmış, döyüşçülərdə cəngavərlik əhval-ruhiyyəsi doğurar, onları qəhrəmanlıq şücaəti göstərməyə və düşmən üzərində qələbəyə ­çağırardı”.

Qeyd etmək lazımdır ki, bu rəqs “Cəngi” sözünün həqiqi mənasına uyğun rəqs olmayıb. Lakin müəyyən dərəcədə onu qəbul etmək olar ki, “Cəngi” zurnanın, neyin qulaqbatıran əzəmətli, ruhlandırıcı marş səciyyəli döyüş yürüşünü, hücumunu ifadə edən rəqs olub. Vaxtilə döyüşçü libasında gənclər dövrə qurub, zəncir xətti tərzində toplaşıb, geniş, sıçra­yışlı hərəkətlərlə “Cəngi” rəqsini oynayıblar. Təəssüf ki, tarixdən bizə bu barədə çox az məlumat gəlib çıxıb. Lakin bu da bir faktdır ki, son zamanlara qədər “Cəngi” sədaları altında pəhləvanlar əvvəlcə əl-qolun açılması üçün rəqsi məşq edər, sonra da güləşərdilər. Hətta deyilənlərə görə, muxtar respublikanın Ordubad rayonunda “Cəngi”nin sədaları altında zorxana-gücsınama yarışları keçirilər, toppuzlarla oynayar, iştirakçılar iki-üç pud ağırlığında daşları atıb-tutar, yüyürə-yüyürə bir-birinin çiyninə hoppanar, sonra rəqibinin kürəyini yerə vurana qədər güləşərdilər.
Bəzi mənbələrdə belə qeyd edilir ki, “Cəngi”nin tam cilalanmış, müəyyən edilmiş vahid musiqisi olmayıb. O, xarakter cəhətdən eyni olan “Qaytağı”, “Halay” kimi musiqi əsərləri qrupundandır.
“Cəngi”dən ilk dəfə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov “Koroğlu” operasında istifadə edib. Üzeyir Hacıbəyovdan sonra bir sıra bəstəkarlarımız da onu öz əsərlərinə daxil ediblər. Hətta Soltan Hacıbəyov, Qara Qarayev tərəfindən ayrıca musiqi pyesi şəklində rəngarəng “Cəngi”lər də yazılıb.
“Uzundərə” isə cazibəli, zərif və lirik rəqsdir. Bu rəqs səsləndirilən məclislərdə deyilən bir fikri çox eşitmişəm: “Bu rəqs, elə bil, gəlinin oynaması üçün yaradılıb”. Bu incə Azərbaycan rəqsi nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda da sevilərək ifa edilir.
“Uzundərə” rəqsinin tarixi olduqca qədimə söykənir. Mənbələrdə qeyd olunur ki, Qarabağda Ağdamla Göytəpə kəndi arasında bir dərə var ki, ona “Uzundərə” deyilir. Həmin kəndin yaşlılarının dediyinə görə, bu rəqsin adı həmin dərənin adından götürülüb. Rəvayətə görə, Uzundərə tərəkəmə adlanan köçəri bir qəbilənin düşərgəsi olmuş, onlar dağlar qoynundakı otlaq yerlərinə, yaylağa gedərkən yolüstü burada dincələrmişlər. Buraya qonşu kəndlərdən də qonaqlar gələr, dostluq əlaqələri ilə sıx bağlı olan köçərilərə baş çəkərmişlər.
Başqa bir rəvayətdə isə deyilir ki, gəlin aparanda həmin dərədən keçərmişlər. Burada bir qədər dayanar, bəyin qohumlarından olan qadınlar gəlinin qarşısında oynayar, xoşbəxtlik, əmin-amanlıq və cansağlığı arzulayarmışlar.
Fikrimizcə, rəqsin ifa tempini, strukturunu nəzərə alsaq, ikinci rəvayət həqiqətə daha uyğundur. Yuxarıda da qeyd etdiyim kimi, bu rəqsi dinləyən hər kəs onun sanki gəlinlərin ifası üçün yaradıldığını düşünür. Digər yöndən isə “Uzundərə” rəqsi lirik, incə bir melodiyadır ki, onu qızğın təbiətli, qüvvətli və cəld köçəri rəqsi ilə deyil, gəlinə həsr edilmiş toy rəqsi ilə əlaqələndirmək daha məntiqlidir.
Keçmişin toy adətlərindən, yəqin ki, çoxlarının xəbəri var. Gənc nəslin nümayəndəsi olaraq mən də həmin toylara şahidlik etməsəm də, evdəki yaşlı nəslin nümayəndələrinin o barədə danışdıqlarından az-çox həmin mühit haqqında məlumatlanmışam. Bu gün elə bir insan olmaz ki, keçmişin həyat tərzi, qayda-qanunu barədə məlumatlı olmasın və həmin illəri indiki dövrlə müqayisə etməsin. Ən azından maraq hissi onu bu işə, bu düşüncəyə sövq etmişdir. Keçmişdə bəy evində çalınan kişi toyu üç gün davam edər, dördüncü gün isə qadınlar yığışardı. Qadın toyunda isə musiqiçilər də qadınlardan təşkil olunardı. Toyda gəlin duvaqda, üzü örtülü halda oturardı. Toyun qurtarmasına yaxın onu oynamağa dəvət edərdilər. Gəlin duvağı üzündən götürər və “Uzundərə” rəqsini oynayardı. Hətta bəzi rayonlarda gəlin bu rəqsi milli geyimdə ifa edərdi.
Baxmayaraq ki, rəqsin xarakteri, musiqisi və xoreoqrafik kompozisiyası qadın ifası üçün daha səciyyəvidir, lakin onu kişilər də ifa edirlər. Hətta bəzi bölgələrdə bu rəqsin tempi, ritmi və üslubu olduğu kimi qalsa da, tamamilə fərqli melodiyada səslənir. Kamal Həsənovun “Qədim Azərbaycan xalq rəqsləri” adlı kitabında qeyd edilir: “Bölgələrin birində “Uzundərə” adlı yallı, özü də tez templi oyun yallısı olub, onu biri kişilərdən, digəri qadınlardan ibarət iki cərgə oynayıb. Kişilərin yallıbaşısının əlində balaca bir çubuq, qadınların yallıbaşısının əlində isə bir cib dəsmalı olub”.
Bəli, Azərbaycan xalqı dünyanın ən zəngin mədəniyyətinə sahib olan xalqlardan biridir. Bu, bizə bəxş edilən mənəvi sərvətdir. Gəlin məsələyə belə yanaşaq, elə muxtar respublikamızdan misal gətirəcəyəm. Hər birimiz şəhərimizin xarici qonaqları ilə tez-tez yolda, restoranda, yaxud da festivallarda qarşılaşırıq. Çox uzağa getməyəcəyəm, elə Novruz bayramı ərəfəsində, hər addımda xarici qonaqları görmək adi hala çevrilmişdi, xüsusilə də şənliyin baş tutduğu “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində. Orada olan xarici qonaqların bizim milli rəqslərimizin ifa tərzini bilmələri, hələ hamının qarşısında meydançaya düşüb onu ifa etmələri, yaxud da xalq mahnı və rəqslərimiz səsləndiyi zaman onu ayırd edib dəqiqliklə adını demələri bizim üçün qürurverici bir hal olmalıdır.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR