23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanda türk-islam mədəniyyətində IX əsrdən başlayan yüksəliş monumental sənət əsərlərinin meydana çıxmasını şərtləndirmişdir. Bu mədəniyyətə aid abidələr, xüsusilə türbələr memarlıq həllinin mükəmməlliyi, ornamental motivlərin zənginliyi ilə fərqlənir. Həmin mədəniyyət abidələri üzərindəki naxışların araşdırılması onların xalqımızın qədim tarixindən süzülüb gələn ənənələrə əsaslandığını təsdiq edir. Mədəniyyət abidələrimiz üzərindəki ornamental motivlərin hamısını bir məqaləyə sığdırmaq çətin olduğundan biz burada yalnız bəzi motivlərə yer vermək istəyirik.
Naxçıvanın türk-islam mədəniyyəti abidələrində sıx rast gəlinən ornamental motivlərdən biri meandrdır. Bu motivə Naxçıvan şəhərində tikilən türk-islam mədəniyyətinin zəngin memarlıq abidələrində, Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi türbələrin xarici səthində rast gəlmək mümkündür. Möhtəşəmliyi ilə gözoxşayan Möminə xatın türbəsində meandr motivi gövdənin cənub üzündə qapıdan sağa ikinci səthin kənarlarında və stalaktitlərdə kərpicdən yığılmışdır. Bu ornament memarın özünəməxsus bacarığı sayəsində qalın və incə kərpiclərin kombinasiyası ilə meydana gəlmişdir. Meandr naxış iki sıra kərpicdən yığılmış və kərpic düzümləri bir-biri ilə svastika şəklində birləşərək mürəkkəb kompozisiya yaratmışdır. Güney səthin qalın dayağına həkk olunan bu ornament digər üzlərdə təkrar olunmamışdır. Eyni naxış motivinin bir qədər sadə forması Yusif Küseyir oğlu türbəsinin qapı olan səthində, qapının yanlarında tətbiq olunmuşdur. Biz Möminə xatın türbəsində bu motivin daha təkmil və mürəkkəb kompozisiyadan ibarət olan forması ilə rastlaşırıq. Naxçıvan memarlıq məktəbinin digər bir möhtəşəm abidəsi olan Gülüstan türbəsində, sərdabəni qülləvarı hissədən ayıran stalaktit qurşağı da əhatə edən meandr motivi işlənmişdir. Gülüstan türbəsində tətbiq edilən meandr motivi bir qədər sadəliyi, eyni zamanda ahəngdarlığı ilə fərqlənir.

 

Möminə xatın türbəsində meandr motivi

Adıçəkilən abidələr üzərində rast gəlinən meandrın tarixini araşdırdıqda görürük ki, bu motiv heç də Avropa motivi kimi deyil, sırf xalqımızın qədim mədəniyyəti ilə bağlı olan dekorativ bəzək elementidir. Tədqiqatçıların fikrinə görə, bu motiv qədim zamanlardan mövcud olmuşdur. Meandrın qədim dövr Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrində geniş yayılmasına baxmayaraq, Naxçıvanda bu tip ornament hələlik sayca azdır. Bu tip ornamentin ən qədim nümunəsi Naxçıvanın qədim dövr dulusçuluq nümunələri arasında yalnız bir örnəkdə müşahidə olunur. Qabın hazırlanma xüsusiyyətləri, üzərindəki motivlər lokal xüsusiyyətlərə malik olsa da, meandr motivinə görə o biri qablardan seçilir. Bu dəyərli tapıntı arxeoloq Vəli Baxşəliyev tərəfindən təsadüfən Şahtaxtıdan tapılmışdır. Bikonik formalı kasanın gövdəsinin yuxarı qismi paralel xətlər arasına alınmış həndəsi motivli ornamentlə naxışlanmışdır.

Gülüstan türbəsində meandr motivi

Naxışlar qara və qırmızı rənglə qabın sarı rəngdə boyanmış səthinə çəkilmişdir. Onlar bitişik romblar, torlu düzbucaqlılar və digər ornamentlərdən ibarətdir. Məlum olduğu kimi, polixrom boyalı keramika Naxçıvan, Urmiya hövzəsi və Şərqi Anadolunu əhatə edən Orta Tunc dövrünün Boyalı qablar mədəniyyəti üçün xarakterik olmuşdur. Bu kasanın naxışlanmasında istifadə olunan torlu dördbucaqlar Təzəkənd, Yaycı və Həsənsu nekropolundan aşkar olunmuşdur. Lakin meandr motivinə bu tip qablarda ilk dəfədir ki, rast gəlinir.
Meandr motivi Azərbaycanda geniş yayılan Xocalı-Gədəbəy mədəniyyətinə aid keramika (12) məmulatı üzərində geniş tətbiq edilmişdir. Tədqiqatçıların fikrinə görə, olduqca müxtəlif formalarına rast gəlinən bu motiv öz adını Türkiyənin Meandr çayının adından götürmüşdür. İlan kimi qıvrılaraq axan bu çayın adı ornamentə yunanlar tərəfindən verilmiş və dünya xalqlarının leksikonuna latıncadan keçmişdir. Buna baxmayaraq, yuxarıda göstərdiyimiz faktlar Naxçıvanın türk-islam sənətində rast gəlinən həmin ornamentin tarixi köklərinin bu ərazidə formalaşan qədim mədəniyyətlərlə bağlı olduğunu sübut edir. Çünki bu mədəniyyətlər yunan və Roma mədəniyyətindən çox-çox qədim dövrlərə aiddir.

Şahtaxtı keramikasında meandr təsviri

Meandr motivi, həmçinin Naxçıvanın qədim tunc əsərlərində də geniş tətbiq edilmişdir. Şahtaxtıdan, Muncuqlutəpədən, Sarıdərədən, Qızılburundan və Kolanıdan aşkar olunan bəzək əşyalarının bir qismi meandr motivi ilə naxışlanmışdır.
Araşdırmalar göstərir ki, Azərbaycanın dekorativ-tətbiqi sənət nümunələrində meandr motivi uzun müddət istifadə olunmuşdur. XIX əsrə aid xalça nümunələrində rast gəlinən meandr motivi bunu bir daha təsdiq edir.
Göründüyü kimi, Naxçıvanın türk-islam mədəniyyətində özünəməxsus yer tutan meandrın tarixi kökləri qədim dövrə aiddir. Meandr sözünün Azərbaycan dilində qarşılığı dolamaqarmaq naxışı (dolanqaç) kimidir. Xalq arasında bu tip naxışa tazıqaçışı da deyilir. Türkiyə ərazisində isə bu motiv suyolu adı ilə tanınmışdır. Ehtimal ki, meandr motivi su stixiyası ilə də bağlı olmuşdur. Su motivi qədim dövr dekorativ-tətbiqi sənət nümunələrində ən çox rastlanan naxışlardan biridir. Canlılar aləmini, yaşamı simvolizə edən qiymətli elementlərdən biri kimi qədim dövr yaradıcı insanı tərəfindən stilizə edilərək müxtəlif şəkildə mədəniyyət abidələri üzərinə həkk edilmişdir. Tarixin inkişaf mərhələləri bir-birini əvəzlədikcə bu motivin də inkişafına təkan vermişdir. Əgər əvvəllər su motivi kortəbii şəkildə sadə düz xətt, dalğalı xətt şəklində təsvir edilirdisə, zamanla daha dəyişik və mürəkkəb variantları işlənməyə başlanmışdır.
Qədim dövrdən bu günümüzə kimi təsdiqlənən əsaslı fikirlərdən biri dörd ünsürlə bağlıdır. Bunlar od, su, hava və torpaqdır. İnsan üçün su təmi­zliyin, paklığın, saflığın, uzunömürlülüyün açarı olmuşdur. Folklor nümunələrində Makedoniyalı İsgəndərlə bağlı “dirilik suyu” ilə tanınan qiymətli bir su haqqında da danışılır. “Dirilik suyu”nun əfsanəvi olmasına baxmayaraq, insanlar hər zaman onun axtarışına çıxmışdılar. Amma bu əfsanənin özündə də bir hikmət vardır. Yəni sağlamlığın, uzunömürlülüyün açarı təmiz sudadır.
Möminə xatın türbəsinin meandr naxışında olduqca önəmli bir xüsusiyyət diqqəti cəlb edir. Burada meandr ornament çərxi-fələk rəsmlərinin birləşməsi şəklində işlənmişdir. Çərxi-fələk motivinə Naxçıvanın qədim dulusçuluq nümunələrində rast gəlinir. Bu tip ornamentin ən qədim nümunələri I Kültəpə abidəsindən aşkar olunan keramika nümunələri üzərində əks edilmişdir. Onların biri Erkən Tunc dövrünə, digəri isə Orta Tunc dövrünə aiddir.

Kültəpədən aşkar olunan qədim təsvirlər

Çərxi-fələk rəsmləri qədim dulusçuluq nümunələri ilə yanaşı, türk-islam mədəniyyətinə aid maddi-mədəniyyət əsərlərində də tətbiq edilmişdir. Nizami Muradoğlunun araşdırmalarına əsasən Əli sözünün çərxi-fələk formasında yazılması bu mənanı ifadə edir – dünya dövr etdikcə Əlinin də xeyir əməlləri nəsildən-nəslə yaşayacaqdır.
Svastika təsvirlərinə Gəmiqаyаdа da rast gəlinmişdir. Dörd yеrə bölünən dаirə Günəşin geniş yayılmış simvollarındandır. N.Müsеyibоvun fikrinə görə, dörd yеrə bölünmüş dаirə Günəşin öz şüаlаrını dünyаnın dörd tərəfinə yаymаsı mənаsını ifаdə еtmişdir. Sibir və Mərkəzi Аsiyа xаlqlаrının da inаnclаrındа svаstika ilə Günəş simvоlizə olun­muşdur. B.A.Rıbakovun fikrinə görə, həmin dаirə dünyаnın dörd tərəfini simvоlizə еtmişdir. Xоcаlı-Gədəbəy mədəniyyətinə аid gil qаblаr üzərindəki insаn və həyаt аğаcı təsvirlərinin svаstikа ilə tаmаmlаnmаsı svastika təsvirlərinin solyar işarə olduğunu deməyə imkan verir.
Araşdırmalara əsasən deyə bilərik ki, istər qədim sənət nümunələrində, istərsə də türk-islam sənətində təsvir olunan meandr ornamenti polisemantik məzmuna malik olmuş, xalqımızın inanclarını əks etdirmişdir. Müsəlman mədəniyyətinin çiçəkləndiyi dövrdə isə bu tip ornamentlərə həm də islami məzmun verilmişdir.

Fizzə QULİYEVA
AMEA Naxçıvan Bölməsinin dissertantı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR