23 Dekabr 2024, Bazar ertəsi

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad füsunkar gözəllikləri, qədim yurd yerləri, tarixi abidələrilə yanaşı, həm də görkəmli şəxsiyyətləri ilə şöhrət qazanıb. Bu qədim diyar yetirdiyi elm, incəsənət, mədəniyyət xadimləri ilə tariximizin şanlı salnaməsində özünə şərəfli bir yer tutur. Bu torpağın yetişdirdiyi böyük alimlərdən biri də  kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevdir. 

Dünya şöhrətli görkəmli kimyaçı-alimin Azərbaycan Milli Elmlər Akademiyasının tarixində böyük xidmətləri olub. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqının böyük qələbə qazanmasında xüsusi rolu olan yüksəkoktanlı benzini kəşf edib, istehsalına və aviasiya sənayesində tətbiqinə nail olub.
Bu günlərdə görkəmli alimin ev-muzeyi ilə yaxından tanış olmaq məqsədilə Ordubad rayonuna üz tutduq. Muzey bələdçisi Nazilə Bağırova muzeyin tarixi barədə bizi məlumatlandırdı. O dedi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin qayğısı nəticəsində görkəmli alimin adını əbədiləşdirmək üçün 1975-ci ildə akademikin ev-muzeyinin əsası qoyulub. Muzeyin açılış mərasimi 1976-cı il 6 fevral tarixdə olub, 2005-ci ildə isə burada yenidənqurma işləri aparılıb. Muzey fəaliyyətə 407 eksponatla başlayıb, indi isə muzeyin fondunda 2000 eksponat mövcuddur.

İki mərtəbədən ibarət olan binanın birinci ekspozisiya zalındayıq. Divarda Yusif Məmmədəliyevin ailəsi ilə birlikdə çəkdirdiyi fotoşəkillər, o cümlədən həyat və yaradıcılığını əks etdirən fotolar yer alıb. Diqqətimizi çəkən maraqlı fotolardan biri Yusif Məmməd­əliyevin müəllimi Zelinski, onun həyat yoldaşı Nina Zelinskaya, Yusif Məmmədəliyev və onun həyat yoldaşı Bilqeyis xanımla birlikdə çəkdirdiyi fotoşəkildir.
Bu zaldakı vitrinlərdə yer alan eksponatlar içərisində ən maraqlısı alimin şəxsi əşyalarıdır. Alimin eynəyi, saatı, pasportu, Həmkarlar İttifaqının üzvlük bileti, 1953-cü ildə Bakı şəhərində Zəhmətkeş Deputatlar Sovetinə deputat seçildiyi 4-cü çağırış deputat vəsiqəsi dəyərli eksponatlar sırasındadır.
Zalda dəyərli eksponatlar yerləşdirilən digər bir guşə diqqətimizi cəlb edir. Bu guşədə Yusif Məmmədəliyevin Azərbaycan Dövlət Universitetində işlədiyi 1956-1957-ci illərdə məzunlarla birlikdə çəkilmiş şəklidir. Burada həmçinin Yusif Məmmədəliyevə verilmiş üzvi kataliz ixtisası üzrə Moskva Kimya Tədqiqatları İnstitutunu bitirməsi haqqında vəsiqə, alimin rus dilində yazılmış əlyazması və qızı Sevda Məmməd­əliyevanın atasının 100 illik yubileyinə həsr etdiyi ­məqaləsinin dərc olunduğu jurnal nümayiş etdirilir.
Digər bir otaqda qeyri-adiliyi ilə seçilən, qədimliyi ilə diqqəti cəlb edən balaca taxçalar var ki, elə həmin taxçalar da eksponat kimi nümayiş etdirilir. Bələdçinin dediyinə görə, bu taxçalar XIX əsrdə Ordubadda tikilən mənzillər üçün xarakterikdir. Taxçadakı qədim xalça, keçə, məfrəş, məcmeyi, satıl da maraqlı eksponatlardandır.
Muzeydə məişət və mədəniyyətimizi əks etdirən əşyalardan müxtəlif lampalar, qəlyan, çilçıraq, radio, mis qablar, dolça, sərpuş, badə, həvəngdəstə və başqa əşyalar ziyarətçilərə təqdim olunur.
Bu gün muxtar respublikamızda görkəmli simaların yaradıcılığına yüksək qiymət verilməsi, onların yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin tədqiqi və təbliği işinin daha da yaxşılaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Belə tədbirlər təkcə həmin şəxsiyyətlərin xidmətlərinə diqqət və ehtiramın ifadəsi olmaqla məhdudlaşmır, eyni zamanda humanitar siyasətin tərkib hissəsi, Azərbaycançılıq ideologiyasının vacib komponentlərindən biri kimi böyük dəyər qazanır. Həyata keçirilən belə tədbirlər isə bütün sahələrlə yanaşı, elmə, təhsilə, ədəbiyyata, mədəniyyətə göstərilən qayğının parlaq ­təzahürüdür.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR