23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında peşəkar qadın rəssamların formalaşması, püxtələşməsi ölkəmizin müstəqillik dövrünə təsadüf edir. Bu dövrdə rəssamlıqda, əsasən, təsviri sənətdə öz yaradıcılıq qabiliyyətləri ilə uğur qazanan qadınların sayı xeyli artıb. Onu da qeyd edək ki, rəssamlığın bir sıra növlərində qadınların imzalarına rast gəlsək də, teatr janrı barədə bunu demək çətin idi. Naxçıvanda peşəkar teatr sənətinin yaşı 135-ə çatsa da, bu illər ərzində, daha dəqiqi Naxçıvan teatrının 130 illik yubileyinə qədər olan müddətdə bu qocaman sənət ocağının heç bir afişasında qadın rəssam imzasına rast gəlinməyib. 

Bu cəhətdən 2015-ci ili Naxçıvan teatrının tarixində dönüş ili hesab etmək olar. Belə ki, həmin ildə görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun 145 illiyi münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrı da bu yubileyə öz töhfəsini təqdim etməyə hazırlaşırdı. Teatrda hazırlıq proseslərinə başlanılan “Nadanlıq” tamaşasının quruluşçu rejissoru, bu il Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüş Tofiq Seyidov yeni işinin bədii quruluşunu teatrın baş rəssamı, respublikanın Xalq rəssamı Hüseynqulu Əliyevə həvalə etməklə yanaşı, Naxçıvan Rəssamlar Birliyinin üzvü, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müəllimi Fizzə Quliyevanı ikinci rəssam olaraq hazırlıq prosesinə cəlb etdi.
Quruluşçu rejissorun belə bir yeniliyə təşəbbüs etməsinə – ilk dəfə olaraq teatra qadın rəssamın dəvət olunmasına səy göstərməsinə səbəb isə Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasında hazırlanan Nazim Hikmətin “Qəribə adam” (2012) və Esxilin “Zəncirlənmiş Prometey” (2013) tamaşalarında məhz Fizzə Quliyevanın quruluşçu rəssam kimi özünü göstərə bilməsi idi.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı, eyni zamanda Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müdiri Hüseynqulu Əliyev yeni tamaşada dekorasiya eskizlərini hazırlamağı istedadlı tələbəsinə həvalə edib. Fizzə xanım professional səhnədəki ilk təcrübəsinə məsuliyyətlə yanaşaraq gərgin işə başlayıb. Hazırladığı eskizlər hadisələrin baş verdiyi dövrü dolğunluğu ilə əks etdirdiyindən quruluşçu rejissor və baş rəssam tərəfindən razılıqla qəbul olunub. Həmin eskizlər əsasında teatrın sexlərində gedən hazırlanma proseslərində o özü də böyük həvəslə, yaxından və fəal iştirak edib.
Nəriman Nərimanovun yubileyi münasibətilə hazırlanan bu tamaşa qocaman teatrın səhnəsindən ilk dəfə təqdim olundu. Həmin gecə yaradıcı heyətin ən çox həyəcan keçirən üzvü də, yəqin ki, elə Fizzə Quliyeva idi.
Tamaşadakı maraqlı aktyor oyunu ilə bərabər, səhnədə əks olunan Moskva Kremlinin şöhrətli Spassk qülləsinin başındakı beşguşəli ulduzdan səhnənin önünə doğru uzanan tor və qüllənin dördgözlü məşhur Kreml saatının hər tərəfində müxtəlif vaxtların göstərilməsi tamaşaçıda maraq və dərin təəssürat oyatdı. Dekorasiyadakı belə bir təqdimat keçmiş sovet imperiyasının yürütdüyü çoxüzlü siyasətin ifşasına xidmət edirdi.
Həmin il Fizzə Quliyevanın həyatında daha bir yaddaqalan əlamətdar hadisə baş verdi. Noyabr ayının 11-də ilk dəfə muxtar respublika Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda onun fərdi sərgisinin açılışı oldu. Burada istedadlı rəssamın təsviri sənətin bütün janrlarını əhatə edən 50-yə yaxın əsəri nümayiş etdirildi və tamaşaçılar, eyni zamanda həmkarları tərəfindən rəğbətlə qarşılandı.
Rəssam fırçası ilə təsviri sənətin, demək olar ki, bütün janrlarında – mənzərə, portret, natürmort, karikatura, qrafikada bu gün də böyük uğurla yeni-yeni əsərlər yaratmaqla bərabər, teatr fəaliyyətini də davam etdirir. Belə ki, teatrın repertuarında olan Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” mənzum-alleqorik pyesinə quruluş vermək üçün dəvət olunan rejissor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov tamaşanın bədii quruluşunu muxtar respublikanın qadın rəssamları arasında Azərbaycan Teatr Xadimləri İttifaqının ilk və yeganə üzvü Fizzə Quliyevaya həvalə edib. İstedadlı rəssam ona göstərilən etimadı layiqincə doğrultmaq üçün əsərin ideya və məzmununa, həmçinin rejissor yozumuna xidmət edən maraqlı səhnə və geyim eskizləri ərsəyə gətirib. İndi həmin eskizlər əsasında teatrın sexlərində hazırlıq prosesi davam etməkdədir. Yeni tamaşanın bu ilin sentyabr ayında, Dövlət Uşaq Teatrının 10-cu yubiley mövsümünün açılışında təqdim edilməsi nəzərdə tutulub.
Yaradıcı və pedaqoji fəaliyyətilə yanaşı, Fizzə Quliyeva elm sahəsində də özünü sınayaraq AMEA Naxçıvan Bölməsinin dissertantı kimi maraqlı və aktual bir mövzu üzərində də tədqiqatlarını davam etdirməkdədir. O, eyni zamanda muxtar respublika ərazisində yay aylarında həyata keçirilən arxeoloji qazıntılar üzrə beynəlxalq ekspedisiya qrupunun fəal üzvüdür.
Biz də Fizzə xanıma yeni-yeni yaradıcılıq uğurları, sənət sevinc­ləri, sürəkli tamaşaçı alqışları, həmçinin apardığı tədqiqatların Naxçıvanın qədim tarixinə işıq tutmasını arzulayırıq.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR