Qədim musiqi aləti olan qanun Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində geniş yayılıb. Bir çox mənbələrdə qeyd olunur ki, bu alətin Azərbaycanda, təxminən, min ildən çox tarixi vardır. Hətta Nizaminin “Leyli və Məcnun”, “İqbalnamə” əsərlərində də onun adına rast gəlirik. Əsərlərin birində Nizami qanunu belə ifadə edir:
Sonra öz fikrinin üstündə durdu,
Öz istəyincə bir qanun qurdu.
Düzgün, ahəngdar səs çıxarmaq üçün,
Ona tellər düzdü, baş-başa bütün.
Zil və bəm nəğmələr hasil edərək,
Mizrabı gah yavaş vurdu, gah da bərk...
Onun tellərini çaldığı zaman,
Xəstənin dərdinə edərdi dərman.
Onun saz çalması böyük hünərdi,
Həkimlər onunla bilərdi dərdi...
Azərbaycanın digər klassiklərindən Məhəmməd Füzulinin və başqalarının əsərlərində də qanun haqqında məlumatlara rast gəlirik. XII əsrdə yaşayıb-yaradan, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi bu alətin məharətli ifaçısı olub.
Bəziləri bu fikirdədir ki, qanunu filosof Əbu Nəsr əl-Fərabi təkmilləşdirib. Belə bir fərziyyə də vardır ki, onun ixtirası bilavasitə Fərabiyə məxsusdur. Hətta bu alətin qədim Misirdə arfadan əmələ gəldiyi qənaəti ilə də rastlaşırıq. XVII əsrin məşhur musiqiçisi, “Risaleyi-musiqi” kitabının müəllifi Dərviş Əli isə belə hesab edirdi ki, qanun qədim yunanlar tərəfindən icad olunub.
Trapesiya şəklində olan qanun aləti, əsasən, şam ağacından düzəldilir, onun gövdəsi hamar taxta qutunu xatırladır, üst taxta gövdənin böyük hissəsini örtür. Həmin taxtada üç böyük rezonatorlu deşik vardır. Alətin aşağı hissəsi və yanları ağcaqayın ağacından düzəldilir. Qanunun 72 simi var. Onun simləri musiqi alətləri üçün düzəldilmiş xüsusi neylon teldəndir. O, diz üzərinə qoyularaq barmaqlara dəmir ülgüc taxılaraq, arfa, qitar texnikasına yaxın texnika ilə ifa olunur. Tembri zəif, diatonik səs düzümünə malik olan bu alətdən xalq çalğı alətləri orkestrinin və ansambllarının tərkibində müşayiətçi və solo alət kimi istifadə edilir. Qanun alətində müasir musiqi janrı olan caz nümunələrini belə, ifa etmək mümkündür.
Azərbaycan qanunu Türkiyə və ərəb qanunundan 17 pillədən ibarət olan səs qatarı ilə fərqlənir. Azərbaycan musiqişünasları olan Sədiəddin Urməvi və Əbdülqadir Marağayinin ixtiraçılıq səyi nəticəsində qanun kamil bir musiqi alətinə çevrilib.
Sonrakı illərdə də qanun musiqi məclislərimizin yaraşığı olub, körpə anasının dizi üstündə yuxuya getdiyi kimi, qanun da el gözəlinin dizləri üstündə uyuyub, onun barmaqlarının təması ilə gözəl nəğmələr ifa edib. Taleyini qadın nəvazişinə bağlayan bu alət həmişə olduğu kimi, indi də qadınlar tərəfindən ifa olunur. Görünür, bu, onun təbiətində olan həssaslıqla, incəliklə bağlıdır.
Qanun ilk dəfə olaraq respublika Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xalq Çalğı Alətləri Orkestrinin tərkibinə 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə hazırlıq ərəfəsində daxil edilib. 1966-cı ildə isə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində ilk qanun sinfi açılıb. Zakir Bağırov isə alət üçün ilk professional əsərini yazıb.
Gələk bu musiqi alətinin adına: kanon, yoxsa qanun? Kanon kilsə musiqisində istifadə edilən bir musiqi terminidir. O, rus, ingilis dillərindən tərcümədə belə səslənir. Alətin bizim dildə adı qanundur. Qanun yunanca “qayda”, “nizam”, “tərtib” deməkdir. Təəssüf ki, qanun musiqi aləti rus ədəbiyyatında əvvəlcə qanon, sonra isə kanon kimi işlədilməyə başlanılıb. Məhəmməd Füzulinin “Yeddi cam” poemasında görürük ki, alətin incə səslənişi və xoş təəssüratlar yaratdığını nəzərə alaraq onu “Ləbədi-nazənin” adlandırıblar. Bu əsərdə “Qanunla söhbət” adlı bölümə də rast gəlinir. Orta əsrlər bədii ədəbiyyat nümunələrində də alətin adı kanon yox, məhz elə qanun olaraq qeyd edilib. Bütün bunlar isə bu musiqi alətinin adının qanun olduğunu bir daha təsdiqləyir.
Fatma BABAYEVA