İyunun 23-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli dramaturq, yazıçı, Nobel mükafatı laureatı Moris Meterlinkin məşhur iki hissəli “Göy quş” tamaşasına ictimai baxış olmuşdur. Qeyd edək ki, M.Meterlinkin “Göy quş” pyesi onun ən gözəl səhnə əsərlərindən biridir. Dramaturq başqa pyesləri kimi, bu əsərində də xalq nağılının formasından istifadə etmişdir. Balaca oğlan Tiltil (Vəli Babayev) və onun bacısı Mitil (Heyran Abdullayeva) kasıb bir odunçunun uşaqlarıdır. Milad bayramı axşamı onlar Pəridən (aktrisa Zəminə Məmmədova) Göy quşu axtarıb tapmaq tapşırığını alırlar. Nağıl qəhrəmanı olan balaca uşaqları əhatə edən əşyalar və canlılar da onlara qoşularaq Göy quşun ardınca gedirlər. Lakin dramaturq bu əşya və canlıları da iki cəbhəyə bölərək özünün simvolik baxışları ilə onları dost və düşmənə, xeyir və şər qüvvələrə ayırır.
Balaca Tiltil və Mitil müxtəlif sirli ölkələrə səyahət edirlər. Tamaşada uşaqları Xatirələr ölkəsində babası və nənəsi ilə görürük. Onların Gecənin sarayına gəlməsi və başqa yerlərdə olması da maraqlı səhnələrdir. Dramaturq bu səhnələrdə insanın təbiət qüvvələri, aclıq və müharibə üzərində qələbəsi fikirlərini simvolik şəkildə ifadə edir.
Qeyd edək ki, tamaşada geniş aktyor kollektivi rol almışdır. Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev, Azərbaycan Respublikasının Əməkdar artistləri Bəhruz Haxverdiyev, Əli Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Vüsal Rzayev, Kəklik Novruzova, aktyorlar Zakir Fətəliyev, Nazlı Hüseynquliyeva ilə yanaşı, gənc aktyorlar Səyyad Məmmədov, Fatimə Yusifli, Anar Eyvazov, Mehri Nəbiyeva və başqalarının rol aldığı tamaşa maraqlı səhnə həllini tapmışdır.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovdur. Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın ilk səhnə tərtibatı uğurludur və nağıl dünyasını əks etdirir. Səhnə tərtibatında simvolik elementlər özünü aydın göstərir. İşıq elementləri, xüsusilə kaleydeskop işıq effektləri səhnəyə əlvanlıq gətirir. Tamaşanın musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovaya məxsusdur. Seçilmiş musiqilər hadisələrin gedişindəki dramatizmi anlamaq və duymaq baxımından tamaşaya uyğundur.
Tamaşadan sonra çıxış edənlər - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Xalq rəssamı Hüseynqulu Əliyev və başqaları tamaşa haqqında fikir və rəylərini bildirmişlər.
Əli RZAYEV