Ramazan bayramının xalqımızın həyatında ayrıca bir yeri var. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oructutanlar Allahın sevgisini qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu bu ay insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.
Ramazan bərabərlik ayıdır. Bu ay varlıdan kasıba kimi, hamı Allahın bəndəsi olduğunu anlayır. Çünki iftar vaxtı çatanadək suyu belə, içə bilməyən insan bu vəsilə ilə Yaradanın böyüklüyünü dərk edib ona şükür edir. Artıq müqəddəs Ramazan ayı başa çatmaq üzrədir. Bu günlərdə bütün İslam dünyası Ramazan bayramını qeyd edəcək.
Ramazani-Şərif müsəlmanlar üçün çox müqəddəs və mübarək aydır. Çünki “Qurani-Kərim” bu ayda nazil olmağa başlamış, Məhəmməd Peyğəmbərə bu ayda peyğəmbərlik bəxş edilməklə İslam dini meydana gəlmişdir. İnsanları pis əməllərdən çəkindirən və axirətdə cəhənnəm əzabından qoruyan oruc ibadətinin bu ayda vacib buyurulması “Qurani-Kərim”də belə əks olunmuşdur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (“Quran”) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...” (“əl-Bəqərə”, 185).
Allah elçisi də hədislərindən birində Ramazan orucunun faydalarından bəhs edərkən demişdir: “Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”.
Orucluğun başa çatdığı gün Ramazan bayramı kimi qeyd olunur. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin məzarlarını ziyarətə gedir, ruhlarına dualar oxuyurlar. Bayram günləri həm də küsülülər barışar, ailə üzvlərinə bayramlıqlar hədiyyə edilər. Bir ay boyunca oruc tutmaq hər bir müsəlman üçün vacib olduğu kimi, Ramazan bayramında da imkanlı şəxslərin fitrə vermələri vacibdir. Peyğəmbərimizin hədislərindən birində deyilir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalar.
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Bu bayram maddi dünyanın deyil, mənəvi aləmin təntənəsi, coşqusudur. Bütün fəsillərin, ayların ruhunu və onlardan süzülüb gələn mənaları bizə təqdim edən Ramazan bayramını bu il də böyük sevinclə qarşılayırıq. Əlbəttə, bayram günü ən birinci valideynlərimizi təbrik etməli, qulluqlarında durmaqla onlara əsl bayram sevinci yaşatmağa çalışmalıyıq. Allah-Taala “Qurani-Kərim”də valideynlərə hörmət etməyi buyurub. Xüsusilə bayram günlərində ailə üzvlərini sevindirmək, onlara qarşı səmimi məhəbbət nümayiş etdirmək bu bayramın şərtlərindəndir.
Müqəddəs Ramazan bayramı hər il dünya müsəlmanları tərəfindən böyük təntənə ilə qeyd olunur. Bu bayram bütün İslam aləminin həmrəylik və qardaşlıq timsalına çevrilmişdir. Bayram günlərində insanlar arasında Allaha inam, Vətənə, torpağa, xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhval-ruhiyyəsi yaşanır.
Tarixboyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı da dünya müsəlmanlarının mübarək Ramazan bayramını könül xoşluğu ilə qeyd edir. Bu bayram günlərində Azərbaycan xalqı respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsini ehtiramla yad edir, hər yerdə şəhidlərimizin ruhuna dualar oxunur. Ramazan bayramı, həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Məhz bu birlik, həmrəylik dövlətimizin daha da güclənməsini, işğal altındakı torpaqlarımızın tezliklə azad olunmasını təmin edəcəkdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Ulu öndərimiz xalqımıza Ramazan bayramının böyük coşqu və sevinclə qeyd olunması kimi müqəddəs bir ənənəni miras qoymuşdur. Bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini bildirərək demişdir: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir”.
Naxçıvan Muxtar Respublikasında da milli və mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız ən yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur. Hər il Ramazan ayının fəzilətlərinin həyata keçirilməsi, iftar süfrələrinin açılması və bu bayramın həmrəyliklə qeyd edilməsi ənənə halını almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “İnsan mənəviyyatının saflaşması, əxlaqi dəyərlərin bərqərar olması işinə yönəldilmiş hər bir fəaliyyət yüksək qiymətə layiqdir. Muxtar respublikamızda da dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, İslamın müqəddəs ayin və bayramlarının qeyd edilməsinə xüsusi diqqət yetirilir”.
Səbuhi HÜSEYNOV