23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının ərazisində türk-islam mədəniyyətini əks etdirən çoxsaylı tarixi-memarlıq abidələri mövcuddur. Bu mühüm maddi və eyni zamanda mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.
İmamzadə “imam” (ərəb) və “zadə” (fars) sözlərinin birləşməsindən yaranan imam oğlu və ya övladı deməkdir. İmam övladlarının Azərbaycanda, xüsusilə də Naxçıvanda dəfn edilməsinə gəldikdə isə bunun da səbəbi var. Belə ki, yeddinci imam Museyi-Kazım hicri-qəməri 183-cü ildə (miladi 789-800-cü illərdə) xəlifə Harun ər-Rəşid zamanında öldürüldükdən sonra onun övladları təqib olunublar. Bu səbəbdən imam övladları onlara hörmətlə yanaşılan yerlərdə, o cümlədən Naxçıvanda məskunlaşmalı olublar. İmam nəslindən olanlar vəfat edəndən sonra qəbirləri əsrlərdir ki, yerli əhali tərəfindən müqəddəs tutularaq ziyarət yerlərinə çevrilib.

Naxçıvan şəhər imamzadəsi

Naxçıvan şəhər İmamzadə Kompleksi şəhərin cənub-şərq hissəsində, qədim Naxçıvan qalasının qərb tərəfində yerləşir. Memarlıq üslubuna görə XVI-XVIII əsrlərə aid edilən bu dini-memarlıq abidəsi 3 binadan ibarətdir.

Abidənin cənub tərəfində yerdən dördbucaqlı formada yuxarısı silindr­şəkilli inşa olunan türbə onun əsas hissəsini təşkil edir. Üzərində Bərdə və Şeyx Səfi türbələrində olduğu kimi, xalını xatırladan bəzək ünsürü və kufi xətti ilə dəfələrlə təkrarlanan “Allah” sözü işlənib. Türbənin içərisində uzunluğu 150, hündürlüyü 88, eni 115 santimetr olan sənduqətipli bir qəbir vardır. Sonradan bərpa edilmiş bu məzarın kitabəsi olmadığı üçün onun kimə məxsusluğu üzərində yazılmayıb. Yerli əhalinin bildirdiyinə görə, bu, şiələrin səkkizinci imamı İmam Rzanın oğlunun qəbridir. Abidənin xalq arasında “İmamzadə” adlandırılması da bu fikri təsdiq edir. Bu barədə məlumatı rus alimi V.M.Sısoyev də XIX əsr rus şərqşünası N.V.Xanıkova istinad edərək təsdiq etmişdir. O, həmçinin burada olan böyük qəbrin üzərində yazısı olan sarı mərmər daşdan sinədaşı və qəbrin yanında əhali tərəfindən müqəddəs sayılan iki ədəd qara daşın olduğunu da yazmışdır. Təəssüf ki, həmin kitabə günümüzədək gəlib çatmamışdır. İndiki vəziyyətdə qəbir qara mərmər daşla üzlənmişdir.
İmamzadə kompleksinin əsasını təşkil edən bu türbənin inşa edilmə tarixinə gəldikdə, keçən əsrin 20-ci illərində Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin göndərişi ilə Naxçıvanda olmuş epiqraf İ.Əzimbəyovun tədqiqatından aydın olur ki, vaxtilə onun üzərində – şimal-qərb tərəfində nəsx xətti ilə yazılmış kitabəsi olmuşdur. Həmin kitabəyə əsasən bu abidə Səfəvi şahı II Təhmasibin zamanında, yəni 1722-1732-ci illərdə Hacı Fulad bəyin oğlu (Həzrət Rufai) tərəfindən inşa edilmişdir. Son illər türbə təmir edilərkən İ.Əzimbəyovun məqaləsindən istifadə edilərək onun əvvəlki kitabəsinin yerinə yenisi vurulmuşdur.
Bu türbəyə bitişik kompleksin dördbucaqlı formasında olan birinci salonu ondan şimalda yerləşir. Türbədən ona, təxminən, 1,5 metr ucalığında giriş qapısı vardır. Yəni türbəyə giriş onun şimal tərəfində olan yeganə qapısındandır. Birinci salondan şimalda isə ona bitişik, həm eni, həm də uzunluğuna görə ondan nisbətən böyük olan ikinci salon yerləşir. Birincidən fərqli olaraq ikinci salonun mərkəzində böyük günbəz vardır. Kompleksə giriş qapısı bu salonun qərb tərəfindəndir. İmamzadə kompleksində başqa bir qəbir yoxdur. Amma V.M.Sısoyevin yazdığına görə, bu hissədə Naxçıvan xanlarının məqbərəsi olmuşdur. Müəllif Naxçıvan xanlarından Mustafa Qulu xan Naxçıvanski­nin oğlu Abbasqulu xanın orada dəfn edildiyini qeyd etmiş, yan divarlarda taxçalar, şimal divarda buxarı olduğunu yazmışdır. İndiki vəziyyətdə divarlardakı taxçalar qalır, buxarı isə yoxdur. Buradakı qəbri ziyarət zamanı kişilər birinci salonda, qadınlar isə ikinci salonda ibadət edirlər.
İmamzadə kompleksindən şimalda, ondan bir neçə metr yüksəkdə, yerdən dördbucaqlı formada, həmin dördbucağın üzərində altıbucaqlı və başı soğanvarı formada bir türbə vardır. Üzərində heç bir kitabəsi olmayan bu türbə ikiqapılıdır. Daha doğrusu, onun zirzəmi hissəsinə giriş qərb tərəfindən, üst hissəsinə giriş isə şimal tərəfindəndir. İçərisində qəbir yoxdur. Nisbətən daha salamat qalmış bu türbədə alt zirzəmi hissə sərdabə ola bilər. Bu haqda V.M.Sısoyev yazır ki, imamzadəyə yaxın, çox da böyük olmayan, yarıaçıq vəziyyətdə bir məzarüstü tikili, onun içində isə torpağın üzərində üstünə mumya çəkilmiş bütov bir cəsəd vardır. Sısoyevin eşitdiklərinə görə, əvvəllər cəsədi çıxarıb Kərbəla və ya Nəcəfə aparmaq istəyiblər, lakin 1918-ci il hadisələri buna mane olmuş və cəsəd bu vəziyyətdə qalmışdır. Deyilənlərə görə, bu, şiə müqəddəslərindən birinə aiddir. Onun alt qatında, yəni zirzəmi hissəsində qəbir, yuxarı hissəsində qəbirüstü ziyarət yeri olmuşdur.
Qeyd edək ki, imamzadə kompleksində və onun yaxınlığında yerləşən hər iki türbə orada dəfn edilmiş müqəddəs insanların şərəfinə inşa edilmişdir. Bu, həmin müqəddəslərə böyük hörməti olan insanların və dövrün hakim dairələrinin istəyindən yaranmışdır. Yəni qəbirüstü türbələr əvvəl tikilmişdir.

Nehrəm imamzadəsi

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən digər böyük imamzadələrdən biri də Babək rayonunun Nehrəm kəndindədir. AMEA-nın muxbir üzvü F.Səfərlinin tədqiqatlarından aydın olur ki, bu imamzadə də Naxçıvan imamzadəsi ilə bir dövrdə – Səfəvi şahı II Təhmasibin zamanında inşa edilmişdir. Kənddəki qəbiristanlığın mərkəzində yerləşən bu imamzadə türbə, məscid, təkyə və başqa yardımçı binalardan ibarət böyük bir kompleksdir. Burada da kompleksin əsasını eni 8, uzunluğu 9,5, hündürlüyü 4,5 metr olan türbə və 6 metr hündürlüyü olan günbəz təşkil edir. Onun içərisində bir qəbir vardır. Bu qəbrin üzərində heç bir kitabə olmadığı üçün onun kimə məxsusluğu dəqiq müəyyən edilməmişdir. Yalnız kənd əhalisinin dediklərindən belə məlum olur ki, bu məzar yeddinci imam Museyi-Kazımın oğlu Seyyid Əqilə məxsusdur. O da Abbasilərin zülmündən qaçaraq bölgənin bu iri yaşayış yerinə pənah gətirmiş, burada əhali arasında bir imam övladı kimi böyük hörmət qazanmış və ölümündən sonra qəbri üzərində türbə inşa edilmişdir.
Qeyd edək ki, Seyyid Əqilin qardaş və bacıları da Azərbaycanda və qonşu ölkələrin ərazisində dəfn edilmişlər. Belə ki, onun qardaşları Səfi (Səffan) Ordubadın Düylün kəndində, İbrahim Şərurun Xanlıqlar (Parçı) kəndində, Əhməd Zəngəzurun Mehri rayonunun Bufçar kəndində, Qasım Təbriz şəhəri yaxınlığında Sofiyan qəsəbəsində, bacıları Hökümə xanım Abşeron rayonundakı Şıx kəndində, Rübabə xanım isə İraq ərazisində dəfn olunmuşlar.
Naxçıvan əhalisinin ən çox ziyarət etdiyi müqəddəs yerlərdən birinə çevrilmiş bu imamzadə türbəsi və onun digər binaları olan məscid, təkyə və sairənin heç bir kitabəsi günümüzədək gəlib çatmamışdır. Yalnız türbənin daxili divarlarında dini məzmunlu sözlər yazılmışdır. Divarlarda gəc və kaşı üzərində yazılan bu kəlmələri AMEA-nın müxbir üzvü, professor F.Səfərli tədqiq etmiş və belə nəticəyə gəlmişdir ki, həmin yazılar hicri-qəməri 1138-ci ildə (miladi 1725-ci ildə) Mehdi adlı xəttat tərəfindən yazılmışdır.
İmamzadə binası XVIII-XIX və XX əsrlərdə yenidən bərpa edilmişdir. Burada 1951, 1993 və 2006-2007-ci illərdə bərpa işləri aparılmışdır. Müxtəlif vaxtlarda aparılan bu təmir-bərpa işləri zamanı abidənin eyvanı hörülərək dəhlizə çevrilmiş, insanların ibadət etmələri üçün binanın qərb tərəfinə düzbucaqlı formalı məscid və qoşa minarə əlavə edilmişdir. Bişmiş kərpiclə inşa olunmuş bina kompleks halına salınmışdır. Yəni əvvəlcə türbənin indiki görünüşündə olduğu kimi qoşa minarələri olma­mışdır. Bu, son bərpa işləri zamanı tikilmişdir.
Nehrəm imamzadəsində hazır­da təmir işləri aparılır.

Parçı imamzadəsi

Muxtar respublika ərazisində günümüzədək qalan imamzadə abidələrindən biri də Şərur rayonunun Xanlıqlar kəndindədir. Əslində, bu imamzadə keçən əsrin əvvəllərində Xanlıqlar kəndi ilə birləşdirilən Parçı kəndində yerləşir. Elə kəndin adı ilə “Parçı imamzadəsi” adlanır. Yerli əhali tərəfindən böyük hörmətlə ziyarət edilən dini abidə kəndin şimal hissəsində yerləşir. Günbəzi böyük olan bu imamzadənin mərkəzi salonunda bir qəbir vardır. Son dövrlərdə aparılan təmir işləri zamanı qəbrin üstü götürül­müş, başdaşı və sinədaşı qoyulmuşdur. Lakin üzərində heç bir kitabə yoxdur. 1925-1928-ci illərdə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı Parçı kəndindəki bu abidə də qeydə alınmışdır. Belə ki, 1928-ci ilə aid 40 nömrəli protokolda göstərilmişdir ki, Xanlıqlar kəndinə bitişik Parçı kəndində üstündə böyük günbəzi və geniş həyəti olan bir pir vardır ki, camaat onu “Şahzadə İbrahim ibn Musa” ziyarətgahı adlandırır. Həmin cəmiyyətin üzvlərindən olan Məhəmməd Rasizadə bu haqda nəşr etdirdiyi məqaləsində göstərmişdir ki, qəbrin kitabəsində “İbrahim ibn Musa” yazıl­mışdır. Həmin illərdə qəbrin üzərindəki tarixi kitabə onun İbrahim Musa oğluna aid olduğunu göstərirdi. Təəssüf ki, günümüzədək bu məlumatı bildirən kitabə qalmamışdır. Yerli əhalinin dediklərindən aydın olur ki, bu qəbir yeddinci imam Museyi-Kazımın oğlanlarından biri olmuş İbrahimə məxsusdur. O, bu kənddə məskunlaşmış və burada da dünyasını dəyişərək dəfn edilmişdir. Əsrlərdir ki, bölgə əhalisi onun xatirəsinə tikilmiş bu imamzadəyə gələrək onun qəbrini ziyarət edir.
Bütün Azərbaycanda, xüsusilə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsində imamzadə komplekslərinin tikilməsi Səfəvilər dövrü (1501-1736-cı illər) üçün xarakterikdir. Belə komplekslərin səciyyəvi xüsusiyyətləri əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir-bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından və bərpa edilmiş məqbərəyə bitişik məscid, təkyə və digər xidməti otaqların tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarət olmuşdur. Səfəvilər dövründə formalaşdığına görə imamzadə kompleksləri, əsasən, bu dövlətin əhatə etdiyi torpaqlarda dəfn edilmiş imamlar və onların övladları üçün tikilmişdir.

İlhami ƏLİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR