İyunun 20-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın “Nuh yurdunun rəngləri” adlı fərdi rəsm sərgisi açılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli sərginin açılış mərasimində çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndirib. O deyib ki, Həbibə Allahverdiyeva rəssamlıq sənətində realist-romantik üslubda əsərlər yaradan istedadlı fırça ustasıdır. Onun əsərlərində həyatın obyektiv dərkini, real mənzərəsini görmək mümkündür. Rəssamın əsərləri tünd rənglərlə ağ rənglər arasındakı mənzərəni, çaları özündə əks etdirir. O həm təbiətdəki, həm də insandakı zərifliyi bütün parlaqlığı ilə tərənnüm etməyi bacarır.
Akademik bildirib ki, Həbibə Allahverdiyeva sənətin ümumi mənzərəsində rəngdən-rəngə, əsərdən-əsərə fırçanın istiqamətini dəqiqləşdirən rəssamlardandır. Eyni zamanda özünüifadəni fırçanın dili ilə canlandırmağı bacaran sənətkarlardandır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, o, Azərbaycanda realist-romantik üslubun orijinallığını qoruyan rəssamlardandır.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxış edərək rəssamın özünəməxsus yaradıcılıq üslubundan bəhs ediblər.
Qeyd olunub ki, Həbibə Allahverdiyeva quruluş və kompozisiyalara diqqət yetirməklə yanaşı, janr və mövzunu da əsərlərində mükəmməl şəkildə əks etdirir. Rəssam yaradıcılığında qrafika, mənzərə, portret, natürmort janrlarına, tematik şəkillərə üstünlük verir. Onun əsərləri məna və mövzu dolğunluğu ilə diqqəti cəlb edir.
Sonra sərgiyə baxış olub.
Bir həftə davam edəcək sərgidə rəssamın 80-dək əsəri nümayiş olunur.
Xəbərlər şöbəsi