23 Dekabr 2024, Bazar ertəsi

Üsullar dəyişir, amma sənət eyni qalır: o, təbiətin azad və duyğusal formada yorumlanmasıdır

İncəsənət insanın daxili gözəlliyinin ən yüksək təzahürüdür. İncəsənət adamları isə gözəlliklərlə yaşayan, öz dünyaları ilə başqalarından fərqlənən, daim gözəllik yaradan kəslərdir. Sənətin müxtəlif növləri arasında qarşılıqlı əlaqə, oxşarlıq, ümumi cəhətlər hələ qədim dövrlərdən mübahisə mövzusu və araşdırma obyekti olub. Xüsusən poeziya ilə rəssamlığın, sözlə təsvirin “qohumluğu” barədə Plutarxdan və Horatsidən tutmuş yeni dövr Avropa nəzəri-estetik fikir nümayəndələrinə qədər müxtəlif fikirlər söylənilib. Leonardo da Vinçi: “Rəssamlıq görünən poeziya, poeziya isə eşidilən rəssamlıqdır” fikrini irəli sürüb. Lessinq də rəssamlığı “lal poeziya”, poeziyanı isə “danışan rəssamlıq” adlandırıb. Ümumiyyətlə götürdükdə incəsənətin hansı sahəsi olursa-olsun, o, ən yüksək mənəvi keyfiyyətləri və ali dəyərləri özündə birləşdirir. 

Rəssamlıq qəribə sənətdir. Bu sənəti seçən insanlar, adətən, özləri də qəribə xarakterli olurlar. Rəng­lər kimi onların da təbiəti müxtəlifçalarlıdır. Bu insanlar zəngin daxili aləmə, həssas qəlbə və bir də sərt xarakterə malik olurlar. Hər dəfə rənglərin çoxçalarlı dünyasına səyahət edəndə orada özlərini tapır, hisslərinə, duyğularına yovuşan rənglərdən möcüzələr yaradırlar.

Rəsm çəkmək özü bir ağıl işidir, duyğusal yönləri daha çox olsa belə. Ləman Məmmədova da məhz ağıl və hisslərinin köməyilə ecazkar rəsm əsərləri – incəsənət nümunələri ortaya çıxaran sənətkarlarımızdandır. O, 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1999-2001-ci illərdə həmin ali məktəbin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildən Naxçıvan Dövlət Universitetinin əməkdaşı, İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının baş müəllimi, Yeni Azərbaycan Partiyasının, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvüdür. Muxtar respublikada keçirilən sərgilərdə fəal iştirak edir. Eyni zamanda 35 elmi məqalənin, 1 metodik vəsaitin, 3 fənn pro­qramının da müəllifidir. Məqalələri xaricdə – ABŞ-ın, Türkiyənin, Rusiyanın elmi-kütləvi mətbuat orqanlarında dərc olunub. Hazırda Xalq rəssamı Hüseynqulu Əli­yevin həmmüəllifi olduğu 2 kitabı nəşrə hazırlanır.
Ləman Məmmədova 2012-ci ildə Rusiya Federasiyasında konfransda iştirakına görə diplomla, 2016-cı ildə Rusiya Elmi-İnnovasiya Mərkəzi tərəfindən elmi tədqiqatların inkişafında roluna görə fəxri fərmanla, 2016-cı ildə Beynəlxalq konfransda iştirakına görə sertifikatla, 2017-ci ildə Rusiyada “Elm günü” münasibətilə elmi tədqiqatların inkişafındakı roluna görə diplomla, həmin ildə milli dəyərlərimizin təbliğat sahəsindəki səmərəli xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla təltif olunub.
Rəssamın çəkdiyi şəkillərə baxanda bu əsərlərin müəllifi doğma təbiətə vurğun, vətənini dərindən sevən bir yaradıcı insan, tarixi keçmişimizi gənc nəslə çatdıran nümunəvi bir müəllim kimi gözümüzdə ucalır. Əsərlərində daha çox muxtar respublikanın təbiəti, qədim dövrümüzü əks etdirən qalalar, tariximizi yaşadan Möminə xatın türbəsi, gözəl təbiət mənzərələri və natürmort janrındakı nümunələrə rast gəlmək olar. Özünəməxsus yaradıcılıq dəst-xətti olan Ləman Məmmədova Xalq rəssamı Hüseynqulu Əliyevdən dərs alan bir tələbə kimi bu gün onunla bərabər bu sənəti davam etdirir. Əsərlərində rəssamın özünəməxsus üslubu, rəng koloriti müəyyənləşib. Möminə xatın türbəsinin axşam mənzərəsini ilk dəfə Ləman müəllimə kağız üzərinə köçürməklə tarixin yaddaşına həkk edib.
Qeyd edək ki, bu yaxınlarda Naxçıvan Dövlət Universitetində rəssamın əsərlərindən ibarət sərgi təşkil olunub. Tablolarındakı canlı­lıq sərgidə iştirak edən hər kəsin zövqünü oxşayıb və incəsənətin incə, ecazkar sahəsi hesab olunan rəssamlığa vurğunluq yaradıb. Buna görə də rəssam tablolarının ictimaiyyət arasında yayılmasına yardımçı olan, bu işdə əməyi olan hər bir kəsə minnətdardır. O, yaradıcılığa yüksək qiymət verilən, yaradıcı insanlara həssaslıqla yanaşılan mühitdə yaşayıb işlədiyi üçün özünü xoşbəxt sayır. Bu cür şəraitin yaradılması bütün rəssamlarımıza yaxşı işləmək üçün stimul verir, bir-birindən məzmunlu tabloların ortaya çıxmasına səbəb olur.
Ləman Məmmədova həm də biliklərini tələbələriylə bölüşən, tələbələrinin sevimlisi olan bir müəllimdir. Tələbələrinə bildiklərini öyrətməyə daim səy göstərən Ləman Məmmədova onların hər bir uğuruna, çəkdiyi əziyyətin hədər getmədiyinə sevinir. Tələbə-müəllim münasibətlərinin düzgün qoyuluşuna nail olan rəssam tələbələrinə qarşı tələbkar olmaqla öz peşəsinin öhdəsindən bacarıqla gəlir. O, tələbələrdə özünəinamı formalaşdırmaqla gənc rəssamların özünütəsdiqinə də hərtərəfli imkan yaradır.
Yazımın sonunu məşhur rəssam Pablo Pikassonun dəyərli fikirləri ilə yekunlaşdırmaq istəyirəm. “Hələ balaca olanda anam mənə deyərdi, əgər əsgər olsan general olacaqsan, rahib olsan papalığa yüksələcəksən. Amma mən rəssam oldum və Pikasso olaraq qaldım”. Elə mən də, Ləman xanım, sizə məşhur rəssam olub tablolarınızın yüksək sərgi salonlarını bəzəməsini arzu edirəm.

Səadət ƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR