23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında yerləşən tarix və mədəniyyət abidələri yalnız Azərbaycan üçün deyil, həm də Yaxın Şərq və Cənubi Qafqaz xalqlarının tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Muxtar respublikamızdakı bir çox tarixi abidələr dünyada bənzəri olmayan mədəniyyət inciləridir. Onlardan biri də Qarabağlar Türbə Kompleksidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il 4 iyul tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalayıb. Bu sərəncam Naxçıvanda yerləşən tarix və mədəniyyət abidələrinin daimi dövlət qayğısı ilə əhatə olunduğunu bir daha təsdiq edir.

Araşdırmalar Qarabağlar türbəsində qədim və orta əsr memarlıq elementlərinin birləşdiyini təsdiq edir. Tarixi mənbələrin verdiyi məlumata görə, Qarabağlar orta əsrlərdə Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi olub. Qarabağlar ətrafında böyük orta əsr yaşayış yerlərinin, karvansarayların aşkar olunması onun tarixi İpək Yolunun üzərində yerləşməsi ilə bağlı olmuşdur. Vaxtilə bu kəndin ərazisini də əhatə edən şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Şəhər, adından da göründüyü kimi, çoxlu bağ və yaşıllıqlarla örtülmüşdü.

Bəzi mənbələrin məlumatlarına görə, şəhərin əsası XII əsrdə Şirvanşah Mənüçöhr tərəfindən qoyulub. Qarabağların Elxanilər dövründə (1256-1353) salınıb inkişaf etməsi ilə də bağlı məlumatlar vardır. Maraqlıdır ki, Qarabağlar türbəsinin də tikilməsi həmin dövrə təsadüf edir. Tədqiqatçılar türbənin ornamental xüsusiyyətlərinin Elxanilər dövründə formalaşdığını da qeyd etmişlər. Əlbəttə, türbənin xarici səthinin naxışlanmasında istifadə olunan ornamental motivlərin bir qismi yenidir və onlara Səlcuq memarlıq abidələrində rast gəlinmir. Lakin türbənin ornamental bəzəyində kökü min illər əvvələ bağlanan və müəyyən semantik məna ifadə edən ornament­lərdən də istifadə edilmişdir. Belə ornamentlərdən biri doqquz və onikiguşəli ulduzlardır. Bizcə, həndəsi ornamentlərin müxtəlif kombinasiyası doqquz və onikiguşəli ulduzların formalaşmasına xidmət etmişdir. Ornament bəzəyində səkkizbucaqlı həndəsi fiqurlar və səkkizguşəli ulduzlar da yer alır.
Qeyd etmək istəyirik ki, istər səkkiz, istər doqquz, istərsə də onikiguşəli ulduzlar astral simvolika və Azərbaycan ərazisində məskunlaşan ulu əcdadlarımızın dini inancları ilə bağlıdır. Ulu əcdadlarımız həmişə göyə və göy cisimlərinə sitayiş etmiş, onları müqəddəsləşdirmişlər. Aypara və səkkizguşəli ulduzun birlikdə təsvirinin ən qədim nümunəsinə biz Lulubi hökmdarı Anubaninin daş kitabəsində rast gəlirik. Burada Tanrının başı üzərində ay və səkkizguşəli ulduz təsviri vardır. Səkkizguşəli ulduz qadın tanrını simvolizə etmişdir. Belə təsvirlər Azərbaycanda, o cümlədən Naxçıvanda aşkar olunan qədim sənət nümunələri üzərində də vardır. Bu simvollar orta əsrlərdə simvolik bəzək nümunəsi kimi memarlığımızda geniş istifadə olunmuşdur. Həmin simvol ulu əcdadlarımızın inanclarını əks etdirir. Onların bu günədək yaşamasının sirri də budur. Bu simvollar Azərbaycan xalqının min illərdən bəri yaşayan birliyinin, bütövlüyünün və bərabərliyinin rəmzidir.
Çoxguşəli ulduzlar qədim Mesopotamiya sənətində Tanrını simvolizə etmişdir. Səma cisimlərinə, o cümlədən ulduzlara sitayiş monoteist dinlərdə də əks olunmuş, beş, altı, səkkiz, doqquz, onikiguşəli ulduzlar müxtəlif dinlərin, bəzən isə təriqətlərin simvolu olmuşdur. Belə təsvirlər əski inancların qalığı kimi Elxanilər dövrünə aid türk-monqol incəsənətində qorunub saxlanılmışdır.
Şübhəsiz ki, Elxanilər dövrünün memarlıq abidələri yerli ustalar tərəfindən yaradılmışdı. Çünki ilk monqol basqınları zamanı iqtisadiyyat və mədəniyyəti dağıdan monqollar məhz türk tayfalarının, xüsusilə bu ərazidə çoxdan məskunlaşan türk-müsəlman tayfalarının təsiri ilə mədəni nailiyyətləri və İslamı mənimsəmişdilər. Elxanilərdən xeyli əvvəl formalaşan Naxçıvan memarlıq məktəbi nümunələrində, Əlincəqaladan aşkar olunan ornament nümunələri arasında çoxguşəli ulduzlara rast gəlinir. Doqquzguşəli və onikiguşəli ulduzların seçilməsi Elxanilər dövrü memarlığının özünəməxsus xüsusiyyəti hesab oluna bilər.
Türbənin Qarabağlar kəndində tikilməsi, şübhəsiz ki, bu kəndin Elxanilər dövlətinin mühüm iqtisadi-mədəni mərkəzlərindən biri olması ilə bağlıdır. Tarixi mənbələrdən məlumdur ki, qədim dövrdən başlayaraq orta əsrlərədək Orta Asiyada yaşayan türk tayfalarının Azərbaycana axınları davam etmişdi. XIII əsrdə monqollarla birgə hərəkət edən türk tayfalarının böyük bir qismi Azərbaycanda məskunlaşmışdı.
Tədqiqatçıların fikrinə görə, “Qarabağlar” sözü qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlı olub. Bu məlumat X əsr müəllifi Konstantinin Sibirdə yaşayan kəngərlərin bir tayfasının “qarabay” adlanması barədə dedikləri ilə uyğundur. Beləliklə, Qarabağlar tayfası kəngərlərin bir qolu hesab edilir. Bu tayfaların Azərbaycan xalqının formalaşmasında böyük rolu olub. Övliya Çələbi “Səyahətnamə” əsərində Qarabağlar kəndini qədim şəhər kimi təsvir etmişdir.
Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Mütəxəssislər qoşa minarələrin XII-XIII əsrlərdə, baştağın isə XIV əsrdə tikildiyini qeyd etmişlər. Qoşa minarələrin və baştağın müxtəlif dövrlərə aid olması onların tikinti texnikasından da aydın görünür. Baştağın minarələrə sonradan əlavə edildiyi aydın şəkildə seçilir. “Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin elmi katibi M.Mirheydərzadənin fikrinə görə, qoşa minarəli baştağın üzərində ərəb dilində “Allahın bu nişanəsi türkmən Qudi xatındır” sözləri yazılmışdır. Lakin son araşdırmalar zamanı məlum olmuşdur ki, türbə Qudi xatının əmri ilə tikilmişdir. Bəzi əsərlərdə Qudi xatının Hülakü xanın arvadı olduğu qeyd edilmişdir. Lakin bəzi tədqiqatçıların fikrinə görə, baştağda adı xatırlanan Qudi xatın, yaxud Qoday xatın, ola bilsin ki, Abaqa xanın (1265-1282) arvadı olmuş Qoday xatındır. Üslub və tikinti texnikası xüsusiyyətlərinə görə türbənin tikilmə tarixi Elxani hökmdarı Əbu Səid Bahadır xanın hakimiyyət illərinə (1319-1335) aid edilir.
Türbə kompleksindəki kitabələr yaxşı saxlanmasa da, tədqiqatçıların müxtəlif illərdə apardığı araşdırmaların paleoqrafik tədqiqi türbəni inşa edən memarın adını da dəqiqləşdirməyə imkan vermişdir. Tədqiqatçıların fikrinə görə, türbənin memarı Əyyub Əlhafiz oğlu memar Əhməddir.
Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir. Sərdabə onikibucaqlının mərkəzində yaradılan xaçşəkilli quruluşa malikdir. Divarları daşdan, günbəzi isə kərpicdən inşa edilmişdir. Ümumiyyətlə, qayaüstü təsvirlərdə, xalçalarımızda, tirmələrimizdə və memarlıq ornamentləri arasında rast gəlinən xaçşəkilli işarələr Azərbaycan xalqının qədim inamları ilə bağlıdır. Qeyd etmək istəyirik ki, xaçşəkilli təsvirlərin müxtəlif formaları e.ə.VI-I minilliklərdə qədim Şərq, Azərbaycan mədəniyyətində istifadə olunmuşdur. Bu tip ornamentlər semantik anlamda dünyanın dörd tərəfinə tapınmanı simvolizə etmiş və Şərq mədəniyyətində İslamın qəbulundan sonra da istifadə olunmuşdur. Xristian dini də bu simvolu qədim Şərq mədəniyyətindən götürmüşdür. Bu baxımdan türbənin sərdabə hissəsinin bu şəkildə inşa olunması onun qədim ideologiya ilə bağlı olduğunu təsdiq edir.
Bu ideologiya, həmçinin türbənin yerüstü hissəsində öz əksini tapmışdır. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12 yarımsilindrdən ibarətdir. Yerüstü hissənin özünəməxsus xüsusiyyətlərindən biri dünyanın dörd tərəfinə – şimal, şərq, cənub və qərbə yönəlmiş dörd baştağın olmasıdır. Bu isə dünyanın dörd tərəfinə tapınma ilə bağlıdır. Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan əhalisi İslam dinini qəbul etsə də, islamaqədərki bir çox inancları da qoruyub saxlamışdır. Türbənin yerüstü hissəsində qədim və orta əsr inanclarının sintezi özünü aydın şəkildə göstərir. Türbənin səthi firuzəyi rəngli kaşılarla, həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Yarım­silindrlərin üzərində içərisində ərəb əlifbası ilə “Lə iləhə illəllah Məhəmmədən Rəsulallah” (Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur)” kəlməsi həkk edilən kvadratlar dəfələrlə təkrar olunmuşdur. Bu tip ornamentdən 1322-ci ildə inşa olunan Bərdə türbəsində də istifadə olunmuşdur. Elə buna görə də bəzi tədqiqatçılar Qarabağlar türbəsi ilə Bərdə türbəsinin memarının eyni şəxs olduğunu qeyd etmişlər. Bu bəzək elementindən Elxanilər dövrünə aid Olcaytu türbəsinin qülləsində, Orta İranda, Natanzda 1307-ci ildə inşa edilən məzar türbəsinin piramidal günbəzində, XVI-XVII əsrlərə aid Şeyx Səfiəddin kompleksinə aid tikintilərdə, Naxçıvan şəhərində XVIII əsrin əvvəllərində inşa edilən İmamzadə türbəsinin naxışlanmasında istifadə edilmişdir. Bu memarlıq bəzəyinin uzun müddət – XIV əsrdən XVIII əsrədək davam etməsi, şübhəsiz ki, bu ornamentin Naxçıvan memarlıq məktəbinə məxsus olduğunu və Səfəvilər dövründə də istifadə olunduğunu təsdiq edir. Lakin qeyd etməliyik ki, Qarabağlar türbəsi konstruksiyası ilə fərqlənir. Türbənin özünəməxsus memarlıq xüsusiyyətlərindən biri 4 baştağlı olmasıdır. Baştağların səthi kaşılar vasitəsilə həndəsi və nəbati üslubda naxışlanmışdır. Türbənin gövdəsini təşkil edən yarımsilindrlərin yuxarı hissəsində kaşılarla işlənmiş kitabələrin qalıqları saxlanmışdır. Ehtimal ki, bu kitabələr “Qurani-Kərim”dən götürülmüş kəlmələrdir. Memarlıq abidələrində və qəbirüstü monumental tikintilərdə bu tip kitabələrə rast gəlinir. Qarabağlar türbəsi konusvarı örtüyə sahib olmuşdur. Mütəxəssislərin fikrinə görə, bu örtük türbənin quruluşuna uyğun olaraq on iki yarımsilindrin birləşməsi şəklindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində aparılacaq bərpa işlərinin elmi layihəsini hazırlayarkən türbədə əks olunan qədim və orta əsr memarlıq elementlərini, habelə abidənin memarlıq üslubunu qoruyub saxlamağa çalışmışdır. Bütün bunlar deməyə əsas verir ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan türbə müvəffəqiyyətlə bərpa olunaraq orijinal görkəminə qovuşacaqdır.

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR