23 Dekabr 2024, Bazar ertəsi

Festivalın son günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında hazırlanmış tamaşanı teatrsevərlərə təqdim edib.
Böyük rus şairi A.S.Puşkinin yazdığı kiçik faciələrdən biri olan “Motsart və Salyeri” əsəri dramatizmi və psixoloji gərginliyi ilə diqqəti çəkir. İtalyan bəstəkarı Antonio Salyeri və böyük Avstriya bəstəkarı Volfqanq Amadey Motsart haqqında çoxlarına məlum olan rəvayət, bir sıra musiqi və bədii əsərlərin mövzusuna çevrilən hadisələr böyük şairin faciəsində də canlandırılıb. Salyerinin Motsartı zəhərləməsi haqqında rəvayət bu əsərin əsas mövzusudur.
Quruluşçu rejissor Nəsimi Məmmədzadə həm də səhnə əsərinə bədii və musiqi tərtibatı verərək maraqlı tamaşa yaratmağa nail olub. Salyeri kimi mürəkkəb və ziddiyyətli bir obraz Nəsimi Məmmədzadənin ifasında canlı və təbii görünür. Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov böyük bəstəkar Motsartın hərtərəfli istedadını və qeyri-adi taleyini tamaşaçıya təqdim etməyi bacarıb.

Tamaşadan sonra muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq 6-20 iyun tarixlərində keçirilən xalq teatrlarının növbəti muxtar respublika festivalına bu gün yekun vurulur. O qeyd edib ki, xalq teatrlarının bu cür festivallarda iştirakı kollektivlərin fəaliyyətini stimullaşdırıb. Ümumilikdə, xalq teatrlarının işinin daha səmərəli təşkilində, özfəaliyyət kollektivlərinə istedadlı gənclərin cəlb edilməsində belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, xalq teatrlarının kollektivləri gələcəkdə daha aktual, rəngarəng və maraqlı tamaşalarla çıxış edəcək, peşəkar teatr sənətimizə istedadlı sənət adamları qazandıracaqlar.
Nazir mədəniyyətin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirib, festivalda iştirak edən xalq teatrlarına uğurlar arzulayıb.
Sonra xalq teatrlarının bütün üzvləri tamaşadakı geyimlərində səhnəyə çıxıblar. Festivalda “Ən aktual mövzulu tamaşa” nominasiyasına Babək Rayon Xalq Teatrının “Xəcalət” tamaşası, “Ən yaxşı rejissor işi” nominasiyasına Şərur Rayon Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadə, “Ən yaxşı səhnə tərtibatı” nominasiyasına Şahbuz Rayon Xalq Teatrı, “Ən yaxşı ak­tyor” nominasiyasına Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrının üzvü Akif Əsədov, “Ən yaxşı aktrisa” nominasiyasına isə Ordubad Rayon Xalq Teatrının üzvü Günəş Ağayeva layiq görülüb. Onlara festivalın diplomları təqdim olunub.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsi festivalda iştirak edən kollektivləri fəxri fərmanla təltif edib.
Festival “Mən aktyoram” mahnısının sədaları altında başa çatıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR