Festival Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilir.
Dünən Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Xalq şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşasını nümayiş etdirib. Birpərdəli komediya obrazların sayının az olması ilə diqqəti cəlb etsə də, yumor elementləri ilə zəngindir. Tamaşa həm də mahnı və rəqslərlə şən əhval-ruhiyyə yaradır.
Tamaşada hadisələr Qafarın (aktyor Akif Əsədov) evində cərəyan edir. Çimnaz xanımı (aktrisa Maral Rzayeva) ehtiyac üzündən 16 yaşında ikən sevmədiyi Qafara ərə veriblər. Çimnaz gözəl əxlaqlı xanımdır. Qafar isə xoşagəlməz davranışı ilə onu bezdirib və yaşına uyğun olmayan hərəkətlər edir. Çimnaz xanım qulluqçusu Nabatı (aktrisa Nurdinar Kərimova) sevdiyi Əliyə (aktyor Sultan Səfərov) ərə vermək istəyir.
Çimnaz xanımın teatr həvəskarı kimi evində qurduğu oyun əsərin əsas mövzusudur. O, qulluqçusu Nabatı başa salır ki, əri Qafar evə gələndə ona desin ki, xanımın başı ağrıdığı üçün yatıb, onu narahat etməsin. Tamaşadakı gülməli hadisələr də bundan sonra başlayır.
Tamaşanın əsas ideyası və məzmunu ailədə sədaqəti və düzgünlüyü təbliğ etməkdir. Aktyorlar rolları təbii və canlı təqdim edərək sağlam gülüş yarada bilirlər. Tamaşadakı gülüş tərbiyəvi xarakter daşıyır.
Səhnə əsərində insanların dünyagörüşündə meydana gələn dəyişiklik və yeniliyin ilk nişanələri əks etdirilir ki, bu da yeni ictimai-siyasi quruluşdan irəli gələn əsas tendensiyaların ilk ünsürlərindəndir.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Akif Əsədov, musiqi tərtibatçısı Əli Məmmədovdur.
Əli RZAYEV