Naxçıvan Dövlət Universitetində 2015-2016-cı tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş ümumuniversitet elmi konfransı keçirilib.
Plenar iclası giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini yerinə yetirən Tələbə Elmi Cəmiyyəti istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Bu cəmiyyət tələbələrin nə qədər bilikli və bacarıqlı olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir.
Universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti və aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.
Bildirilib ki, hər tədris ilinin başlanğıcında fakültələr üzrə Tələbə Elmi cəmiyyətlərinin sədrləri və üzvləri seçilir, tələbələrə müxtəlif mövzular təqdim edilir, elmi rəhbərlər təyin olunur. Tədris ilinin sonuna kimi tələbələr öz elmi işləri üzərində çalışır, araşdırmalar aparırlar. İlin sonuna yaxın fakültələrdə yekun konfranslar keçirilir. Daha bacarıqlı tələbələr seçilərək diplom və hədiyyələrlə təltif edilirlər. Həmçinin qaliblər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan tələbə elmi konfranslarında iştirak etmək hüququ qazanırlar.
Mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi Aysel Əsgərli “FOREX-in mahiyyəti, əhəmiyyəti və Azərbaycan Respublikasında təşkili xüsusiyyətləri” mövzusunda məruzə edib.
Konfrans 46 bölmə üzrə işini davam etdirib.
Nərmin CABBAROVA