Ötən il fəaliyyətə başlayan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə ilkin olaraq müxtəlif siniflər üzrə 160 şagird qəbul edilib. Hazırda 150 şagird burada təhsilini davam etdirir.
Liseyə bu il üçün qəbul imtahanı başa çatıb. Qəbul imtahanında 474 şagird iştirak edib. İmtahanı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad – XXI əsr” kursu keçirib. Naxçıvan şəhərindəki 4 nömrəli tam orta məktəbdə 2 imtahan rəhbərinin nəzarəti ilə keçirilən imtahan saat 1100-da başlayıb və 1330-da bitib. İmtahanda VI sinfi bitirən şagirdlər iştirak ediblər. Şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 16, fizika üzrə 24, riyaziyyat üzrə 24, xarici dil, tarix, biologiya və coğrafiya fənlərinin hər biri üzrə 9 olmaqla, 100 sual təqdim edilib. Onların bilik və bacarıqlarını üzə çıxarmaq üçün imtahanda hərtərəfli şərait yaradılıb. İmtahan nəticələrini öyrənmək istəyən valideynlər Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə müraciət edə bilərlər.
Nərgiz İsmayılova