May ayının 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 24 binada aparılıb. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 654 abituriyentin iştirakı nəzərdə tutulmuşdu.
İmtahan saat 1100-da başlanıb və 3 saat davam edib. İmtahan 5 imtahan rəhbəri və 64 nəzarətçinin iştirakı ilə keçirilib. 2 imtahan rəhbəri və nəzarətçilər TQDK-nın Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin nümayəndələridir.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nərgiz İsmayılova