23 Dekabr 2024, Bazar ertəsi

...Məktəbliləri aparan avtobuslar dağın sinəsi ilə çəkilmiş yolla irəliləyib Ağbulaq İstirahət Mərkəzinə çatır. Şagirdlərin ən sevimli ünvanlarından birinə çevrilən bu məkan bu dəfə culfalı məktəbliləri öz qoynuna alır. Mərkəzdə şagirdlərə proqram haqqında qısa məlumat verildikdən sonra onlar əşyalarını yerləşdirib mərkəzin mini-futbol meydançasında futbol oynamağa başlayırlar.

İlk günün ən maraqlı hissəsi Naxçıvan Dövlət Uşaq Teatrı kollektivinin hazırladığı Abdulla Şaiqin “Danışan kukla” tamaşası olur. Şagirdlər bu tamaşanı böyük həvəslə izləyirlər. Səhnə əsərinin daşıdığı tərbiyəvi əhəmiyyət olduqca böyük idi. Əsər gücün, pulun, düşkün mənəviyyatın və sosial ehtiyacın canlı insanı necə kuklaya çevirdiyini göstərir. Quruluşçu rejissoru Nurbəniz Niftəliyeva olan tamaşadan sonra Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuray Rzabəyli öz fikirlərini bizimlə bölüşür. Məlumat üçün bildirim ki, Nuray məktəbin ən fəal şagirdlərindəndir. X sinifdə təhsil alır. Test-sınaq imtahanlarında 600-dən yuxarı bal toplayır. Onun dediklərindən:

– Həyatımın ən yaddaqalan günlərini yaşayıram. İlk dəfədir, belə bir istirahət mərkəzində oluram. Ümumiyyətlə, burada gördüklərim mənim üçün bir ilkdir. Tamaşa çox xoşuma gəldi. Burada insanlara fərq qoyulmadan davranılması, böyüklərin nəsihətlərinə qulaq asmaq kimi vacib məsələlər təbliğ olunur.
Söhbətimizə qoşulan Millət Hacıyev deyir ki, Culfa şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyur. Sonuncu test-sınaq imtahanında 604 bal toplayıb. Müəllimlərindən yüksək bal topladığına görə Ağbulaq İstirahət Mərkəzinə gedəcəyini eşidəndə çox sevinib. Onu da bildirir ki, gözəl istirahət edirlər.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Eldar Zeynalov fırçasını işə salır. Bir qədər sonra rəssamın göz şəkli çəkdiyi bəlli olur. Şagirdlər maraqla rəssamın əl işini izləyirlər. Eldar Zeynalov deyir:
– Gözlərimizi mütləq qorumalıyıq. Biz ətraf mühit haqqında informasiyanın 90 faizini göz vasitəsilə alırıq. Göz haqqında əldə edilən məlumatların texnologiyaya tətbiq edilməsi ilə getdikcə daha çox inkişaf etmiş video və fotokameralar, saysız-hesabsız optik sistemlər istehsal edilir. Ancaq texnologiya nə qədər inkişaf etsə də, istehsal edilən elektron alətlər gözün bəsit təqlidindən irəli getmir. Kompüter kameraları daxil olmaqla, insan icadı olan heç bir alət gözə rəqib ola bilməz.
Ərəzin kənd tam orta məktəbinin X sinif şagirdi, test-sınaq imtahanlarında 651 bal toplamış Songül İbrahimova ilə həmsöhbət oluram:
– Rəsm əsərini maraqla izlədim. Rəssam qeyd etdi ki, gözlər insan qəlbinin aynasıdır. Həkim olmaq ən böyük arzum olduğuna görə bu rəsm tablosu və aldığım məlumatlar mənim üçün yaddaqalan oldu. Ümumiyyətlə, burada gördüyümüz nə varsa, bizim üçün maraqlıdır. Naxçıvan haqqında çəkilmiş sənədli filmə baxdıq. Naxçıvanın tarixi ilə daha yaxından tanış olduq. Bundan başqa, keçirilən intellektual oyunlarda biliklərimizi sınadıq. Buradakı şagirdlər hamısı yaxşı oxuyanlardır. Aramızda güclü rəqabət var idi. Çalışdıq ki, təmsil etdiyimiz məktəbin adını uca tutaq.
Culfa şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə Rzayevanın dedikləri:
– Rayonumuzun şagirdləri burada mənalı istirahət etdilər. Onlar bir-birini tanıdılar, gözəl dostluqlar quruldu, bilik müzakirələri aparıldı. Şagirdlərin ən çox xoşuna gələn Kolanı Kənd Uşaq Musiqi Məktəbinin musiqi kollektivinin konsert proqramı idi. Şagirdlərimiz burada milli rəqslər oynadılar, mahnılar oxudular.
Culfalı məktəblilərin ikigünlük istirahəti həm müəllimlər, həm də şagirdlər tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılandı.
Məktəblilərin Ağbulaq İstirahət Mərkəzinə səfəri başa çatır. Onlara rəssam Eldar Zeynalov tərəfindən çəkilmiş rəsm əsərləri hədiyyə edilir. Şagirdlər Naxçıvan şəhərinə yola düşürlər. Qeyd edək ki, aprel ayının 2-dən start verilən layihə çərçivəsində, ümumilikdə, 405 şagirdin Ağbulaq İstirahət Mərkəzində istirahəti nəzərdə tutulub. Layihə hər həftənin şənbə və bazar günləri olmaqla, gələn ayın 5-dək davam edəcək.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR