Mayın 20-də Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turu keçirilib.
Açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin nümayəndəsi Alenina Olefya, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina iştirak ediblər.
Zona turu başlamazdan əvvəl Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin direktoru Pərvin Mirzəyeva çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb, bu sahədə qazanılan uğurlardan bəhs edib.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina qeyd ediblər ki, olimpiadanın əsas məqsədi şagirdlərin biliklərini artırmaq və iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına dəstək olmaqdır. Çıxış edənlər belə tədbirlərin Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, olimpiada iştirakçılarına uğurlar arzulayıblar.
Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin nümayəndəsi Alenina Olefya olimpiadanın qaydaları haqqında şagirdlərə məlumat verib.
Sonra 45 şagirdin iştirak etdiyi olimpiadanın zona turuna start verilib.
Qeyd edək ki, rus dili və ədəbiyyatı fənni üzrə VIII ümumrespublika olimpiadası Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Sara Əzimova