23 Dekabr 2024, Bazar ertəsi

 Ordubad şəhərindəki internat məktəbindən reportaj

Uzun illərdir, qəzetdə fəaliyyət göstərdiyimə, özüm də təhsil işçisi olduğuma görə təhsil mövzusunda onlarla məqalə yazmışam. Bu dəfə seçdiyim mövzu mənə doğma olsa da, çətinlik çəkdiyimi etiraf etməliyəm. Haradan, necə başlayacağımı bilmirəm. Çünki bu dəfə hazırlayacağım yazı qapalı bir təhsil müəssisəsi – Ordubad şəhərindəki internat məktəbi barədədir. Uzun illər bundan əvvəl bu məktəbdə olmuşdum. O zaman məktəbdə xeyli nöqsanlarla rastlaşmışdım. Yararsız vəziyyətdə olan məktəb binasında dərsin keyfiyyəti çox aşağı idi. Yataqxana şəraiti də  yaxşı vəziyyətdə deyildi. 2006-cı ildə yeni məktəb binası tikilərək istifadəyə verilib. Açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin iştirak etməsi məktəb kollektivinin böyük sevincinə səbəb olub. Yolumuz yenidən həmin məktəbədir. 

 Səhər saat 1100-da məktəbin qapısına çatırıq. Təhsil ocağının gözətçisi Əli Mirzəyev məktəb direktoruna gəldiyimizi bildirdikdən sonra içəri daxil oluruq. Bütün şagirdlər və müəllimlər məktəbin həyətinə toplaşıb. Ön sırada bir neçə həyəcanlı şagird görürəm. Məktəbin direktoru Musa Ağayev bildirir ki, sonuncu sınaq imtahanında uğurlu nəticə göstərmiş şagirdlər fəxri fərmanlarla təltif olunurlar. O biri şagirdlər bunu görəndə daha həvəslə çalışıb bu cür fərmanları almağa can atırlar, – deyən məktəb direktoru ilə söhbət edə-edə təhsil ocağına daxil oluruq. 

10 ildir ki, müasir şəraitdə fəaliyyət göstərən məktəb ilbəil uğurlarını artırır. Bu barədə bəhs etməzdən əvvəl iştirak etdiyimiz dərslərdən aldığımız təəssüratları qeyd etmək istəyirəm. Bildirim ki, burada 405 şagirdin təhsili ilə 69 müəllim və tərbiyəçi məşğul olur. Sevindirici haldır ki, məktəbdə gənc müəllimlər çoxluq təşkil edir. Elektron lövhəli otağa baş çəkirik. X sinifdə Azərbaycan tarixi dərsidir. Müəllimə Şərafət Babayeva elektron lövhədə slaydlar vasitəsilə tarixboyu yaşanılan və xalqımızın başına gətirilən müsibətləri şagirdlərin diqqətinə çatdırır. Müəllimə də həyəcanlıdır, şagirdlər də. Bunu başa düşmək çətin deyil. Bir azdan zəng vurulur. Şagirdlərlə həmsöhbət oluram. Verdiyim suallardan aldığım cavablar göstərir ki, burada şagirdlər hərtərəfli qayğı əhatəsindədirlər. Onlardan Hüseyn Abdullayevlə söhbətləşirəm. Nümunəvi şagirdlərdən biridir. Sınaq imtahanlarında 650-700 arası bal toplayır. Ən böyük arzusu kompüter mütəxəssisi olmaqdır.
Vətəni sevmək, Vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçilmiş sənət, peşə sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim də Vətən üçün yaşaya, öz əməyi ilə Vətənin şöhrətini yüksəldə bilər. Kifayətdir ki, ürəkdə təpər, istək, təəssübkeşlik olsun. Torpaqlarımızın bir hissəsinin işğal altında qaldığı bir dövrdə Azərbaycan gəncliyinin düşmənə qarşı mübarizə əzminin artırılması, onun hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi günümüzün ən aktual mövzusudur. Müstəqilliyimizin möhkəmləndirilməsi, sərhədlərimizin etibarlı şəkildə qorunması, hər şeydən əvvəl, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsini tələb edir. Bu isə onların hələ orta təhsil illərindən başlayaraq ordu sıralarında xidmətə hazırlanmasını zəruriləşdirir. Bu baxımdan gənclərin ümumtəhsil məktəblərində hərbi xidmətə hazırlanmasını nəzərdə tutan Gənclərin çağırışaqədərki hazırlığı fənninin yüksək səviyyədə tədrisi xüsusi əhəmiyyətə malikdir. İnternat məktəbində bu fənn yüksək səviyyədə tədris olunur. Nəticə etibarilə buranın şagirdləri hərbi oyunlara böyük ruh yüksəkliyi ilə hazır­laşırlar. Buna görə də onlar bu yarışlarda yaxşı nəticələr əldə edirlər. Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən Yusif Məmmədov bildirir ki, ötən il məktəbin “Dübəndi” komandası “Sərhəd” hərbi-idman oyunlarının respublika mərhələsində birinci yerə layiq görülüb və Azərbaycan Təhsil, Gənclər və İdman nazirliklərinin diplomları ilə təltif edilib. Təhsil ocağının şagirdlərinin fəal iştirak etdikləri belə yarışlar Azərbaycan gəncliyinin Vətənə daha möhkəm tellərlə bağlılığının sertifikatına, daha aydın desək, milli koduna çevrilməsinə, onların işğal olunmuş torpaqlarımızın xilası naminə vahid ideya mərkəzində birləşməsinə öz müsbət təsirini göstərir. Bu yarışların fəal iştirakçısı Zaur Əhmədlinin dediklərindən:
– Sədərək rayonunda anadan olmuşam. Beşinci sinifdən internat məktəbində təhsil alır, burada da qalıram. Gözümü sərhəd bölgəsində açmışam. Uşaqlıq illərim sərhəd bölgəsində keçdiyinə görə düşmənlərin bizə çəkdirdiklərini çox eşitmişəm. Hər zaman bu hisslərlə yaşamışam ki, düşməndən intiqam alım. Torpaqlarımız azad olunsun. İki ildir, bu hisslərlə hərbi-idman oyunlarında iştirak edir, qələbə qazanırıq. Bir gün bu qələbəni düşmən üzərində qazanacağıq. Bu günlərdə torpaqlarımız uğrunda gedən döyüşlərdə neçə gənc şəhid oldu. Onların qanı yerdə qalmayacaq.
Zaur dərslərinin hamısını yaxşı oxuyur. Bu il qəbul imtahanında iştirak edəcək. Sınaq imtahanlarında 450-500 arası bal toplayır. Bu nəticəni daha da yüksəldib istədiyi universitetə qəbul olmağı qarşısına məqsəd qoyub.
Sinifdəki şagirdlərin çöhrələrinə gözüm sataşır: hamısının baxışlarından inam, mərdlik, mübarizlik sezilir. Onlar Vətənin müdafiəsinə hər an hazırdırlar. Həmsöhbət olduğum gənclər müstəqil Azərbaycan dövlətinin keşiyində ləyaqətlə duracaq, ərazi bütövlüyümüzün qorunması, ölkəmizin yüksəlişi, qüdrətlənməsi naminə var-qüvvələri ilə çalışacaqlar.
Məktəbdə fiziki tərbiyə dərslərinin yüksək səviyyədə keçilməsini də müşahidə edirəm. Buna görə də məktəbin idman yarışlarında qazandığı uğurlar da az deyil. İdman meydançasında şagirdlərə fiziki tərbiyə fənnini böyük həvəslə tədris edən gənc müəllimlərdən Cəbrayıl Hüseynov ötən dərs ilindən bu məktəbdə çalışır. O deyir:
– Uşaqlıqdan idmana böyük həvəsim olub. İdman insanları təşəbbüskarlığa, əməksevərliyə, səbrə, iradəli olmağa, dözümə sövq edir. İdman insanda özünə, öz gücünə arxalanmaq, komanda yoldaşına yardım göstərmək, ən başlıcası isə Vətəni sevmək kimi vacib keyfiyyətləri formalaşdırır. Buna görə də mən bu fənni yüksək səviyyədə tədris etməyə çalışıram. Şagirdlər fiziki tərbiyə dərslərinə böyük maraqla yanaşırlar. Dərsdən sonra onların müxtəlif idman növləri ilə məşğul olmasını da diqqətdə saxlayırıq.
Şahmat müəllimi Sevda İsmayılova şagirdlərə bu oyunun sirlərini öyrədir. O deyir ki, şahmat möcüzəli bir oyundur. Bu idman növü hələ uşaq vaxtından insanda qalib gəlmək əzmini formalaşdırır, insanın zehni inkişafında mühüm rol oynayır. Şahmatı təkcə idman növü kimi yox, eyni zamanda insanın məntiqini zənginləşdirən elm kimi də qəbul etmək lazımdır. Bütün bunları nəzərə alaraq şahmatı yüksək səviyyədə şagirdlərə mənimsədirik. Uğurlarımız da çoxdur. Şagirdlərimizdən Zahir Babayev, Nurlan Babayev, Elnar Zeynalov, Şövkətxanım Babazadə və başqaları şahmat üzrə turnirlərdə uğurlu nəticələr qazanırlar.
Məktəbdə təmin olunmuş yüksək nizam-intizam qazanılan uğurların başlıca səbəbidir. Ən böyük uğurlardan biri təhsil ocağının 2007-2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmasıdır. Məktəb qəbul imtahanlarında da yüksək nəticələr əldə edir. Ötən tədris ilində məktəbi 13 nəfər bitirib. Onlardan 12-si müxtəlif ali məktəblərə, biri isə orta ixtisas məktəbinə qəbul olunub. 5 nəfər 500-700 arası intervalında bal toplayıb.
Təhsil elə bir sahədir ki, burada dövlətin qayğısı və əməli fəaliyyət mühüm rol oynayır, müəllim əməyi, müəllim biliyi, pedaqoji ustalıq tələb olunur. Bunu kollektiv dərindən dərk edir, məktəbdənkənar və sinifdənxaric tədbirlərin keçirilməsinə böyük önəm verir, dərsdən sonra şagirdlərin hazırlığı ilə məşğul olmaq üçün onları hazırlıq qruplarına cəlb etmək diqqətdə saxlanılır. Təhsil ocağının pedaqoji kollektivi şagirdlərin adlarının tələbələr sırasında olması üçün var-qüvvəsi ilə çalışır. Bir məsələni də xüsusi qeyd edək ki, müəllimlər şagirdlərin milli dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik, dünyagörüşlü gənclər kimi yetişdirilməsinə ciddi yanaşırlar. Məktəbin bir neçə müəllimi dövlətin ən yüksək mükafatlarına layiq görülüb. Rəhimə Ramazanova, Dilarə Mustafayeva, Tahirə Rzayeva, Nərgiz Həsənəliyeva və başqalarının adlarını nümunəvi müəllimlər sırasında çəkə bilərik. Həmin müəllimlərdən biri, tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan Respublikasının Əməkdar müəllimi Mehman Vəlibəyovla həmsöhbət oluram:
– Bilirsiniz ki, məktəbimiz digər təhsil ocaqlarından fərqlənir. Şagirdlərimiz məktəbdə təhsil almaqla yanaşı, həm də burada qalırlar. Bunun məsuliyyəti böyükdür. Onların hərtərəfli böyüməsi üçün səfərbərik. Məktəbi bitirən gənclərin cəmiyyətdə öz yerini tutması üçün əlimizdən gələni edirik. Bunun üçün bizə hər cür şərait yaradılıb.
Məktəbin direktoru Musa Ağayev söhbətimizə qoşulur. O, rəhbərlik etdiyi məktəbdə qazanılan uğurların səbəblərini həm də məktəb kollektivinin işinə məsuliyyəti ilə izah edir. Bildirir ki, dövlət qayğısı, yaradılan şərait və tədris işinə məsuliyyət hissi məktəbimizdə vəhdət təşkil edir. Əldə edilən nəticələrin artırılmasında məktəbdənkənar tədbirlərin, xüsusilə test-sınaq imtahanlarının obyektiv formada keçirilməsinin böyük əhəmiyyəti var. Hər sınaq imtahanının nəticələri müəllimlərlə birgə müzakirə olunur.
Artıq nahar vaxtı çatıb. Dərsi bitən şagirdlər yeməkxanaya gəlirlər. Biz də yeməkxanaya daxil oluruq. Baş aşpaz Kamilə Mailova deyir ki, məktəbin şagirdləri sağlam qida ilə təmin olunurlar. Hər gün yeməkxananın növbətçi müəllim və şagirdləri olur. Elə bu anda iki qardaş diqqətimdən yayınmır. Onlar mənə tanış gəlir. Uran və Ural Əmir­ov əkiz qardaşlarını Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzindən tanıyıram. İndi onlar V sinifdə oxuyurlar. Bu gün yeməkxanada onlar növbətçidirlər. Uranla ayaqüstü söhbət edirəm. Məktəbini çox sevir. Dərslərini də əla oxuyur. Sınaq imtahanlarında 500-dən yuxarı bal toplayır. Sual verirəm: – Böyüyəndə hansı ixtisasa yiyələnmək istəyirsən? Verdiyi cavab: – Riyaziyyat müəllimi. Çünki qayıdıb öz məktəbimizdə mənim kimi uşaqlara dərs demək istəyirəm.
Məktəbdə olduğum vaxt burada uşaqlara qarşı dərin doğmalıq və mehribanlıq hiss etdim. Nahar vaxtı tərbiyəçi müəllimlər şagirdlərə öz övladları qədər qayğı və nəvazişlə yanaşırdılar.
Saat 1900. 60 nəfər şagird yataqxanaya üz tutur. Bu şagirdlərdən kimisi hər iki valideynini, kimisi valideynlərindən birini itirib. Kimisi valideynləri tərəfindən tərk edilib. Yataqxanada onlarla bir saat vaxt keçirdik, söhbət etdik. Dəhlizdə sinif yoldaşlarına nə isə həvəslə danışan Coşqun Sadiqov bildirdi ki, “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Bakı şəhərində olub. Onun dediklərindən:
– Sədərək rayonundanam.VII sinifdən bu məktəbdə təhsil alıram. Məktəbə gələndə bura alışmaqda çox çətinliklər yaşadım. Amma sonralar buranı evimiz qədər doğma hiss elədim. Bizə hər cür diqqət göstərilir. Xəstələnəndə belə, müəllimlərimiz və dayələrimiz bizə ana münasibəti bəsləyirlər. Biz şagirdlər də dərslərimizə yaxşı çalışırıq. XI sinifdə təhsil alıram. 550-dən yuxarı bal toplayıram. Dövlətimiz bizim bütün qayğılarımızı öz üzərinə götürüb. Ona görə biz də həyatımızı düzgün qurmalıyıq.
Saat 2100-ı göstərir. Növbətçi dayələr işıqları söndürür. Sakitlik çökür ətrafa. Bu sakitlikdə 60 ürəkdən nələr keçdiyini duymaq istəyirəm. Ancaq bu istəyin çətinliyini başa düşürəm. Bununla belə sevinirəm ki, bu gül balalar nə kimsəsizdirlər, nə də tək. Onların sağlam böyüməsi, biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişməsi, üzləşdikləri çətinliklərin həll olunması diqqətdə saxlanılır. Onların hər günü, hər saatı, hər dəqiqəsi dövlətin nəzarətindədir. Onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı əhatəsindədir. Heç şübhə yoxdur ki, bu gənclərimiz yaxşı oxuyacaq, həyatlarını düzgün quracaq, dövlətimiz üçün layiqli vətəndaşlar kimi yetişəcəklər.

Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR