May ayının 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 27 binada aparılıb. Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 743 abituriyent iştirak edib.
6 imtahan rəhbəri və 75 nəzarətçinin rəhbərliyi ilə keçirilən imtahan saat 1100-da başlanıb və 3 saat davam edib.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Sara Əzimova