Mayın 13-də AMEA Naxçıvan Bölməsində Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin “Kimya tarixi” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb, yeni kitabın işıq üzü görməsi münasibətilə müəllifi təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Kimya tarixinə dəyərli töhfə” mövzusunda məruzə edib. Bildirilib ki, Bayram Rzayev öz ixtisası, kimyaçı kadrların yetişdirilməsi sahəsində məhsuldar fəaliyyət göstərən alimlərimizdən biridir. Onun kimya elminin müxtəlif elmi-nəzəri məsələləri ilə bağlı işıq üzü görən kitabları maraqla qarşılanıb. Bayram Rzayev yaşının bu çağında da gənclik həvəsi ilə öz axtarışlarını davam etdirir.
Müəllifin yeni çapdan çıxmış “Kimya tarixi” kitabı da elmə verilmiş dəyərli töhfədir. Uzun illərin axtarışları ilə ərsəyə gətirilən kitabda kimya elminin keçdiyi inkişaf mərhələləri öz əksini tapıb. Bu baxımdan “Kimya tarixi” kimya ixtisası üzrə təhsil alan tələbələr, bu ixtisas üzrə çalışan müəllimlər üçün dəyərli vəsaitdir.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Təbii Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova, həmin institutun laboratoriya rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev çıxış edərək kitabın elmi məziyyətləri barədə danışıblar.
Nərgiz İsmayılova