Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq İstirahət Mərkəzi artıq məktəblilərin sevimli ünvanına çevrilib. Bu ilin aprel ayının əvvəllərindən sınaq imtahanlarında yüksək nəticələr göstərənlərin və aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzində istirahətinə start verilib. Mərkəzin budəfəki qonaqları Ordubad rayonunun məktəbliləri idi. Qeyd edək ki, bu layihə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, muxtar respublika Təhsil, Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən həyata keçirilir. Növbəti səfərdə biz də mərkəzdə olduq, müəllim və şagirdlərin təəssüratlarını öyrəndik.
Selcan ZEYNALOVA – Xanağa kənd tam orta məktəbinin riyaziyyat-informatika müəllimi: – Muxtar respublikada son illərdə məktəblilərin, yeniyetmə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların dövlətçiliyimizə və müstəqilliyimizə sədaqət ruhunda tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkili üstün istiqamət verilən sahələrdən birinə çevrilib. Təbii ki, bu da hər birimizi ürəkdən sevindirir. Burada həm biz müəllimlərin, həm də şagirdlərin istirahəti yüksək səviyyədə təşkil edilib. Şagirdlər burada mərkəzlə yaxından tanış oldular. İki gün ərzində şagirdlərdə böyük sevinc, ruh yüksəkliyi hiss etdim. Burada təşkil edilən müxtəlif tədbirlər uşaqların qabiliyyət və yaradıcılıq potensiallarının inkişafına müsbət təsir göstərir, onları daha yaxşı oxumağa həvəsləndirir. Uşaqların əhval-ruhiyyəsindən də yaxşı görünür ki, onların bura gəlməsi yaxşı istirahət etmələri ilə bərabər, yaradıcılıqlarını inkişaf etdirmələrinə səbəb olub. Belə istirahətlərin təşkilini ölkəmizin gələcəyinə göstərilən qayğı kimi dəyərləndirirəm.
Nuray RZAYEVA – Ordubad şəhərindəki internat məktəbinin şagirdi: – VIII sinifdə təhsil alıram. İlk dəfədir ki, belə bir mərkəzdə istirahət edirəm. Mənim üçün həyatımın ən yaddaqalan günlərindən biridir. Şahbuz rayonunun səfalı təbiəti haqqında ancaq kitablarda oxumuş, televiziyada bir neçə veriliş izləmişdim. Ümumiyyətlə, Naxçıvanın bölgələrini gəzmək, görməli yerləri ilə tanış olmaq çoxdankı arzum idi. Ağbulaq İstirahət Mərkəzinə gedəcəyimi eşidəndə çox sevindim. Yolboyu yurdumuzun gözəlliklərini izlədim. Şahbuzun, həqiqətən də, gözəlliklər diyarı olduğunu gördüm. Mərkəzdə çox sayda həmyaşıdlarımla tanış olmaq imkanı əldə etdim. Onlarla yaxşı vaxt keçirdik, gördüklərimiz və öyrəndiklərimiz barədə xeyli söhbət etdik. Buraya gələn şagirdlərin hamısı yaxşı oxuyan uşaqlardır. Sonuncu sınaq imtahanında 625 bal toplamışam. Gələcək imtahanlarda bu nəticəni bir qədər də artırmağa çalışacağam ki, mənə göstərilən etimadı doğruldum.
Fərid ƏLİYEV – Behrud kənd tam orta məktəbinin şagirdi: – Mən X sinifdə təhsil alıram. Burada yaxşı istirahət edirəm. Ötən il bu istirahət mərkəzinə şagirdlərin gəldiyini eşitmişdim. Bu dəfə Ağbulağa mənim də gedəcəyimi eşidəndə çox sevindim. Bu istirahət mərkəzi çox gözəldir. Hər yer təmiz, səliqəlidir. İstirahət üçün çox gözəl şərait yaradılıb. Müxtəlif idman yarışlarının keçirilməsi ürəyimcə oldu. Burada komandalar təşkil edib futbol oynadıq. İki gün ərzində vaxtın necə gəlib keçdiyini hiss etmədim. İntellektual oyunlarda biliklərimizi ortaya qoyduq, oxuduqlarımızı daha da möhkəmləndirdik. Bütün bu tədbirlər bizim yaxşı oxumağımız üçün təşkil edilir. Təbii ki, biz də bunun müqabilində daha yaxşı oxumalıyıq.
Fatma HÜSEYNLİ – Unus kənd tam orta məktəbinin şagirdi: – IX sinif şagirdiyəm. Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir ki, gəlirəm. Əvvəlcə mərkəzlə yaxından tanış olduq. Daha sonra nahar yeməyinə yollandıq. Burada bizə milli mətbəximizin ləziz yeməkləri təqdim olundu. Nahardan sonra müxtəlif idman yarışlarında iştirak etdik. Daha sonra rəssam bizə ustad dərsi keçdi. Rəssam Ağbulağın füsunkar mənzərələrini kətan üzərinə köçürərək etüd janrında çəkdiyi rəsm əsəri haqqında bizə ətraflı məlumat verdi. Mərkəzdə təşkil olunmuş şahmat və dama turniri də bizim diqqətimizi çəkdi. Burada olduğumuz müddətdə heç darıxmadıq. Bu tədbiri təşkil edənlərə minnətdarlığımızı bildiririk.
Hazırladı: Sara Əzimova