Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda respublika konfransı keçirilib.
AMEA Naxçıvan Bölməsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun nümayəndələrinin və muxtar respublikanın orta məktəblərində çalışan qabaqcıl müəllimlərin iştirak etdikləri konfransın plenar iclasını institutun rektoru, professor Oruc Həsənli açıb. O bildirib ki, Azərbaycan təhsilinin inkişafı, dünya təhsilinə inteqrasiyası görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə təhsilin müasir tələblər səviyyəsində qurulmasına böyük önəm verib, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirib.
Vurğulanıb ki, “Təhsil millətin gələcəyidir”, – deyən görkəmli dövlət xadimi təhsildə yeni uğurlar qazanmaq üçün həmişə müasir metodların, yeni texnologiyaların, dünya təcrübəsinin tətbiqini diqqətdə saxlamağı tövsiyə edirdi. Odur ki bu gün Azərbaycan təhsilində əldə olunmuş nailiyyətlərə görə xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.
Rektor diqqətə çatdırıb ki, təhsil insanlara texnologiyaları çevik mənimsəmək və ömürboyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Ona görə də müasir tələblərə cavab verən dərs haqqında düşünən müəllim öyrənənləri elə zəruri biliklə təmin etməlidir ki, hər bir fərd sərbəst olaraq qloballaşan dünyamızda informasiya cəmiyyətinin fəal üzvü olmaq üçün texnologiyaları çevik mənimsəmiş olsun. Tədrisdə pedaqoji texnologiya təlim prosesinə yeni baxışdır. Müasir pedaqoji texnologiya tədris prosesinin ənənəvi təlimdən fərqli olaraq yüksək səviyyədə idarə olunmasını təmin edir. Praktik planda pedaqoji texnologiya öyrədənin hər hansı bir texnoloji cəhətdən hazırlanmış metodlar və priyomlar sistemini, eləcə də tərbiyə işinin metodikasını və metodlarını əks etdirir.
Hər bir istiqamət üzrə texnoloji mahiyyətin anlayış baxımından şərhinə ehtiyac vardır. Təcrübə göstərir ki, müəllim hər hansı mövzunu tədris edərkən pedaqoji texnologiyaların tətbiqində çətinliklərlə üzləşir. Bunun nəticəsi olaraq öyrənənlərin təlim məqsədlərinə yiyələnmələri təmin olunmur. Tədris prosesində bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün həyata keçirilən bütün zəruri əməliyyatlar təlim texnologiyasına daxildir. Yaranan münasibətlərin (nisbi, sabit və müntəzəm olaraq) məqsədyönlü formalaşdırılması üçün aparılan əməliyyatların məcmusu tərbiyə prosesinin texnologiyasıdır.
Oruc Həsənli bildirib ki, inkişaf təlim və tərbiyə texnologiyası ilə sıx əlaqədardır. Əqli bacarıqların formalaşması psixi inkişaf, fiziki bacarıqların formalaşması isə fiziki inkişaf olaraq dəyərləndirilməlidir.
Qeyd olunub ki, tədrisdə müasir pedaqoji texnologiyaların tətbiqi bu məsələlərin həllinə yönəlmiş fəaliyyətin əvvəlcədən layihələşdirilərək planlı və ardıcıl həyata keçirilməsi prosesidir. Müasir pedaqoji texnologiya müəllimin fəaliyyətinin uğurla həyata keçirilməsini təmin edən elmi layihələşdirmədir. Daha dəqiq desək, müasir pedaqoji texnologiya tədrisin həyata keçirilən prinsiplərinin obyektiv qarşılıqlı əlaqədə ardıcıl həyata keçirilməsini reallaşdıran metodikasıdır.
Plenar iclasda Naxçıvan Dövlət Universitetinin professoru Elbəyi Maqsudovun “Azərbaycan dili və vətənimizə məhəbbət hissinin aşılanmasında ulu öndər Heydər Əliyev irsindən istifadə”, Naxçıvan Müəllimlər İnstitutunun müəllimləri, filologiya üzrə fəlsəfə doktoru Fəxriyyə Cəfərovanın “Heydər Əliyev və nitq mədəniyyəti”, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Allahverdiyevanın “İbtidai siniflərdə Heydər Əliyev irsinin öyrənilməsində dərsliklərin rolu”, Culfa rayonunun Saltaq kənd tam orta məktəbinin müəllimi Arif Nuriyevin “Folklorumuzda zəif və ya təhrif olunmuş bəzi nümunələr haqqında” mövzularında məruzələri dinlənilib.
Sonra konfrans öz işini “Heydər Əliyev və müasir təhsil”, “Yeni pedaqoji texnologiyalarda pedaqogika və psixologiyanın rolu”, “Təhsilin müasir tələbləri və tərbiyə məsələləri”, “Fənlərin tədrisi texnologiyaları” adlı bölmə iclasları ilə davam etdirib.
Muxtar Məmmədov