23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində “Müasir arıçılıq: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda universitetin müəllim və tələbələri ilə yanaşı, muxtar respublikanın müvafiq dövlət orqanlarının nümayəndələri, ölkəmizin digər ali təhsil ocaqlarından, həmçinin Türkiyənin İqdır Universitetindən dəvət olunan alimlər, arıçı sahibkarlar iştirak ediblər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov beynəlxalq elmi-praktik konfransı giriş sözü ilə açaraq Azərbaycanda qədim tarixə malik arıçılığın əsas aqrar sahələrdən biri olduğunu bildirib. Qeyd olunub ki, muxtar respublikada bu sahə uzun illərdir, inkişaf etdirilir və zəngin təcrübə qazanılıb.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev regionda arıçılığın inkişafından və bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasında arı ailələrinin artırılması, eləcə də məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Bu sahənin inkişaf etdirilməsi üçün son beş ildə banklar tərəfindən arıçılıqla məşğul olan sahibkarlara 2 milyon 313 min manat həcmində kreditlər verilib. Bütövlükdə, 2000-2015-ci illər ərzində dövlətin maliyyə dəstəyi ilə arıçılıqla bağlı 103 layihə həyata keçirilib, Sahibkarlığa Kömək Fondunun güzəştli kreditləri hesabına 16000-dən artıq arı ailəsi alınıb. Elşad Əliyev qeyd edib ki, 2016-cı il 1 yanvar tarixinə arı ailələrinin sayı 70 min 396-ya çatdırılaraq bir il öncəki göstəricini 1,4 faiz üstələyib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya kafedrasının professoru Rauf Sultanov “Naxçıvan Muxtar Respublikasında arıçılığın yetişdirmə istiqamətində inkişaf perspektivləri” mövzusundakı məruzəsində bildirib ki, muxtar respublika Azərbaycanın yeganə bölgəsidir ki, burada bütün sahələrdə olduğu kimi, arıçılığın da inkişafı ön plana çəkilir, eyni zamanda bölgənin əlverişli iqlimi arıçılığın inkişaf etdirilməsinə böyük təsir göstərir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov “Arı xəstəlikləri ilə mübarizə tədbirləri” mövzusundakı məruzəsində arıçılığın gəlirli sahəyə çevrilməsi üçün arı ailələrinin bəslənməsi, çoxaldılması, məhsuldarlığın artırılması məqsədilə arı xəstəliklərinin vaxtında aşkarlanması, yaranma səbəblərinin aydınlaşdırılması və onlara qarşı mübarizə tədbirlərindən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin Təməl tibb fənləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov “Arıçılıqda mövsümi işlər” haqqında məruzə edib. Bildirib ki, respublikamızda arı xəstə­likləri haqqında bir neçə ədəbiyyat nəşr olunsa da, arı xəstəliklərinin aşkar edilməsi, onlara qarşı mübarizə vasitələrinin daim yenilənməsi, profilaktik tədbirlərin aparılması yeni elmi ədəbiyyatların yazılmasını və arıçıların məlumatlandırılmasını tələb edir.
Konfransda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, təkliflər dinlənilib, bu sahədə olan problemlərin aradan qaldırılması yolları müzakirə olunub.
Beynəlxalq konfransda arıçılığa aid Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hazırladığı film, eyni zamanda universitet əməkdaşlarının arıçılıq sahəsinə aid kitablarından ibarət sərgisi nümayiş etdirilib.
Beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev iştirak edib.
Konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs, Culfa rayonunun Gülüstan kəndlərində şəxsi arıçılıq təsərrüfatlarına baxıb, arıçılıq məhsullarının emalı prosesi ilə tanış olublar.

Mina Qasımova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR